12px13px15px17px
Tarix:30/08/12

Azərbaycanda “Ağıllı ev” sisteminin tətbiqinə başlanılıb

Dünyanın inkişaf etmiş ölkələrində geniş yayılan “Ağıllı ev” (Smart House) texnologiyası artıq Azərbaycanda da tətbiq olunmağa başlanılıb. Beləliklə, artıq Azərbaycan vətəndaşları da bu müasir texnologiyanın üstünlüklərindən faydalana biləcəklər.

“Ağıllı ev” avtomatlaşdırmanın yüksək dərəcəsini və tikilinin bütün sistemlərinin saz vəziyyətdə işləməsini təmin edən mühəndis şəbəkələrinin və intellektual idarəetmə sisteminin cəmidir. 

Bu müasir evin yaradılması resursları optimal şəkildə bölüşdürməyə, istismar xərclərini azaltmağa və ev sahibi üçün evdə olan bütün texnika və mühəndis şəbəkələrinin tam və rahat idarə olunması imkanını verir. “Ağıllı ev” əvvəlcədən yazılmış ssenari üzrə yaşayır, öz sahibini gündəlik işlərin əziyyətindən azad edir və onun həyatını daha rahat və sürətli edir.

Sadə dillə desək,  “Ağıllı ev” ev və məişət cihazlarının növbəli və zamana görə uzaqdan idarəetmə ilə işə düşməsi və işinin dayandırılmasını həyata keçirən yaşayış zonasıdır. Uzaqdan idarəetməni evdən, hətta ölkədən kənarda olduqda mobil telefonla və internetlə, evdə olarkən isə idarəetmə pultu vasitəsilə həyata keçirmək mümkündür.  

Belə ki, bu sistem vasitəsilə yanğından mühafizə, yanğınsöndürmə, qapı-pəncərələrin açılıb-bağlanması, işıq sisteminin, su filtrinin idarə edilməsi, hətta yeməyin bişirilməsinə belə kənardan müdaxilə etmək olur. Sözügedən texnologiya  pult vasitəsilə mənzilin istənilən nöqtəsinin temperaturunu tənzimləmək  imkanını da təqdim edir.

 Çoxsaylı videofonlar isə evin və həyətin hər bir nöqtəsini videomüşahidə etməyə imkan verir.  İntellektual dispetçerləşdirmə sistemi özü təhlükənin mənbəyini üzə çıxarır, onu minimum həddinə salır və köməyə çağırır, həmçinin öz sahibini və təcili reaksiya xidmətini məlumatlandırır. Bu müasir sistem  100% təhlükəsizliyi təmin edir.

Sadalanan xüsusiyyətlərlə yanaşı, sahibinin istirahətini təmin edən ev kinoteatrı ilə birləşən universal otaq sistemi, “Ağıllı ev”in vizit kartına çevrilib. Bu sistem yüksək keyfiyyətlə filmə baxmaq, musiqiyə qulaq asmaq və digər xidmətlərdən istifadə imkanı  yaradır.  Bir sözlə, “Ağıllı ev” öz sahiblərinə sərhədsiz rahatlıq bəxş edir.

CAHANGİR




Baxış sayı: 4723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024