12px13px15px17px
Tarix:15/10/12

“Beyin axını”na qarşı yeni sistem – innovativ mükafatlandırma sistemi işlənib hazırlanır

Yeni ideyaların tüğyan etdiyi qloballaşan dünyada əməyin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ona görə də AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) əməyin qiymətləndirilməsi üçün yeni sistem – innovativ mükafatlandırma sistemi işlənib hazırlanır.

“ICTnews” elektron xəbər xidmətinin bildirdiyinə görə, bu barədə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-də keçirilən Həmkarlar Komitəsinin 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat-seçki yığıncağında məlumat verib.

Direktor bu sistemin elmi tədqiqatlarda yüksək nəticələrin əldə edilməsi, yeni ideyaların bərqərar olması, xüsusən də bir çox ölkələrin akademiya sistemində müşahidə edilən “beyinlər axını”nın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb: “Bu gün elmi innovativ fəaliyyətin yüksək səviyyədə təşkilində aparıcı qüvvələrdən olan gənc alim və tədqiqatçılara stimul verilməsi mühüm şərtdir”. Alimin sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutunda əldə edilmiş nailiyyətlər XXI əsrdə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda elmi-texniki sahənin innovativ tərəqqisinə, biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət almasına xidmət edir.

R.Əliquliyev biliklər cəmiyyətinin formalaşmasının elmi-tədqiqatlarda innovasiyaların geniş tətbiqi, milli kadr hazırlığı, texnoparkların formalaşması və s. əsaslandığını söyləyib. Bundan başqa, alim institutun informasiya cəmiyyətinin bərqərar olması istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunların qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində bilavasitə iştirak etdiyini bildirib. İTİ-də sağlam mühit və kollektivin formalaşdığını vurğulayan R.Əliquliyev bu işdə böyük əməyi olan komitənin 4 illik fəaliyyətini yüksək qiymətləndirib, yeni seçiləcək tərkibə müvəffəqiyyətlər arzulayıb.


HƏQİQƏT




Baxış sayı: 1515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024