12px13px15px17px
Tarix:22/12/12

İlk masaüstü elektron kalkulyator

Təsəvvür edin ki, pulsuz elanlar qəzetinin vakansiya sütununda  belə bir "cəlbedici" təklifə rast gəlirsiniz: "Kalkulyator operatoru tələb olunur. Karyera nərdivanında irəliləmək mümkündür". Çox güman ki siz bunun növbəti fırıldaq olduğunu hesab edəcəksiniz. Lakin Böyük Britaniyada ötən əsrin qırxıncı illərində belə elanlar adi hal sayılırdı. Bundan başqa, "kalkulyator operatoru" peşəsinə böyük tələbat var idi və karyera nərdivanında irəliləmək doğrudan da mümkün idi. Bu ona görə mümkün idi ki, Britaniyanın "Control Systems Ltd" holdinqinə daxil olan nüfuzlu "Bell Punch Company" şirkəti "kalkulyator operatorları"nın işə götürəni qismində çıxış edirdi. Onun müştəriləri arasında həm hərbi, həm də dövlət idarələri var idi.

Ona görə də "ANITA" adlı birinci stolüstü elektron kalkulyatorun məhz "Bell Punch Company" şirkətinin tədqiqat bazasında hazırlanmasında təəccüblü heç nə yoxdur.

Digər şirkətlərin "Bell Punch Company"-dən hazırda ən populyar fərdi hesablama maşınının hazırlanması üzrə birinciliyi əldən almağa çalışmasına baxmayaraq, onların hamısının əslində davamçı rolunda olmasını etiraf etmək lazımdır. Axı "ANITA"-nın patentləri və rəsmi şəkildə qeydə alınmış sərgi nüsxələri mövcuddur. Buna baxmayaraq, "birinci stolüstü elektronun…" tarixi elektronikadan və hətta kalkulyatordan əvvəl başlayıb. Axı "punch" sözü (deşikaçan, komposter) "Bell Punch Company" şirkətinin adında təsadüfən meydana çıxmayıb.

Komposterdən "adding machine"-ə kimi. Yüksəliş, birləşmə və satış

19-cu əsrin 70-ci illəri. Britaniya imperiyasında ictimai nəqliyyatının inkişafı cəmiyyətin sənayeləşməsi ilə əlaqədar yeni mərhələyə qədəm qoyurdu. İngiltərə şəhərlərinin küçələrində at-araba nəqliyyatı getdikcə daha az gözə çarpırdı. Əvəzində təzə çəkilmiş relslərdə tramvaylar "guruldayır", yollarda isə faytonları (motorlu nəqliyyat, Fransada ixtira edilib) daha tez-tez görmək mümkün idi.

Yeni nəqliyyat növlərinin populyarlığının artmasına baxmayaraq, ödəmə sistemində heç bir razılaşma mövcud deyil. Şəhərlərin müxtəlif bələdiyyə dairələri öz tarif planlarını tətbiq edirlər, tramvay və ya faytonla Londonun bir neçə rayonunu keçən sərnişin çox vaxt gediş haqqını bir neçə dəfə ödəməli olurdu.

1878-ci ildə Böyük Britaniyanın tramvay şirkətləri nəqliyyat yeniliklərinin aktiv şəkildə tətbiqinə mane olan bu problemi aradan qaldırmaq üçün yeni "Bell Punch Company" şirkətinin əsasını qoyurlar.


"Bell Punch Company"-nin yaradılması tramvay komposterlərinin patentləşdirilməsi ilə bağlı idi





Britaniya tramvaylarında işləyən konduktorlar

Onun yaradılmasında yeganə məqsəd gediş biletlərinin çap edilməsi texnologiyasının reallaşdırılması və "ticket punch" istehsalı üçün amerikanın "Williamson" şirkətindən patent hüquqlarının əldə edilməsi idi.

Artıq "punch" maşınlardan istifadə edən konduktorlar sərnişinlərin gedişlərini qeydə alırdılar, rəngli biletlər vasitəsilə isə müxtəlif tarif zonaları üzrə keçid problemi aradan qaldırıldı.

Gənc "Bell Punch Company" şirkətinin "punch" biznesi olduqca gəlirli idi, çünki ictimai nəqliyyat yalnız Londonda deyil, həm də imperiyanın digər şəhərlərində populyarlaşırdı. "Ticket punch", həmçinin kinoteatr, stadion, cıdır meydanlarında da istifadə edilməyə başladı. Bu isə yeni bazar və əlbəttə ki daha çox gəlir demək idi.

1884-cü ilə şirkətin başlanğıc kapitalı 3 dəfə artaraq 100 min funt sterlinq təşkil edirdi. "ticket punch", "automaticket"-in təkmilləşdirilmiş versiyasının (onları çiyin üzərindən ataraq kəmərə taxmaq mümkün idi) bazara çıxarılması gəliri daha da artırdı.


 



"Bell Punch" istehsalı olan komposterlərin qabaqcıl modelləri

"Bell Punch Company" şirkətinin istehsal obyektlərinin sayı artırdı. Hətta onun Londonda yerləşən fabrikində baş vermiş yanğın belə istehsalın davamlı inkişafına təsir etmədi. Bundan başqa, yanğına  görə şirkətin əsas istehsal obyektləri Oksbricdə yerləşən daha geniş sexlərə köçürüldü.


Bu nəhəng fabrikin yalnız komposter istehsal etməsinə inanmaq çətindir

 
"Bell Punch" müxtəlif fəaliyyət növlərini fəal surətdə reklam edirdi

1891-ci ildə şirkət taksometrin ixtirası ilə avtomobil kebi (taksi) istehsalı ilə məşğul olmağa başladı.

1927-ci ildə "Bell Punch Company" şirkətinin müxtəlif fəaliyyət istiqamətlərinin daha səmərəli idarə edilməsi üçün "Control Systems Ltd" holdinq şirkətinin yaradılması haqqında qərar qəbul edildi.

"Yaxşı, bəs kalkulyatorlar haqqında?" – deyə oxucu soruşa bilər. Artıq ona da çatmışıq. "Bell Punch Company" şirkəti kalkulyatorların istehsalına görə məhz taksometrlərə "borcludur", çünki "Bell Punch Company"-nin marketoloqları məhz taksometrlərin istehsalından ötrü lazımi hesab mexanizmi (adding mechanism) axtarırdılar. Bu mexanizm "Petters Ltd." şirkətinin istehsalı olan kiçik "Pettometer" mexaniki hesab maşınlarında reallaşdırıldı. Daha doğrusu, "pettometr"i "Petters Ltd."-in yaradıcısının oğlu Qay Petter ixtira etmişdi.

Mexaniki komptometrlər və "National Calculating Service"

1936-cı ildə "Bell Punch Company" şirkəti hesab maşınlarının istehsalı üçün "Petters Ltd"-dən bu maşına olan hüquqları satın alır. "Plus Adder" ticarət markası altında fəal reklam edilən "adding machine" bazara çıxarılır. Bu, əslində elə "Pettometer" maşınları idi.


"Bell Punch Plus Adder" modelinə çevrilmiş həmin "Pettometer"



1937-ci ildə şirkət "Plus Adder"in təkmilləşdirilmiş variantını istehsal etdi. Bu hesablama maşını "Sumlock" adlandırıldı.

 

"Plus" və "Sumlock" hesab maşınları iş prosesində əlverişli və sadə idilər və dərhal geniş populyarlıq qazandılar. Bu hesab maşınlarının ötən əsrin 70-ci illərinə qədər milyondan çox nüsxəsi istehsal edilmişdi.


Ofisdə gərgin iş fəaliyyəti. Klerklərin masalarının üzərində "Sumlock" komptometrləri yerləşib.

"Bell Punch Company" Britaniyanın istehlak bazarı üçün yeni olan qurğularını komptometr (comptometer) adlandırdı. Komptometr "compute" və "taximeter" sözlərinin birləşməsindən yaranmışdı. "Bell Punch Company" şirkətinin istehsal etdiyi komptometrlərdə əsas hesab əməliyyatı toplama idi. Digər hesab əməliyyatlarını yerinə yetirmək üçün komptometrlərlə işləməyin xüsusi metodlarını öyrənmək lazım idi.

"Bell Punch Company" komptometrlərə artan tələbatı saxlamaq üçün "Plus" və "Sumlock" hesab maşınlarında iş prinsiplərinə yiyələnmək üçün "Sumlock Comptometer College" adlı kurslar şəbəkəsi açdı. Kursu bitirənlər diplomlu "sumlocker" nişanlarını qürurla taxırdılar və onlara müxtəlif fəaliyyət sahələrində böyük tələbat var idi.


"Sumlock Comptometer" kollecinin şagirdləri


 Kalkulyator elmləri mütəxəssisinin nişanı

"Bell Punch Company" şirkətinin atdığı addımlardan biri də çoxlu sayda xidmət mərkəzləri açması oldu. Orada ixtisaslı mexaniklər nasaz komptometrləri diaqnostika və təmir edirdilər. Milli Kalkulyasiya Xidməti (NCS – National Calculating Service) strukturunun yaradılması isə bütün bu addımların zirvə nöqtəsi idi. Ölkə ərazisində fəaliyyət göstərən 29 xüsusi məlumat mərkəzinə işə götürülmüş 1000-dən çox ixtisaslı "kalkulyator operatorları" sifarişçilərin tapşırığını yorulmadan yerinə yetirirdilər.

"Bell Punch Company" ölkənin kalkulyatorlaşdırılmasına hərtərəfli yanaşması sayəsində mexaniki hesab maşınları sahəsi üzrə yalnız Dumanlı Albionda deyil, həm də Avropa dövlətlərinin əksəriyyətində aşkar liderə çevrildi. Bəs nə üçün belə uğurlu mexaniki biznesə malik şirkət elektronika üzərində təcrübələrə başlamaq qərarı verdi? Təkcə qərar deyil, həm də qarşısına elektron hesab maşınları sahəsində lider olmağı məqsəd qoydu.

Məxfi "ANITA" layihəsi

"Bell Punch Company" rəhbərlərinin narahatçılığı heç də əbəs yerə deyildi. Ötən əsrin 50-ci illərinin ortalarında kompüterlər meydana gəldi. Əvvəlcə sırf hərbi məqsədlər üçün yaradılmış bu lampa "monstrları" tədricən ümumi istifadə edilən alətə çevrildi. Kompüterlərin yaranması komptometr istehsalçısı üçün süqut anlamına gəlirdi. EHM-in hələ ki ən zəif nöqtəsi qiymət idi və bundan yararlanmaq lazım idi.

O dövrdə kompüter basketbol meydançası ölçüsündə yer tuturdu, çəkisi içərisinə çınqıl doldurulmuş bir neçə yük maşını ağırlığında idi və qiyməti təxminən 50 min funt-sterlinq təşkil edirdi. Əgər kompüterin ölçüləri iş adamları üçün problem deyildisə, lakin 4 sıfırlı qiymət öz sözünü deyirdi.

"Bell Punch Company" şirkəti kompüterlərə masaüstü kalkulyator istehsalı ilə cavab vermək barədə qərar qəbul etdi.
Elektron kalkulyator istehsalı ilə bağlı məxfi layihə "ANITA" (A New Inspiration to Accounting) adlandırıldı.

"ANITA" layihəsinin üzərində dahi alim Norbert Kitz çalışırdı. Dostlar onu Norman deyə çağırırdılar. O, elektron kalkulyator ideyasının xəstəsi idi. 1950-ci ildə Kitz London Universitetində rəqəmli hesablamalar üzrə dissertasiyasını uğurla müdafiə etdikdən sonra təyinatla Milli Fizika Laboratoriyasına göndərildi. O, burada təcrübələr arasındakı müddətdə "ACE" (Automatic Computing Engine) – faktiki olaraq elektron kalkulyator üzərində çalışırdı.

"Bell Punch Company"-nin marketoloqları dərhal Kitzin hazırlamalarındakı qabaqcıl ideyaları gördülər və gənc alimin iş prosesi üçün lazımi şəraiti yaratdılar. Onun qarşısına qoyulmuş tapşırıq heç də asan deyildi. Kitz əsas hesab əməliyyatlarının yerinə yetirilməsi üçün rəqəmli sxemlər hazırlamalı, kalkulyatorun yaddaşı ilə bağlı problemi həll etməli, elektrik sxemlərlə qarşılıqlı əlaqədə olan klaviaturanı reallaşdırmalı, hesablamaların nəticəsinin əks olunması üçün həll tapmalı idi.

Ən əsası isə bütün bu avadanlıqları "Sumlock" komptometri  ölçüsündə olan korpusa yerləşdirməli idi. 1958-ci ildə "ANITA"-nın birinci nümunəsi şirkətin rəhbərliyinə nümayiş etdirildi. O dövrdəki kompüterlərin əksəriyyətində olduğu kimi "ANITA"-nın elektron içliyi də elektron lampalardan ibarət idi. Kitz kalkulyatorun "ürəyi" kimi dekatron lampadan istifadə etmişdi.


"ANITA" kalkulyatorunun birinci versiyasının əsas detalı dekatron lampası idi

 Kitz hesablamaların nəticəsinin göstərilməsi üçün risk edərək yenilikdən – rəqəmləri əks etdirə bilən xüsusi çox katodlu "Nixie" lampasından istifadə etdi.



"ANITA"-nın konstruksiyasını mükəmməl adlandırmaq çətin idi. Onun ağır transformator qida bloku nəqliyyatla daşınmalar zamanı korpusdan çıxa bilərdi. Dekatron, həmçinin tez-tez öz yerindən çıxırdı. Hibrid klaviatura da bəzən işləmirdi.

"Bell Punch Company" konstruksiyanı kifayət qədər möhkəm, daşınmalara və müxtəlif iqlim şəraitinə qarşı dayanıqlığı artırmaq üçün "ANITA" kalkulyatoru üçün öz kağız fabriklərindən birində qablaşdırma üzərində təcrübə aparmalı oldu.

1960-cı ilin sonunda "ANITA" kalkulyatorunun sənaye variantı hazır idi. O, "ANITA Mk VII" adlandırıldı.

 
"ANITA Mk VII"-nin birinci variantı

"ANITA Mk VII" 1961-ci ilin oktyabrında Hamburqda keçirilmiş Beynəlxalq biznes-avadanlıq sərgisində təqdim edildi. Öz "uşağını" təqdim edən Norbert Kitz "ANITA" kalkulyatorunun onluq say sistemi əsasında işlədiyini xüsusi fakt kimi vurğulayırdı. "ANITA" kompüter deyil, bu, daha sadə və aydın bir qurğudur.

1962-ci ildə London biznes-forumunda "simple and silent" adı altında reklam olunan təkmilləşdirilmiş "ANITA Mk 8" təqdim edildi. Yeri gəlmişkən qeyd edim ki, "ANITA" kalkulyatorunun sakit iş rejimi bir müddət onun üçün antireklam rolunu oynadı. Səs-küylü mexaniki komptometrlərə vərdiş etmiş kalkulyator operatorları elektron kalkulyator modelində iş zamanı sakitliklə barışa bilmirdilər.

355 funt-sterlinq qiymətində olan "ANITA Mk 8" elektron kalkulyatorunun 10 mindən çox nüsxəsi satılmışdı.



Rəqiblərlə mübarizə

"ANITA"-nın rəqibləri yalnız 1964-cü ildə üzə çıxmağa başladılar, həm də onlar tranzistor əsasında hazırlanmışdılar. "ANITA" kalkulyatorunun ilk rəqibi Yaponiyanın "Sharp Compet CS-10A" modeli oldu.

Rəqiblərin uğurları "Bell Punch Company" şirkətini "ANITA"-nın tranzistor variantlarını istehsal etməyə vadar etdi. Bu halda faiz əməliyyatlarını hesablaya bilən "ANITA 1000" və "ANITA 1010" modelləri yenidən bazarın əsas "oyunçu"suna çevrilə bildi.


"ANITA 1011" modelində inteqral mikrosxemlər tətbiq edilmişdi

"ANITA" kalkulyatorlar xəttinin istehsalı 1973-cü ilədək davam etdi. Onların cib variantları da hazırlanmışdı.
Olduqca böyük holdinqin tərkibinə daxil olmuş "Bell Punch Company" şirkətinin strukturu ötən əsrin 70-ci illərinin ortalarında vəsaitə qənaət məqsədi ilə yenidən quruldu. Bu qərar şirkətin aktivlərinin, istehsalının və əqli mülkiyyətinin tədricən çoxsaylı istiqamətlər üzrə daşınması ilə nəticələndi. Nəticədə Yaponiya və ABŞ-dan gələn elektronika dalğasının qarşısında durmaq mümkün olmadı.

"Bell Punch Company"-nin qalıqları tədricən kalkulyator istehsalından uzaqlaşaraq totalizatorlar üçün avadanlıq istehsalı ilə məşğul olmağa başladılar. Uğurlu "ANITA" layihəsindən imtina edildi, lakin o, unudulmadı. London Kral Muzeyində "ANITA Mk VII" birinci elektron kalkulyatoru ən fəxri yerlərdən birində yerləşib.

Emil Hüseynov




Baxış sayı: 4358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024