12px13px15px17px
Tarix:24/12/12

Daha böyük ekranlı smartfon hazırlanır

"Huawei Ascend Mate" smartfonu 6,1 düymlü ekran və dördnüvəli prosessorla təchiz edilib. "Huawei" şirkəti qurğunu rəsmi şəkildə 2013-cü ilin yanvarında təqdim etməyi planlaşdırır. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, qurğunu 2013-cü ilin yanvarında "CES" sərgisində təqdim etmək planlaşdırılır.

Bununla belə, "Huawei" şirkətinin idarə heyətinin direktoru Riçard Yu qurğunu artıq şirkətin Çinin Quançjou şəhərində yerləşən mağazalarından birində göstərib. "Ascend Mate" adlı qurğu "Huawei" şirkətinin öz hazırlaması olan dördnüvəli "K3V3" prosessorla təchiz edilib.

Bu çip 1,8 QHs takt tezliyində işləyir və 1 il əvvəl təqdim edilmiş "K3V2" prosessorunun varisidir. Smartfonun ekranı 1920x1080 piksel təsvir ölçüsünə (Full HD) malikdir. Riçard Yu bildirib ki, ekran aşağı temperaturlu silisium texnologiyası əsasında hazırlanıb. Bu, smartfonun çəkisinin daha yüngül olmasına və əlavə avtonom iş vaxtını təmin etməyə imkan verir. "Ascend Mate" smartfonuna "Android" mobil əməliyyat sistemi quraşdırılıb, hansı versiya olduğu barədə məlumat verilməyib.

Akkumulyator batareyasının həcmi 4400 milliamper/saat təşkil edir. Korpusun qalınlığı 9,9 millimetrə bərabərdir. Qurğunun satışa çıxarılma tarixi açıqlanmayıb. Məlumat üçün bildirək ki, "Huawei" ən böyük mobil telefon istehsalçılarından biridir.

"Gartner" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ilin üçüncü rübündə şirkət 11,9 milyon qurğu sataraq 2.8 faiz bazar göstəricisi ilə altıncı yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə "Huawei" şirkətinin mobil telefon satışlarının həcmi 12 faiz artıb.

Emil Hüseynov



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024