12px13px15px17px
Tarix:16/09/13

Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib

Sentyabrın 11-13-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun yeddinci illik iclası  keçirilib.

"Yay Davosu" hesab edilən iclasda 90-dan çox ölkədən 1600-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. İclas hökumət qurumları, özəl sektor, beynəlxalq və regional iqtisadi qurumlar arasında müxtəlif mövzularda müzakirələrin aparılması baxımından yaxşı imkan hesab olunur. Forumun məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub. "Yay Davosu", həmçinin qərar qəbul edən şəxslər, dinamik inkişaf edən şirkətlərin strateqləri və liderləri arasında fikir mübadiləsi üçün də əlverişli imkandır.

Dalyandakı Beynəlxalq Konfrans Mərkəzində təşkil olunan iclasın açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış edib.
Son illər Azərbaycanın Dünya İqtisadi Forumunun işində fəallığı, xüsusən Prezident İlham Əliyevin forumun iclaslarında şəxsən iştirakı ölkəmizə olan marağı xeyli artırıb. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda iclası bu ilin aprelində Bakıda keçirilmişdir. Ölkəmiz bu tədbiri təşkil etməklə regionun iqtisadi cəhətdən aparıcı ölkəsi olduğunu beynəlxalq arenada bir daha təsdiq edib.

Dalyanda keçirilən illik iclasda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, ölkəmizin Çindəki səfiri Lətif Qəndilov və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri iclasın "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf", "Rəqəmli iqtisadiyyatın qorunması", "22-ci əsrdə İpək Yolunun kəşfi", habelə enerji, kibermöhkəmlilik, rəqəmsal infrastrukturun çatdırılması və digər mövzulardakı müzakirələrdə çıxışlar etmiş, ölkəmizin dinamik inkişafı, son illər müxtəlif sahələrdə əldə olunan nailiyyətlər barədə danışıblar.   

İclas iştirakçılarına məlumat verilib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadi baxımdan dinamik inkişafa nail olunub. Həyata keçirilən islahatlar nəticəsində əlverişli sərmayə mühiti yaradılan, bu da öz növbəsində bazar iqtisadiyyatının inkişafına yol açıb. Eləcə də ümumi daxili məhsulun (ÜDM) həcmi bir neçə dəfə artmış, ölkənin valyuta ehtiyatları rekord həddə çatmış, inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artım göstəriciləri üzrə ciddi irəliləyişlər əldə edilib. Bir neçə il əvvəl borc alan ölkə olan Azərbaycan hazırda özü borc verən dövlətdir və bir sıra ölkələrin iqtisadiyyatına sərmayə yatırır. Bu ilin fevralında ilk milli rabitə peykini orbitə çıxaran Azərbaycan kosmik sənayesi olan ölkələr sırasına qoşulub.

Çıxışlarda həmçinin qeyd olunub ki, bu nailiyyətlər beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesabatlarında da əksini tapıb. Belə ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik 2013-2014" reytinqinə əsasən, Azərbaycan dünya ölkələri sıralamasında 39-cu mövqeyə yüksəlib. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr ciddi iqtisadi çətinliklərlə üzləşsələr də, Azərbaycan müsbət iqtisadi inkişaf trendini qoruyub saxlamış və yuxarı ortagəlirli ölkələr sırasına qoşulub. Azərbaycanın liderliyi ilə reallaşan bir sıra enerji və nəqliyyat layihələri təkcə bölgə üçün deyil, dünya iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti üzvlərinin Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hakubun Şimomura, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Su Bo, Vyetnamın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Nquyen Hanq, Dalyan şəhər rəhbərliyi, habelə bir sıra iri şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislər arasında elmi mübadilənin aparılması, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olunub.
 



Baxış sayı: 1228

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024