12px13px15px17px
Tarix:06/02/14

Yeni yaradılan superkompüter istifadəçisinin falına baxacaq

"IBM" şirkətinin mühəndisləri "Watson" superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar. Belə ki, indi "Twitter" və "Facebook" şəbəkələrindəki yazıları təhlil edən kompüter insanın şəxsiyyət tipini müəyyənləşdirə və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilir.

Bu halda kompüterin sosial şəbəkələrdəki akkauntun ünvanını bilməyə ehtiyac qalmır: kompüter istifadəçinin müəyyən şirkətə təqdim etdiyi məlumatlara əsaslanaraq onu müstəqil şəkildə aşkar edir. "IBM Watson"un gələcəyi "görmək" qabiliyyətindən marketoloqlar yararlana bilərlər. Məsələn, insan öz statusunu "evli"yə dəyişsə, bir ildən sonra sistem ona uşaq üçün məhsul və xidmətləri reklam etməyə başlayacaq.
"Fast Co. Design" şirkətinin redaktoru Con Braunli daha bir nümunə göstərib. Təsəvvür edək ki, iri şirkətin mütəxəssisi "Twitter"də San-Fransiskoya köçmək şərtilə işə dəvət alıb. Bu zaman həmin şəxsin bankı "Watson"un linqvistik bacarığından istifadə edərək onun üçün faydalı olan xidmətləri (xidmət göstərən şöbəni dəyişdirə və ya yeni ev üçün ipotekanın rəsmiləşdirilməsində yardımçı olar) əvvəlcədən təklif edə bilər. Kompüter tərəfindən tərtib edilən psixoloji portret bank əməkdaşlarına bu insanla əlaqə yaratmaq üçün ən yaxşı üsulu göstərəcək. Redaktor qeyd edir ki, belə müdaxilədən qorunmaq üçün ən yaxşı üsul "LinkedIn", "Instagram" və digər servislərdə bloqu kənar şəxslər üçün qapalı etməkdir.   

"Watson" 2011-ci ildə "Jeopardy!" televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib.  
Bundan başqa, superkompüter Los-Ancelesin Sidars-Sinay tibb mərkəzi ilə əməkdaşlıq edərək onkoloji xəstəliklərlə bağlı məlumatlar verib. "Watson" həmçinin "Citigroup" şirkətində və çağırış mərkəzlərində tətbiq edilərək orada maliyyə məsləhətçisi rolunda (səhmlərin müstəqil şəkildə satılması istisna olmaqla) çıxış edib: kompüter bank müştərilərinə pensiya və əmanət yığımlarının incəliklərini, mobil rabitə operatorlarının müştərilərinə isə xidmətə neçə qoşulmağı və ya hesabı necə ödəməyi izah edib.    

"IBM" mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən "Watson"un prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.   
 
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən "DeepQA" proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi "Watson"u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - "Vesti www.vesti.ru" yazır.



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024