12px13px15px17px
Tarix:29/07/16

İlk modullu dronlar istehsal edilib

Fransanın pilotsuz uçan aparat istehsalında ixtisaslaşan "Lehmann Aviation" şirkəti modullu struktura əsaslanan dünyanın ilk dronlarını təqdim edib.

Fransa istehsalçısı bundan əvvəl peşəkar foto və videoçəkilişlər, eləcə də kartoqrafiya üçün yüksəksəviyyəli pilotsuz uçan aparatlar nümayiş etdirib. Yeni modellər əvvəlki aparatların ən yaxşı xüsusiyyətlərini mənimsəməklə onlarla müqayisədə bir sıra üstünlüklərə malik olacaqlar.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, modullu dronlar elə düzəldilib ki, onların funksiyalarının əksər hissəsini alternativ funksiyalarla əvəzləmək mümkündür. Belə ki, burada avtopilotla əlaqədar blokun çıxarılaraq başqası ilə dəyişdirilməsinə görə avtopilota ehtiyac qalmır. Həmçinin kamera üçün bərkidicini çıxararaq onun yerinə istənilən cihazı yerləşdirməklə kameraya gərək yoxdur. Korpusu alüminium, karbon lifi və "EPP" penoplastından hazırlanan dronun qanadları qismən açılır ki, bu da onu daşınma üçün əlverişli edir. Aparatın akkumulyatoru enerji ilə tam doldurulmaqla operatordan 25 km radiusda 45 dəqiqə uçur və məlumatları simsiz protokol vasitəsilə ötürür.

Kartoqrafiya və kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulan "LA500-AG" modelində məhsulun böyüməsinin monitorinqi üçün sensor quraşdırılıb. "LA500-RTK" modeli isə "APS-C" sensorlu 24,3 meqapikselli "Sony α6000" kamerası ilə təchiz edilib. Dronların qanadlarının uzunluğu 116 sm, avadanlıqlar nəzərə alınmamaqla konstruksiyanın çəkisi isə 1,25 kq təşkil edir. Əllə buraxılan aparatlar yeganə elektrik mühərriki ilə işə salınır. Maksimal uçuş sürəti 80 km/saata bərabərdir. Yeni modellərin aşağı və yüksək temperaturlara dözümlü olmasına baxmayaraq mütəxəssislər onların yağışda və güclü qarda uçmasını məsləhət görmürlər.

Dronları "Windows 10" əməliyyat sistemli planşet və smartfonlara iş üçün uyğunlaşdırılan rəsmi proqram təminatı vasitəsilə idarə etmək mümkündür. Modullu aparatların baza modeli üçün qiyməti 3490 dollardan başlayır. Müqayisə üçün qeyd edək ki, peşəkar fotokamera ilə təchiz edilən modelin qiyməti 5890 dollar, kənd təsərrüfatı dronunun 7990 dollar təşkil edir. Yeni dron modellərinin satışına bu ilin dördüncü rübündə başlamaq planlaşdırılır.

Nizam Nuriyev






Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024