12px13px15px17px
Tarix:04/07/11

"Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid"

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycanda ilk dəfə olaraq canlı “Twitter” formatında aparılıb. “Dəyirmi masa”da media rəhbərləri, ekspertlər və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin fikrincə, hazırda yeni media köhnə media ilə mübarizə aparır: “Yeni media doğulub, amma doğum şəhadətnaməsi yoxdur. İkincisi, iqtisadi problemləri də var. Bu məkan iqtisadi qanunlarla tənzimlənmir. Üçüncüsü, kadr problemidir. Yeni medianın inkişaf sürəti informasiya-kommunikasiya texnologiyalarının inkişaf sürəti ilə həmahəngdir. Jurnalistikanın tədrisini bu sahə ilə uzlaşdırmaq lazımdır. Zərdabinin gətirdiyi yeniliklər tarix olaraq saxlanılmaqla, yenilikləri nəzərə almaq və tətbiq etmək vacibdir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında qeyd edib ki, artıq insanlar dünyada baş verən hadisələrlə deyil, onları maraqlandıran məlumatlarla tanış olurlar. “Yeni media jurnalistikadır, yoxsa yox?” sualını cavablandıran şura sədri bu məsələnin dünyada müzakirə olunduğunu söyləyib: “Bir bloqqerin bir neçə milyon oxucusu olarsa, bu jurnalistikadır. Azərbaycanda yeni media cəmiyyət tərəfindən qəbul olunur. İnsanların 50%-nin internetə çıxışı var, “Facebook”dan yarım milyona yaxın adam istifadə edir, 2000-ə yaxın bloq səhifəsi var”.
Ə. Amaşov Mətbuat Şurasının internet jurnalistikanın inkişafı ilə bağlı sənəd hazırladığını açıqlayıb. Konfransda Azərbaycanda yeni medianı ənənəvi mediadan fərqləndirən cəhətlər, media transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, yeni media və təhlükəsizlik, yeni mediaya ictimai nəzarət mexanizmləri və s. müzakirə olunub.
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı öz növbəsində bildirib ki, yeni mediaya keçid dünyanın hər yerində müzakirə olunur. V. Mahirqızı deyib ki, bu gün xalq jurnalistikası sürətlə inkişaf edir, müasir informasiya texnologiyalarından istifadə olunur, hadisə dərhal telefonla çəkilir, sosial şəbəkədə yerləşdirilir: “Bizim rastlaşdığımız sosial şəbəkələr, bloqlar yeni mediadır. “Facebook”, “Twitter” kimi bloqlarda jurnalistika prinsiplərinə əməl olunmur. Onlar operativdirlər, amma qarşı tərəfin mövqeyi verilmir, balans qorunmur”.
V. Mahirqızı əlavə edib ki, Azərbaycanda internet mediasının yazılı mediaya qalib gəldiyini demək hələ tezdir: “Yazılı media formatını dəyişsə, bu proses davam edəcək. Türkiyə və Rusiyada yazılı mediada reklamın qiyməti internet mediasından daha bahadır. Brend olaraq özünü qoruyub saxlayan qəzetlər hələ də etibarlı informasiya mənbəyi rolunu oynayırlar. Bizdə isə internet mediasında reklamın qiyməti qəzetlərdəki qiymətlərdən bahadır. Qəzet sənayesinə yenidən baxılmalıdır. Qəzet sənayesi internet mediasının eynisi olmamalıdır”.
Agentlik rəhbərli onu da əlavə edib ki, hazırda internet mediasının kadr problemi var: “Bu jurnalistlər ənənəvi jurnalistika təhsili alanlardan tam fərqlənir. Yeni mediada milli təhlükəsizliyin qorunması məsələsi də var ki, bu da çox ciddi məsələdir”.
Tədbirin moderatoru, “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev isə bəyan edib ki, yeni media deyiləndə tək sosial şəbəkələr nəzərdə tutulmur, bura ümumilikdə internet mediası daxildir: “Sosial şəbəkələr bunun bir hissəsidir. Burada internet vasitəsilə yayımlanan radiolardan, peşəkar qəzetlərdən və televiziyalardan söhbət gedir. Sosial şəbəkələr informasiyanın ilk qaynağı ola bilər. Amma ondan daha kütləvi yayımlanan KİV ola bilər. Onu demək olar ki, yeni media artıq Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunub”.



Baxış sayı: 1434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024