12px13px15px17px
Tarix:16/03/12

İnternet-televiziya və radioların fəaliyyətinin tənzimlənməsi zəruriləşir

Dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da əhaliyə internetdən məhdudiyyətsiz istifadə üçün geniş imkanlar yaradılıb. Ölkədə mütəmadi olaraq internetin keyfiyyətinin yüksəldilməsi, tariflərin aşağı salınması istiqamətində tədbirlər görülür.

Həyata keçirilən ardıcıl işlər  yeni sahələrin yaranmasına və inkişafına gətirib çıxarır. Yeni texnologiyaların, daha knkret desək internetin yaranması ilə meydan gələn shaələrdən biri də sosial mediadır. Bu gün sosial medianın əsas qolu olan elekton kütləvi infomasiya vasitələri- internet radio və televiziya getdikcə populyarlaşmağa başlayır. Son zamanlar ölkədə həm internet-televiziyaların, həm də radioların sayı kifayət qədər artıb və artım tendensiyası hazırda da davam edir.

İnternet-televiziyaların heç bir maneəsiz yaradılması müsbət haldır. Bununla belə, İnternet TV və radionun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması da zəruridir. Elə bu səbəbdəndir ki, hazırda bütün dünyada internet-televiziyaları və radioların fəaliyyəti ilə bağlı geniş  müzakirələr aparılır. Bir sıra ölkələrdə internet üzərindən yayımlanan televiziya və radioların qanunvericilik bazasının formalaşdırılmasının və onların fəaliyyət göstərmələri üçün müvafiq lisenziyaların verilməsinin vacibliyi qeyd olunsa da, digər ölkələrdə isə lisenziyanın verilməsi ideyası qəbul olunmur.

Bu məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətində də müzakirələr aparılır. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli əvvəlcə deyib ki, son zamanlar Azərbaycanda xeyli sayda radio və televiziya internet vasitəsi ilə yayımlanmağa başlayıb. Bunların hazırda həvəskar yayım formasında olduğunu önə çəkən Şura sədri sözügedən televiziyaların hələlik peşəkar yayım formasına keçmədiklərini söyləyib.

N.Məhərrəmli əlavə edib ki, internet-televiziya və radiolarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılıb-yaradılmaması və eləcə də onların fəaliyyət göstərməsi üçün lisenziyanın verilib-verilməməsilə bağlı Avropa Şurasında da dəqiq, konkret bir qərar yoxdur. Avropa ölkələrinin də bu məsələnin həllində tezliklə ümumi bir rəyə gələcəklərini düşünən N.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan da Avropa Şurasının üzvü kimi bu məsələlərdə ümumi rəyə uyğun olaraq hərəkət edəcək: «Amma mənim bir vətəndaş kimi mövqeyim belədir ki, həm televiziya, həm də radio bir fəaliyyət sahəsidir. İnternet isə onun yayım formalarından biridir. Yəni kabel, mobil və peyk televiziyası olduğu kimi, internet televiziyası da ola bilər.

Bu televiziyalar bu və ya digər formada tənzimlənirsə, deməli, internet televiziyası da hansısa formada tənzimlənməlidir. Hesab edirəm ki, cəmiyyət üçün çox vacib olan fəaliyyət sahəsini müəyyən qədər nəzarətsiz buraxmaq da olmaz. Bu mənim şəxsi fikrimdir. Hazırda isə Azərbaycanda bununla bağlı hökumət səviyyəsində hər hansı bir müzakirə aparılmır. Lakin mənim şəxsi düşüncəmə görə, bununla bağlı həm qanunvericilik baza olmalıdır  onların fəaliyyəti üçün, həm də lisenziyanın verilməsi məsələsi ortaya qoyulmalıdır. Xarici ölkələrdə artıq lisenziyaların verilməsi ilə bağlı bu və ya digər işlər görülür.

Xüsusən də mobil televiziyalarla bağlı artıq lisenziya verilməsi mərhələsi başlanılıb. Sadəcə olaraq hazırda internetlə bağlı məsələ bir qədər açıq qalıb. Hesab edirik ki, internetdə yayımlanan televiziyalar da hansısa formada tənzimlənməlidir. Əgər tənzimlənirsə, təbii ki, onun lisenziyalaşdırılmasına da ehtiyac var». 

N.Məhərrəmli əlavə edib ki, internet televiziyaları tənzimlənmədiyi halda kimlərsə bu vəziyyətdən istifadə edib özü üçün internet televiziya yarada bilər və bununla da çox asan bir formada dövlətçiliyin əleyhinə, dini düşmənçilik yaradacaq təbliğat apara bilər: «Hazırda belə hallar da mövcuddur. Bilirsiniz, burada təkcə dini mövzular deyil, eyni zamanda etnik, milli, irqi, dövlət əleyhinə olan məsələlər ola bilər. Yenə də deyirəm ki, televiziya cəmiyyət qarşısında çox böyük məsuliyyət daşıyan bir fəaliyyət sahəsidir. Ona görə də bu fəaliyyət sahəsi hansısa formada tənzimlənməlidir».

“SİA” İnternet Televiziyasının icraçı direktoru Vəli Vəliyev də hesab edir ki, kütləvi informasiya vasitələri hər hansı bir qanunverici bazaya söykənərək fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, bu, tək Azərbaycanda deyil, digər ölkələrdə də belədir.  

"Eyni zamanda internet televiziyası da hər hansı bir qanuna söykənərək fəaliyyət göstərsə, daha yaxşı olar. Məsələn, biz internet televiziyası yaratmışıq, amma nə televiziya, nə də “KİV haqqında” qanunu internet televiziyasına tətbiq etmək olmur. Ona görə biz özümüz də istəyirik ki, bununla bağlı qanunverici baza olsun, hansısa qanuna söykənib fəaliyyət göstərək" – deyən V.Vəliyev hesab edir ki, qanunverici baza olmayanda internet televiziyaları nə televiziya kimi televiziya, nə də agentlik kimi agentlik ola bilir.

V.Vəliyev bu istiqamətdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin səsləndirdiyi fikirlərə razı olduğunu önə çəkib: "Bu istiqamətdə hər hansı bir forma yaradılmalı, internet televiziyası ilə bağlı qanun qəbul olunub qüvvəyə minməlidir. Bu da necə, hansı formada olacaq, nəyə icazə verilib, nələrə icazə verilməyəcək, bütün bunlar da qanunlarla tənzimlənməlidir. Düşünürəm ki, belə bir qanunun qəbul olunması daha effektli olar, gələcək işimizin qurulmasında çox yaxşı nəticələr verər".

İnternet televiziyalarına lisenziyanın tətbiqi nəticəsində onların müstəqilliyinə zərər gələcəyi ilə bağlı deyilənlərə də münasibət bildirən V.Vəliyevin sözlərinə görə, bu, tamamilə yanlış düşüncələrdir. Onun qənaətincə, Azərbaycanda qəzetlər də “KİV haqqında” qanuna uyğun olaraq fəaliyyət göstərir. Lakin bu, onların müstəqilliyinə heç bir təsir etmir: "Televiziyalarımız da qanunlarla fəaliyyət göstərir. Əslində bu, dünya KİV-ində mövcud olan formadı.

Məsələn, Rusiyada, Türkiyədə və digər ölkələrdə internet televiziyası ilə bağlı qanun bazası var. Çünki onlarda internet televiziyası artıq KİV-in bir forması kimi özünü təsdiq edib. Amma Azərbaycanda bu istiqamət təzə yaranıb, 2-3 illik tarixi var. Mən hesab edirəm ki, internet televiziyaları ilə bağlı qanunun qəbulu onlarda heç bir asılılıq yaratmayacaq və tam müstəqil olaraq fəaliyyət göstərəcəklər".

«GünAz» internet televiziyasının rəhbəri Elnur Baimov da internet-televiziya və radiolarının fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik bazasının yaradılmasını vacib hesab edir. Amma o, bu sahəyə lisenziya verilməsini doğru hesab etmir: «Yəni internet elə sahədir ki, orada hər kəs həm radio, həm də telekanal açıb lisenziyasız fəaliyyət göstərə bilməlidir.

Biz qanunvericilik deyəndə də bu fəaliyyətin sivil şəkildə qanunlarla tənzimlənməsini nəzərdə tuturuq. Burada söhbət daha lisenziyadan getmir. Kütləvi informasiya vasitələri haqqında qanuna müvafiq dəyişikliklər edilməlidir. Onlar əks etdirməlidirlər ki, artıq texnologiyaların inkişafı var, internet-radio və internet-televiziyalar mövcuddur və hər gün də onların yenisi açılır. Amma burada heç bir lisenziyadan söhbət getməməlidir.

Məsələn, hər hansı bir FM tezliyinə lisenziya verəndə həmin radio qanunu pozsa, onda tezlik söndürülür, lisenziyanın müddəti üzadılmır. Bəs internetdə belə hal olsa, nə edəcəyik? Saytı blok edəcəyik? Biz demokratik ölkədə yaşayırıq. Azərbaycan Respublikasında internet azaddır və heç bir maneəsiz istifadəçilərə təqdim olunur. Ona görə də burada lisenziya söhbəti etməməliyik».

İnternetdə ziyanlı təbliğatın onsuz da aparıldığını önə çəkən E.Baimov hesab edir ki, onlara lisenziya verilsə də, verilməsə də onlar «YouTube»-da təbliğatlarını aparacaqlar: «Amma lisenziya söhbətini gündəmə gətirəndə bizə antidemokratik imic gəlir. Lakin bununla bağlı qanunvericilik qəbul oluna bilər və internet televiziyaların fəaliyyəti tənzimlənə bilər. Məsələn, indi hansısa şəxs sizi təhqir edən materialı internet televiziyasında yerləşdirsə, siz qanun çərçivəsində ona heç nə edə bilməyəcəksiniz. Çünki qanunda nə internet-radio, nə də internet-televiziya var.

Ona görə də qanun çərçivəsində yazılmalıdır ki, internet-televiziya və internet-radio nədir, fəaliyyəti nədən ibarətdir və hansı şəkildə həyata keçirilir. Sabah da ortaya hansısa problemlər çıxanda onu tənzimləmək üçün artıq hüquqi baza olacaq. İndi isə hazırda belə bir baza yoxdur».
 
Seymur Qasımbəyli




Baxış sayı: 1721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024