12px13px15px17px
Tarix:27/03/12

Şərur və Sədərək rayonlarında “Yeni nəsil” telekommunikasiya şəbəkəsi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Naxçıvanda rabitənin böyük inkişaf layihəsinə uyğun olaraq yeni nəsil telekommunikasiya şəbəkəsinin inkişafı istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlərin davamı kimi Şərur rayon Rabitə İdarəsinin binası və "Yeni nəsil" telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir.

 Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirmişdir ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlmişdir.

Hazırda muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və rabitə infrastrukturu formalaşmışdır. Həyata keçirilən tədbirlər nəticəsində bütün yaşayış məntəqələri telefonlaşdırılmış, vahid 7 rəqəmli nömrələmə sistemi tətbiq olunmuşdur.

Sonra nazir "Yeni nəsil" telekommunikasiya şəbəkəsi barədə məlumat vermişdir ki,  Şərur və Sədərək rayonlarını əhatə edən "Yeni nəsil" telekommunikasiya  sistemi 15 min 904 abunəçi tutumlu 25 ədəd üçüncü  nəsil  telefon  stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarətdir.  İdarəetmə sistemi  Naxçıvan  şəhərindəki mərkəzi idarəetmə sistemi ilə eyni  konfiqurasiyaya malikdir.

Hər iki idarəetmə sistemi ayrılıqda, yaxud digərinin funksiyalarını da öz üzərinə götürməyə imkan verən "Əsas və Ehtiyat" iş prinsipinə uyğun proqramlaşdırılmışdır. Yəni, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının sabit telekommunikasiya şəbəkəsi ehtiyat idarəetmə sisteminə malik olacaqdır. 

Nəticədə muxtar respublikanın daxili,  şəhərlərarası və beynəlxalq rabitə əlaqələrinin tam dayanıqlı olması təmin ediləcəkdir.

Nazir bildirmişdir ki, NGN sistemi artıq 2010-cu il mayın 19-dan etibarən Naxçıvan şəhərində, Babək qəsəbəsində və Nehrəm kəndində  istifadə olunur.  Ümumilikdə muxtar respublika üzrə NGN avtomat telefon stansiyalarından istifadə edənlərin sayı 36 min 160-a çatdırılmışdır. Bu da ümumi telefon nömrə tutumunun 58,6 faizini təşkil edir.

Bu sistem Şərur və Sədərək rayon sakinlərinə telefon xidmətlərindən əlavə genişzolaqlı internet, videotelefon,  İP TV,  müxtəlif data xidmətləri və çoxlu sayda servis xidmətləri  göstərməyə  imkan verəcəkdir.

R.Məmmədov qeyd etmişdir ki, Rabitə Evi zirzəmisi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılmışdır. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Binanın birinci mərtəbəsində xidmət zalı, mətbuat yayımı, çeşidləmə, bağlama otaqları, qəzet köşkü və "Naxtel" telefonlarının satış bölmələri yerləşir.

Rabitə İdarəsinin ikinci mərtəbəsində mühəndis otaqları, mühasibatlıq, anbar və 100 yerlik iclas zalı, üçüncü mərtəbədə isə kross, transmissiya avadanlıqları, bütün muxtar respublikaya xidmət edəcək "Yeni nəsil"  ehtiyat idarəetmə avadanlıqları, kommutasiya  qurğuları və işçi otaqları yerləşir.

Daha sonra Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək demişdir ki, son illərdə dünyada rəqabətədavamlı iqtisadiyyatın  qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Artıq iqtisadiyyatın elə bir sahəsi qalmamışdır ki, orada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsin. Bu, informasiya kommunikasiya texnologiyalarının prioritet edilməsini şərtləndirən vacib amillərdir. Həmçinin, bu siyasət ölkəmizdə informasiya cəmiyyətinin inkişaf etməsinə, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə səbəb olmuşdur. Ə.Abbasov bu işlərin Naxçıvanda uğurla həyata keçirildiyini bildirmiş, bu sahədə əldə olunan nailiyyətləri muxtar respublikanın sosial-iqtisadi tərəqqisinin tərkib hissəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayon Rabitə İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində bütün sahələrdə hərtərəfli inkişafa nail olunmuşdur. İnformasiya-kommunikasiya texnologiyaları da belə sahələrdəndir.

Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir.

Qısa zaman kəsiyində görülən bu işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur. Artıq muxtar respublikada mövcud ATS-lər "Yeni nəsil" texnologiyalarla əvəz olunur.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə fəaliyyət nəticəsində həyata keçirilən bu işlər muxtar respublikamız üçün mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin sədri qarşılıqlı əməkdaşlığa görə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkürünü bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov binanın açılışın bildirən lenti kəsmişlər.
Binaya baxış keçirilmiş, Ali Məclisin sədri binanın üçüncü mərtəbəsində "Yeni nəsil" telekommunikasiya sisteminin muxtar respublikada ikinci idarəetmə mərkəzini işə salmışdır



Baxış sayı: 2676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024