12px13px15px17px
Tarix:27/03/12

Bakının “2020 Olimpiya Oyunları”na namizədliyini dəstəkləmək üçün onlayn səsvermə davam edir

Azərbaycanın “2020 Olimpiya və Paralimpiya Oyunları”na ev sahibliyini dəstəkləmək üçün onlayn səsvermə davam edir. Bunun üçün istifadəçilər http://www.baku2020.com saytında yaradılmış xüsusi bölməyə daxil olmaqla, Bakının “2020 Olimpiya Oyunları”na namizədliyini dəstəklədiklərini bildirməlidirlər. İstifadəçilər tərəfindən təqdim edilən məlumatlardan yalnız ad və soyad 2012-ci il aprel ayında Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim ediləcək.

 “İCTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, “2020 Olimpiya və Paralimpiya Oyunları”na ev sahibliyi etmək üçün Bakı bu il fevralın 14-də iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə təqdim edib.

 Bu müraciət əsasında Bakının iddiası qiymətləndiriləcək və BOK 2012-ci il may ayının 23-də Bakının rəsmi namizəd-şəhər statusu alması ilə bağlı qərarını verəcək. Hazırda isə Azərbaycanın namizədliyini dəstəkləmək üçün səs verənlərin sayı 90 mini ötüb.

Qeyd edək ki, dünyanın aparıcı araşdırma şirkətlərindən olan “TNS Global”ın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95 faizinin Bakı şəhərinin “2020 Olimpiya və Paralimpiya Oyunları”na ev sahibliyi üçün namizədliyini dəstəklədiyini göstərir. 2011-ci ilin dekabrında keçirilən  rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.

Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50 faizi Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30 faiz iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər.

“Bakı 2020” Təşkilat Komitəsinə gəlincə, onun sədri baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Komitə üzvlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər naziri Elmar Məmmədyarov, gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, turizm və mədəniyyət naziri Əbülfəz Qarayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digərləri daxildir.

HƏQİQƏT




Baxış sayı: 1573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024