12px13px15px17px
Tarix:30/03/12

80 mindən artıq əhalinin obliqat qrupu tibbi müayinə kartı ilə təmin edilib

Səhiyyə Nazirliyi tərəfindən bu vaxta qədər Azərbaycan üzrə 80 mindən artıq əhalinin obliqat qrupu tibbi müayinə kartı ilə təmin edilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməyi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər: ”Bu qrupa əsasən sosial sahələrdə çalışan şəxslər - həkimlər, müəllimlər, yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, otellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar daxildir.

Məcburi olan bu prosesdə obliqat vətəndaşlar digər insanların yoluxucu, infeksion xəstəliklərə yoluxmaması üçün vaxtlı-vaxtında müayinədən keçməlidrlər”.

Mərkəzin direktoru bildirib ki, bu məcburi müayinənin  məqsədi belə xəstəlikləri vaxtında aşkarlamaq və yayılmasına imkan verməməkdir: ”Onların vaxtında müayinədən keçməsinə nəzarəti daha da gücləndirmək, prosesi şəffaflaşdırmaq məqsədilə sözügedən informasiya sistemi yaradılıb. Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzləri həmin müəssisələrin mütəmadi müayinədən keçməyini təmin edir. Obliqat əhali qrupu müayinədən poliklinikalarda, tibb müəssisələrində pulsuz olaraq keçirlər”.

Qeyd edək ki, “Tibbi müayinə kartı” (TMKS) nazirlik tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir.

“Tibbi müayinə kartı sisteminin tətbiqi Qaydaları” müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə təsdiqlənib. Bununla əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən “Tibbi müayinə kartı” sisteminin tətbiqinə başlanıb.
 
HƏQİQƏT




Baxış sayı: 3090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024