12px13px15px17px
Tarix:31/03/12

Şəxsiyyət və ya sürücülük vəsiqəsi almaq üçün elektron tibbi arayışdan istifadə ediləcək

Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron sağlamlıq kartı” (VESKS) - elektron informasiya sisteminin digər qurumların informasiya sistemlərinə inteqrasiyası ilə bağlı işlər davam etdirilir. Artıq Daxili İşlər Nazirliyi (DİN) ilə elektron qaydada qarşılıqlı informasiya mübadiləsi təmin olunub. Hazırda bu prosesin ikinci mərhələsinə başlanılır.

Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, DİN-lə sistemin inteqrasiyası ilə bağlı lazımi infrastruktur yaradılıb: ”Daxili İşlər Nazirliyi ilə bizim optik rabitəmiz qurulub. Biz sözügedən nazirliyin elektron informasiya bazasından şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla, onun sahibi ilə bağlı məlumatları, təlimatları əldə edə bilirik. İndi isə növbəti mərhələyə qədəm qoyulur.

Belə ki, şəxsiyyət vəsiqəsinin verilməsi zamanı tələb olunan tibbi arayışların  “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən alınması nəzərdə tutulur. Hazırda bununla bağlı işlərə başlanılır”. Mərkəzin direktoru deyir ki, Daxili İşlər Nazirliyində yaradılan elektron xidmət çərçivəsində yaxın gələcəkdə tibbi arayışlar artıq onlayn şəkildə qeydiyyata götürüləcək: ”Bundan sonra vətəndaşların şəxsiyyət və ya sürücülük vəsiqəsi alması üçün tibb müəssisələrindən tibbi arayış almasına ehtiyac qalmayacaq”.

Belə ki, elektron bazada yerləşdirilmiş tibbi arayışların qeydiyyat sistemində yalnız həmin arayışın nömrəsini yazmaq kifayət edəcək: ”Bununla da Səhiyyə Nazirliyinin elektron informasiya bazasında arayışla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin informaisya sistemində əks olunacaq. Vətəndaşın şəxsiyyət vəsiqəsində yer alan qan qrupu, göz rəngi kimi fərdi məlumatları tibbi arayışdan avtomatik əldə olunacaq. Artıq kənar müdaxilə və ya proseslərə ehtiyac qalmayacaq. Sadəcə tibbi kartların identifikasiya kodu ilə məlumatlar bizim bazadan Daxili İşlər Nazirliyin bazasına göndəriləcək. Hazırda ikitərəfli məlumat mübadiləsinin təkmilləşdirilməsi üzərində işlər davam etdirilir”.

C.Əsədzadənin sözlərinə görə, “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin Ədliyyə Nazirliyinin elekton informasiya bazasına qoşulması da artıq yekunlaşıb: ””VESKS”-in əsas mərhələlərindən biri də yenidoğulmuşların qeydiyyatının sistemə daxil edilməsidir. Artıq Ədliyyə Nazirliyi ilə bu sistem arasında informasiya mübadiləsi qurulub və nazirliklər arasında elektron informasiya sistemləri birləşdirilib.

Hazırda Ədliyyə Nazirliyi yeni doğulan uşaqlar barədə məlumatları bizim bazamızdan onlayn qaydada əldə edir və sonradan bu məlumatlar əsasında doğum haqqında şəhadətnamənn verilməsi prosesini təkmilləşdirmək üçün işləri davam etdirirlər. Bir sözlə, hazırda Ədliyyə Nazirliyi tərəfindən şəhadətnəmalərin vaxtlı-vaxtında verilməsi üçün bizim məlumatlardan istifadə etmək imkanları tamamilə həyata keçirilib”.
 
 HƏQİQƏT




Baxış sayı: 3845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024