12px13px15px17px
Tarix:03/04/12

Ölkəyə gələn turistlər Sorğu məlumat sexindən bütün suallarına cavab ala biləcəklər

"Eurovision  Mahnı Müsabiqəsi-2012" ilə bağlı  "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Sorğu məlumat sexində xüsusi kabinet-mərkəz yaradılıb. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Sorğu məlumat sexinin rəisi Əhliman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, keçən aydan - martın 1-dən fəaliyyətə başlayan bu mərkəzin yaradılmasında əsas məqsəd ölkəyə gələn qonaqların istənilən sorğularının ingiliscə cavablandırılmasıdır: "Bu prosesə əvvəlcədən hazırlıq görürük.

Belə ki, Bakı şəhərinin infrastrukturuna daxil olan məlumatların, o cümlədən mədəniyyət ocaqları, şəhərin hava limanı, nəqliyyat, avtobus vağzalı, oteller, mehmanxana  və s. barədə suallar operativ cavablandırılacaq. Artıq paytaxtda yerləşən obyektlərlə bağlı bütün məlumatları hazırlayaraq kabinetdə çalışan kadrlara təqdim etmişik".

Sex rəisi bildirib ki, hazırda da müxtəlif tipli sualların cavablandırılmasını təmin edən mərkəzə daha çox "Eurovision  Mahnı Müsabiqəsi-2012"-yə bilet satışı ilə əlaqədar müraciətlər daxil olur: "Mayda Azərbaycana turist axını başlayandan sonra isə müraciətlərin xeyli artacağı gözlənilir. Bu tələbatı operativ təmin edə bilmək üçün kabinetdə bütün şərait yaradılıb. Ölkəmizə gələn qonaqlar yaranan bütün sorğularına mərkəz vasitəsilə cavab ala biləcəklər".

Qeyd edək ki, Avropanın ən nüfuzlu mahnı yarışması olan "Eurovision" Avropa Yayımları Birliyinə (EBU) üzv ölkələr arasında təşkil edilir. EBU belə bir müsabiqəni keçirməklə Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədləri daşıyıb.

Azərbaycanda keçiriləcək yarışmaya gəlincə, "Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinal şousunda 18 ölkə təmsilçisi mübarizə aparacaq.

Mayın 24-ə keçiriləcək ikinci yarımfinalda da 18 ölkə təmsilçisinin mübarizəsi gözlənilir. Mayın 26-da isə Mərkəzi Avropa vaxtı ilə saat 21:00 (Bakı vaxtı-00:00)-də baş tutacaq finalda hər iki yarımfinalların qalibləri və birbaşa bu mərhələdə çıxış hüququna malik olan ölkələr yarışacaqlar.

Qaydalara əsasən, Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və Azərbaycan (müsabiqənin sonuncu qalibi olan ölkə) birbaşa final mərhələsində yarışır. Səsvermədə bütün ölkələrdən olan münsif və tamaşaçılar iştirak edəcək. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.
 
HƏQİQƏT




Baxış sayı: 1491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024