12px13px15px17px
Tarix:03/04/12

Təyyarələrdə rabitə xidmətlərinin göstərilməsi üçün müştərək müqavilə imzalandı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə "Azerfon" telekommunikasiya şirkəti, Azərbaycan Hava Yolları (AZAL) və İsveçrənin "OnAir" şirkəti birgə layihəyə start verdi. Bu layihə çərçivəsində "Azerfon" (Nar Mobile) AZAL-a məxsus təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini sərnişinlərə təqdim edəcəkdir.

Layihənin həyata keçirilməsi artıq başlayıb və ilkin mərhələdə, 2012-ci ildə AZAL-ın 12 təyyarəsində xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya"ya uyğundur.

Bununla əlaqədar "Hilton" otelində keçirilən tədbiri açıq elan edən "Azerfon" MMC-nin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva tədbirin keçirilməsinin məqsədi haqqında ümumi məlumat verdi.

Sonra "OnAir" şirkətinin Baş icraçı direktoru Yan Dokins bildirdi ki, rəhbəri olduğu şirkəti dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir. Hazırda, təyyarələrdə mobil rabitə Amsterdamda yerləşən yerüstü rabitə stansiyası vasitəsi ilə həyata keçirilir.

O, daha sonra dedi ki, "yaxın gələcəkdə "Azerfon" şirkətinin dəstəyi ilə digər MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanın Bakıda quraşdırılması planlaşdırılır. Azərbaycanın İKT-nin inkişaf səviyyəsinə görə regionun qabaqcıl ölkələrindən biri olduğunu və "Azerfon"un Azərbaycanda innovativ texnologiyaları tətbiq etmək marağını nəzərə alaraq, biz Azərbaycanda məhz "Azerfon" və AZAL ilə əməkdaşlıq etməyə başladıq. Məmnunluqla bildirirəm ki, bu layihə yaxın bir zamanda öz nəticələrini verəcək və artıq Azərbaycan vətəndaşları da təyyarədə olarkən rabitə xidmətlərindən istifadə etməyə başlayacaqlar".

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev təyyarələrdə rabitə xidmətinin göstərilməsindən və məhz "Azerfon" (Nar Mobile) şirkəti ilə əməkdaşlıq etdiyi üçün şad olduğunu bildirib.

"Bu gün Azərbaycan hava sərnişindaşımaların tarixində və İKT sahəsində mühüm hadisələr ilə yadda qalacaq. İlk öncə, bu razılaşmaya əsaslanaraq, AZAL şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq, səmada rabitə xidmətlərinin tam çeşidini göstərərək digər bir yeniliyə imza atmış olur," – deyə AZAL-ın vitse-prezidenti bildirmişdir.  

O, layihənin Azərbaycanda tətbiqini təqdirəlayiq hal kimi qiymətləndirdi: "Bu, bizim abunəçilərimiz üçün göstərdiyimiz yüksək xidmətin göstəricisi və bütövlükdə, Azərbaycan üçün İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində irəliyə doğru atılan çox böyük bir addımdır. Artıq sərnişinlər AZAL-ın təyyarələrində mobil xidmətlərdən istifadə edəcək və bu xidmətlərin göstərilməsi hüququ yalnız "Azerfon" (Nar Mobile) şirkətinə məxsus olacaqdır. Səmada olduğumuz anda belə abunəçilərimizə tam mobil rabitə xidməti göstəriləcəkdir.

Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir. Səmada mobil rabitədən istifadə təyyarənin qalxması və enməsini istisna edərək, bütün uçuş boyu mümkün olacaqdır," – sözlərini "Azerfon" şirkətinin Baş direktoru Yurqen Pits şərh edərkən bildirmişdir.

 Daha sonra "Azərkosmos"ASC-nin sədri Rəşad Nəbiyev ölkə başçısı İlham Əliyev cənablarının  dəstəyi ilə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ölkəmizdə ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edərək bu işlərin tərkib hissəsi olaraq belə bir möhtəşəm layihənin tətbiqini təqdirəlayiq hal kimi dəyərləndirdi.

O, milli peykimizin orbitə qaldırılması ilə "Azərkosmos"ASC-nin xidmətlərindən istifadə etməyin mümkünlüyünü bildirərək  təyyarələrdə telefon, internet və digər multimedia xidmətlərini nəinki 3-8 min metr yüksəklikdə, hətta 35 min metr hündürlükdə də göstərməyin mümkün olacağını dedi.

Şirkət haqqında

"Nar Mobile" brendi ilə  tanınan "Azerfon" şirkəti  2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda, bu şirkət ölkənin rabitəsində ən ucuz qiymətləri təklif edən innovativ mobil operatordur. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə etməklə yanaşı, şirkət yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkədə ən mükəmməl "3G" texnologiyasına əsaslanan xidmətləri təklif edir.

Azərbaycan Hava Yolları (AZAL) "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

"OnAir" dünyada səmada, hava nəqliyyatında mobil xidmət göstərilməsi üçün yaradılmış yeganə şirkətdir. Şirkət insanların hətta təyyarə vasitəsilə səyahət etdiyi zaman əlaqə qurmaq imkanı yaradır. Hazırda, şirkətin dünyada 35-dən çox müştərisi var və VİP, eləcə də adi sərnişin daşınmasında bu xidmətləri göstərməkdə davam edir".
 




Baxış sayı: 3334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024