12px13px15px17px
Tarix:10/04/12

Ölkədə nağdsız ödəmələr stimullaşdırılır

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Mərkəzi Bank və digər banklarla birlikdə ölkəmizdə ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması, o cümlədən ticarət mərkəzlərində və digər aidiyyəti obyektlərdə pos-terminalların quraşdırılması istiqamətində tədbirləri davam etdirir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə,  ölkə paytaxtındakı ticarət, xidmət və ictimai iaşə obyektlərində pos-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə bölünüb. Vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi cəhətdən köməklik göstərirlər.

Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri maarifləndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.

 Digər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan pos-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 pos-terminalın qeydiyyatının mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb.

Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənmiş və pos-terminalların vergi orqanlarında onlayn rejimdə qeydiyyata alınması təmin olunur.

Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə aprelin 9-na kimi qeydiyyata alınmış pos-terminalların sayı 20 mini keçmişdir ki, bunun da 18604-ü və ya 93 %-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Məlumat üçün bildirək ki, fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11933, Bakı şəhərində isə 11156 təşkil edirdi.


CAHANGİR




Baxış sayı: 1460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024