12px13px15px17px
Tarix:18/04/12

“Hökumət Ödənişləri Portalı” yaradılır

Son dövrlərdə ölkə başçısı tərəfindən imzalanan bir sıra fərmanlarda vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, təsərrüfat subyektlərində nağd şəkildə hesablaşmaların minimuma endirilməsi, inzibati xətalara görə cərimələrin, gömrük ödənişlərinin yalnız bank vasitəsilə toplanmasının təmin edilməsi və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması barədə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanında nəzərdə tutulmuş əsas tədbirlərdən biri də göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsidir.

Verilmiş tapşırıqların icrası və həmçinin, dövlət qurumlarının ödəniş sistemləri infrastrukturuna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra işlər görülüb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

Belə ki, 8 avqust 2011-ci il tarixindən etibarən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin daxili informasiya sistemi Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) inteqrasiya edilərək sürücülərə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrini müasir ödəniş mexanizmlərindən və geniş xidmət şəbəkəsindən istifadə edilməklə rahat ödənilməsi imkanı yaradılıb.

Vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanılması, təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumları ilə birlikdə “Hökumət Ödənişləri Portalı”nın yaradılması qərara alınmış və bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilir.

Layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirliklərinin aktiv iştirakı ilə bu qurumlar tərəfindən toplanması təmin edilən vergi və tədiyə növlərinin 90 iqtisadi təsnifat kodu üzrə ödənişlərinin “Hökumət Ödənişləri Portalı” vasitəsilə toplanması təmin edilib.

Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin, Abşeron və Xaçmaz rayonları üzrə vergi ödəyiciləri haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənib.

İstifadəçilər üçün yaradılmış yeni imkan sayəsində ödənişlər qəbul edilərkən büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu və büdcə təşkilatının kodu kimi rekvizitlər avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş tranzaksiyasına əlavə edilir.

Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlığı Agentliyinin daxili informasiya sistemində avtomatik emalı təmin edilir.

Yaradılmış imkan nəticəsində yuxarıda qeyd olunan regionlarda qeydiyyatdan keçmiş vergi ödəyiciləri 40 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda KÖMİS-in internet səhifəsində (www.apus.az) və həmçinin, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında ödəniş kartları vasitəsilə yuxarıda qeyd olunan vergi və tədiyə növləri üzrə ödənişlərini apara bilərlər.

Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər hökumət qurumlarının daxili informasiya sistemləri “Hökumət Ödənişləri Portalı”na inteqrasiya olunacaq.
 
CAHANGİR




Baxış sayı: 1540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024