12px13px15px17px
Tarix:21/04/12

"Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi" mövzusunda tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusu müzakirə olunub.

AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Kompyuter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir.

İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətlərinin bilavasitə təsir göstərdiyini deyən A.Sofiyeva qeyd edib ki, internetin əsas istifadəçiləri olan uşaqlar və yeniyetmələr müvafiq təsirə daha çox məruz qalırlar. Müşahidələr göstərir ki, bu cür uşaqlarda vətənpərvərlik hisləri zəif, milli-mənəvi dəyərlər isə tam mənimsənilməmiş olur.

Onlar psixoloji baxımdan daim gərginlik yaşayır və çox asanlıqla cinayətkarların təsirinə düşürlər. Araşdırmalar göstərir ki, dünyada internetlərdən istifadə edən istifadəçilərin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz demişdir ki, internetdə biliklə, informasiya ilə bağlı xeyirli tərəflər olmaqla yanaşı, onun uşaqlar üçün ziyanlı tərəfləri də vardır. Bunların sırasına pornoqrafiya, terrorizm, milli, dini ayrı-seçkiliyi təbliğ edən informasiyaları və başqalarını daxil etmək olar. Eyni zamanda, uşaqlar üçün ifrat dərəcədə zərərli ola bilən, arzu olunmayan informasiyalara isə qəddarlığı təbliğ edən oyunlar aiddir.

Dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi konfransda internet təhlükəsizliyinin hüquqi təminatından danışılıb. Çıxış edənlər internet vasitəsilə uşaqlarda sui-istifadə hallarının yarandığını qeyd etmiş, belə halların qarşısının alınmasının vacibliyini vurğulanıb. Bildirilib ki, uşaqların informasiya asılılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübədən yararlanmalı, internetin idarə edilməsi mexanizmi yaradılmalı və uşaqların internetdən səmərəli istifadəsi üçün profilaktik tədbirlərdən istifadə olunmalıdır.

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib ki, bu gün uşaqlar xüsusilə yeni nəsil mobil telefonlara çox maraq göstərirlər.

"Bu gün uşaqlar mobil telefonlarda, internetdə daha çox şəxsi həyatla bağlı məlumatlara baxır, onlardan pornoqrafik materialların ötürülməsi üçün istifadə edirlər. İnternetin zərərli istifadəsində, uşaqların təhsildən yayınmasında internet-klubların da rolu var", - N.Quliyev qeyd edib.
 




Baxış sayı: 2315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024