12px13px15px17px
Tarix:07/07/11

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün on-layn qeydiyyat sisteminin təqdimatı olub

Azərbaycanda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün on-layn rejimində qeydiyyata alınmasına başlanması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının müasir beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən tədbirlər çərçivəsində 2011-ci il iyulun 1-dən etibarən fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanılıb.
Təqdimat mərasimində dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarına elektron qeydiyyat sisteminin (e-qeydiyyat) tətbiqi barədə ətraflı məlumat verilib, bunun nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsi olduğu qeyd olunub. Bildirilib ki, e-qeydiyyat sisteminin tətbiqi Azərbaycan prezidenti İlham Əliyevin bu il mayın 23-də imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən qəbul olunmuş tədbirlər planı çərçivəsində həyata keçirilib. E-qeydiyyat sistemi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunub. E-qeydiyyat sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirilən mühüm layihələrdən biridir.
Tədbirdə e-qeydiyyat sisteminin vergi ödəyicilərinə verdiyi üstünlüklər barədə danışılıb. Qeyd olunub ki, bu sistemin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadə kodu və şifrə-parol vasitəsi ilə uçota alınırlar. “Bir pəncərə” prinsipinin tətbiqi ilə fərdi sahibkarlar qeydiyyata durmaq üçün 2 gün sərf edirdilərsə, e-qeydiyyatın tətbiqi biznesə başlamaq üçün tələb olunan vaxtı bir neçə dəqiqəyə qədər azaldıb.
Bununla yanaşı, fiziki şəxslərin on-layn rejimində qeydiyyatı həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək, həmçinin şəffaf qeydiyyat prosedurlarının aparılmasını təsbit edəcək. İlkin qiymətləndirmələrə görə, e-qeydiyyatın tətbiqi ildə 1 mln. manata yaxın vəsaitə qənaət edilməsinə imkan verəcək.
İyulun 1-də Azərbaycanda ilk fiziki şəxs elektron qeydiyyata alınıb və sistemin tətbiqindən keçən qısa müddət ərzində bu elektron xidmətdən yararlanmaq istəyənlərin sayı sürətlə artmaqdadır. Vahid qeydiyyat orqanı olan Vergilər Nazirliyi qeydiyyatdan keçmiş fərdi sahibkarlar barədə məlumatları on-layn rejimində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və fərdi sahibkarların bank hesabı açmaq istədiyi banklara ötürür.
Tədbirin gedişində yenilənmiş İnternet Vergi İdarəsinin təqdimatı keçirilib. İdarədə fərdi sahibkarların e-qeydiyyatı bölməsi yaradılıb, www.e-taxes.gov.az portalının dizayn və naviqasiyası təkmilləşdirilib və sadələşdirilib, yeni formatda istifadəçi təlimatları yerləşdirilib. Həmçinin saytda sahibkarlıq subyektləri üçün qeydiyyat, bank hesabının açılması, fəaliyyətin dayandırılması, ƏDV qeydiyyatına alınması üçün e-ərizələr də təqdim olunub.
Tədbirdə yerli və beynəlxalq təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri çıxış edib, informasiya texnologiyalarının tətbiqinin verdiyi üstünlüklər, e-qeydiyyat sisteminin biznes mühitinin sadələşməsinə verdiyi faydalar barədə danışıblar. E-qeydiyyatın işə salınması nəticəsində Azərbaycan biznesə başlama prosedurları sahəsində dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə ediləcək ciddi irəliləyiş əldə edib. Gələcəkdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesinin də elektronlaşdırılmasının başa çatması ilə Azərbaycan təkcə regionda deyil, dünya miqyasında biznesə başlama sahəsində ən mütərəqqi sistemin tətbiqinə nail olacaq.



Baxış sayı: 4893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Oktyabr 2024

10 10 2024