12px13px15px17px
Tarix:26/04/12

“Microsoft Təhsildə Əməkdaşlıq Forumu 2013” Beynəlxalq müsabiqəsi başladı

“Microsoft Azərbaycan” şirkəti “Microsoft Təhsildə Əməkdaşlıq Forumu 2013” müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsi başladı. Ölkəmizdə müsabiqə “Microsoft Azərbaycan”, Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən dəstəklənir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən qeyd edilib ki, Azərbaycan üzrə müsabiqənin bu il qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara görə, 2013-cü ilin martında keçiriləcək Avropa üzrə Təhsildə Əməkdaşlıq Forumunda iştirak etmək istəyən müəllimlər 2012-ci il 30 iyun tarixinədək artıq tətbiq edilən tədris layihələrinin iş planlarını təşkilat komitəsinə innovativ@teacher.edu.az elektron poçtu vasitəsilə təqdim etməlidir.

Münsiflər heyəti müraciətləri nəzərdən keçirərək 50 ən yaxşı layihəni seçəcək. Növbəti mərhələdə, sentyabr-noyabr aylarında, təşkilat komitəsi və ekspertlər qrupu seçilmiş layihələr üzrə məsləhətlər verərək onların təkmilləşdirilməsini dəstəkləyəcək.

Dekabr ayında 50 layihədən ən layiqli 30-u seçilərək final mərhələyə vəsiqə qazanacaq. 2013-cü ilin Avropa forumunda Azərbaycanı təmsil edən müəllimlər məhz həmin 30 iştirakçıdan seçiləcək. Müsabiqə çərçivəsində keçirilən təntənəli mərasimdə 30 finalçının layihələrinin sərgisinin də keçirilməsi planlaşdırılır.

Təqdim olunan layihələr vasitəsilə müsabiqənin finalçıları öz layihələri haqqında həmkarlarına məlumat verəcəklər. “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramı üzrə əlaqələndiricisi Emin Axundovun sözlərinə görə, müsabiqə iştirakçılarının seçimi təqdim olunmuş layihələrin şagirdlərə müasir bacarıqlarının təkmilləşdirilməsinə xidmət etməsi əsas meyar kimi götürüləcək.

Kommunikasiya qurmaq, analiz, biliklərin sintezi, informasiya texnologiyaları ilə işləmək, nəzəriyyənin praktik müstəvidə reallaşmasına müvəffəq olmaq və s. analoji bacarıqlar müasir insanın inkişaf üçün alətləridir. İnnovativ layihələr şagirdlərin sözügedən bacarıqları artıq məktəbdə yiyələnə bilmələrinə yardım etməlidir. Müsabiqədə iştirak edən layihələr də sözügedən meyarlara cavab verməlidirlər. Ənənəvi təhsil üsullarından fərqli olaraq, təqdim olunmuş innovativ resurslar vasitəsilə şagirdlər bu və ya digər fənn üzrə müstəqil şəkildə araşdırma apara bilməlidirlər.

E.Axundov qeyd edib ki, müsabiqənin tələblərinə görə, finalçıların seçimi zamanı xüsusi diqqət İKT vasitəsilə yaradılmış layihələrə yetiriləcək: ”Yəni, müəllimin tədris metodu əsasında şagirdlərin işi layihə çərçivəsində elektron təqdimat, videofayllar, rəqəmli təsvir, veb-səhifə və digər oxşar vasitələrlə təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, burada təqdimatlar, veb-saytlar, videofayllar, internet bloqları, nəşrlər, vikipediyadan məqalələr və digər texnoloji alətlər istifadə oluna bilər”.
 
HƏQİQƏT




Baxış sayı: 1437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024