12px13px15px17px
Tarix:30/04/12

“Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimatı keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimat mərasimi keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, İsmayıl Calallının müəllifi olduğu  kitab Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf edilib. Nəşrin elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir.

Təqdimat mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə kitabın olimpiada tarixinin öyrənilməsi üçün dəyərli vəsait olduğunu vurğulayıb: “Artıq ölkəmizdə İKT sahəsində keçirilmiş olimpiadaların tarixini, təfərrüatını əks etdirən mənbəmiz mövcuddur. Kitabın neçə nəsil olimpiadaçıların yetişdirilməsində mühüm rolu olan Ramin Mahmudzadəyə həsr edilməsi də təqdirəlayiqdir”.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, beynəlxalq səviyyədə uğur qazanmaq üçün proqramlaşdırma sahəsində xüsusi istedadlı şagirdlərlə geniş iş aparılmalıdır.

İlk növbədə, olimpiada məsələlərini və onların həlli üsullarını əhatə edən çap və ya elektron materiallar olmalıdır: ”Azərbaycanın bu yarışlara 1993-cü ildən qatılmasına baxmayaraq, təəssüf ki, bu günədək ana dilimizdə informatika üzrə olimpiadalara aid heç bir vəsait yox idi. Belə bir durumda nəinki şagirdlərin çoxu, hətta onların müəllimləri də informatika üzrə beynəlxalq olimpiadaları əlçatmaz zirvə sayaraq oraya can atmırlar. Olimpiada inkişafın katalizatorudur”.

Qeyd edək ki, dörd bölüm və əlavədən ibarət olan kitabda beynəlxalq olimpiadaların keçirilməsi qaydalarından tutmuş, olimpiada məsələlərı, onların həlli metodikası və beynəlxalq olimpiadalara hazırlıq proqramlarınadək ən mühüm sahələr əks olunur.

Birinci bölümdə informatika üzrə beynəlxalq olimpiada hərəkatının inkişaf tarixi, ikinci bölümdə məktəblilər arasında informatika üzrə beynəlxalq olimpiadanın təşkili və keçirilməsi, üçüncü bölümdə olimpiada məsələlərinin məzmunu və onların həllinin yoxlanması sistemləri ilə bağlı mühüm məqamlara toxunulur.

Sonuncu bölümdə isə 2006-2007-ci illərdə məktəblilər arasında keçirilmiş informatika üzrə beynəlxalq olimpiadalarda təklif olunmuş məsələlərin şərtləri, onların həlli üçün metodik göstərişlər, eləcə də onların sınaqdan keçirilməsi və qiymətləndirilməsi sisteminin təsviri yer alıb.
 
HƏQİQƏT




Baxış sayı: 1067

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024