12px13px15px17px
Tarix:04/05/12

Rabitə və informasiya texnologiyaları sektoru üzrə 2012-ci ilin I rübünün nəticələri uğurlu olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

Kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışmış, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və  bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin I rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Qeyd olunub ki, bu sahədə görülən uğurlu işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin sıxlığına görə MDB-də liderliyini qoruyub saxlayıb.

Kollegiya iclasında cari ilin I rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər  və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Çıxış edən məruzəçi bildirib ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Məlum olub ki, hesabat dövründə rabitə və informasiya texnologiyaları sektorunda gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,1 faiz artaraq 303,4 milyon manat təşkil edib.

Ötən illə müqayisədə real artım tempi İKT sektorunda 8,0 faizə, o cümlədən, telekommunikasiya sektorunda 8,1 faizə, poçt sektorunda 6,9 faizə, informasiya sektorunda 17,4 faizə, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7 faizə bərabər olub. Bundan əlavə, genişzolaqlı internet və elektron xidmətlərin tətbiqi ilə bağlı xüsusi məruzələr dinlənilib.

Məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.Kollegiyaya yekun vuran nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılması nəzərdə tutulan Elektron Hökumət üzrə Dövlət Agentliyinin strukturunun formalaşdırılması, “E-hökumət” portalının fəaliyyətinin, “Elektron imza”ların verilməsinin, ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyi  və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı  müvafiq tapşırıqlar verib.
 
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də qəbul olunan Dövlət Proqramlarının icrası nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilib.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rabitə və informasiya texnologiyaları sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə təsdiq olunub.

Tədbirlər Planının və həmçinin RİTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2012-ci ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası nəzarətə götürülüb.

Hesabat dövrü ərzində özəl sahibkarlıq subyektlərinin inkişafı, sektorun fəaliyyətinin təşviqi diqqət mərkəzində olub və bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci ilin I rübü ərzində 62 yeni iş yeri açılıb.

01.04.2012-ci il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 310,2 manat təşkil edib ki, bu da ötən ilin mavafiq dövrü ilə müqayisədə 11,2 % çoxdur.
Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 647.2 manat, poçt sektorunda isə 208.4 manat təşkil edib.

Məlumat üçün bildiririk ki, hazırda respublika üzrə orta aylıq əməkhaqqı 368,5 manat təşkil edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Belə ki, 2012-ci ilin I rübü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 76.4 mln. manat proqnoza qarşı 81.9 mln. manat gəlir əldə edilib ki, bu da proqnozla müqayisədə 7,2%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.
 
Ölkənin rabitə sistemi müasir dünya standartları səviyyəsinə çatdırılır
 
Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub.
Bu məqsədlə hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 41.7 mln. manat investisiya qoyuluşu həyata keçirilib.

2012-ci ilin I rübündə sektora 84.9 milyon manat  investisiya qoyulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə çoxdur və ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4.0%-ni təşkil edir.

Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilən investisiya layihələri çərçivəsində hesabat dövründə 4  ədəd yeni EATS istismara verilib, 2 ədəd ATS rekonstruksiya olunmuş, 6 ədəd ATS-də genişləndirmə işləri aparılıb, 17 ədəd TV-radio vericisi quraşdırılıb və 2 ədəd poçt şöbəsi binası tikilib. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu  3 000 nömrə artırılıb. Beləliklə, ölkə üzrə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 733 607 nömrəyə çatdırılıb.

Hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı  ərazini əhatə  etmiş və  abunəçilərin sayı 29079 ədəd (o cümlədən BTRİB üzrə 8888 ədəd, “Aztelekom” İB üzrə 20191 ədəd) təşkil edir.
 
Əhalinin hər 100 nəfərinə 18,6 ədəd telefon  aparatı düşür
 
 Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 3043 ədəd artırılaraq 1 468 478 ədəd təşkil edib.

 Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 36,4 ədəd, respublikanın digər ərazilərində 10,99 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Eyni zamanda, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,5 ədəd, respublikanın digər ərazilərində isə 47,53 ədəddir.
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
 
Ölkəmiz trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir
 
Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2010-cu illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq 86,8 Gb/s-ə çatıb və artıq ölkəmiz trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. Belə ki, Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür.

2012-ci ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.5 mln. dəqiqə azalaraq  152.5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 5.6 mln. dəqiqə artaraq 45.6 mln. dəqiqə təşkil edib.

Ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14,0% artmış, giriş trafiki isə 8% azalıb. Ümumi çıxış trafikinin artımı “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib. Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində  “Azercell” MMC-dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə  43.0% (7,7 milyon dəq.) arıb.

Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub.

Beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 150  ədəd artırılaraq 9266 ədədə çatdırılıb.
Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxışının telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.

Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM layihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.
 
İlk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlər davam etdirilir
 

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlər hesabat dövründə də davam etdirilib.
Telekommunikasiya peykinin hazırlanması üzrə işlər qrafik üzrə aparılır. Peykin test prosesləri may ayında  başlayacaq. Peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə institutları ilə imzalanmış kredit sazişlərinə uyğun olaraq kredit vəsaitlərindən istifadə olunaraq, şirkətə ödənişlər aparılır.

“AZERSPACE-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin I rübü ərzində ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə hazırlıq işləri davam etdirilib.
 
“4G LTE” texnologiyasının tətbiqi ilə bağlı araşdırmalar aparılır
 
 Respublikamızda “4G LTE” texnologiyasının tətbiqi ilə bağlı uyğun tezlik diapazonlarından istifadə edilməsi üzrə digər ölkələrin təcrübələri nəzərə alınmaqla mobil operatorlarla birgə texniki araşdırmalar aparılır.
 
 İKT-nin cəmiyyətdə tətbiqi istiqamətində də ardıcıl işlər görülüb
 
Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş

“Elektron xidmət növlərinin Siyahısı” yenidən işlənmiş və Nazirlər Kabinetinə təqdim edilib;

Eyni zamanda,  RİTN və onun tabeliyindəki müəssisələrin rəsmi internet ehtiyatlarında yaradılmış “elektron xidmət” bölmələrinin texniki, təhlükəsizlik və tərtibat baxımından təkmilləşdirilməsi davam etdirilib.
Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən RİTN və onun tabeliyindəki qurumlar tərəfindən göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri hazırlanıb və hazırda təkmilləşdirilməkdədir.

Ötən 3 ay ərzində dövlət orqanlarının “elektron hökumət şlüzü” və “elektron hökumət portalı”na qoşulması üzrə tədbirlər davam etdirilib. “Elektron hökumət şlüzü”nə qoşulmuş qurumların sayı 16-ya, onların “elektron hökumət portalı”nda yerləşdirilmiş elektron xidmətlərinin sayı isə 56-ya çatdırılıb və  “Elektron hökumət” portalının birinci fazası  bu günlərdə istifadəyə verilib.
 
Dövlət orqanlarının əməkdaşlarına 1030 ədəd “elektron imza” verilib
 
Dövlət orqanlarının, həmçinin “elektron imza”dan istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin “elektron imza” sertifikatları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, 01.04.2012-ci il tarixinə 1030 ədəd “elektron imza” dövlət orqanlarının əməkdaşlarına verilib. Onlardan 470 ədəd RİTN-in struktur bölmələrinin əməkdaşlarına, 560 ədəd mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilib.
 
Həmçinin, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi məqsədilə RİTN və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Bakı Ofisi arasında “Elektron hökumət” təlim-tədris mərkəzinin yaradılması” qrant layihəsinin həyata keçirilməsi ilə bağlı Protokol imzalanıb və müvafiq işlərə başlanılıb.
 
83 elektron xidməti qeydə alınıb
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarının 4.1-ci bəndinə əsasən elektron xidmətlər reyestrinin formalaşdırılması təmin edilib. Mərkəzi icra hakimiyyəti orqanlarının müraciətlərinə uyğun olaraq, 14 qurumun 83 elektron xidməti qeydə alınaraq reyestrin məlumat bazasına daxil edilib və bu istiqamətdə işlər davam etdirilir.
 
Bütün yaşayış məntəqələrində sürətli internetin tətbiqi genişləndirilir
 
Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20.0 ədədə, internet istifadəçilərinin sayı isə 65.0-ə bərabər olub Hazırda respublika üzrə hər 100 nəfərə 30-dan artıq genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.0 dəfə çoxdur.
Hazırda ölkənin bütün yaşayış məntəqələrində sürətli internetin tətbiqinin genişləndirilməsi, əhalinin genişzolaqlı xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində əhəmiyyətli tədbirlər görülür.  
Bu sahədə görülən işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2012” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib.

Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir.
Bu il  keçiriləcək “Eurovision-2012” beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi münasibətilə  ölkəmizdə rabitə sahəsində bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə start verilmiş və RİTN-in 28.11.2011-ci il tarixli 209 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycanda “Eurovision - 2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı” Tədbirlər Planına uyğun olaraq müvafiq işlər görülüb və işlər davam etdirilir.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə bağlı təkliflər paketi hazırlanıb
 
Məlum olduğu kim, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli 2095 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.

Fondun Əsasnaməsi və vəsaitlərindən istifadə ilə bağlı Qaydalar layihəsi, eyni zamanda, ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının  artırılması və bu sahədə sahibkarlığın inkişafının sürət­lən­diril­məsi, xarici investisiyaların təşviqi və İKT sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsini nəzərdə tutan təkliflər paketi hazırlanıb. Təkliflər paketində İKT sahəsi üzrə vergi-gömrük güzəştlərinin tətbiqi, İKT texnoparkının yaradılması və sair tədbirlər nəzərdə tutulub. Bu istiqamətdə əlaqədar qurumlarla müvafiq iş aparılır. 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması məqsədilə RİTN-də komissiya yaradılıb. Habelə komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu tərəfindən İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar arayış hazırlanaraq Prezident Administrasiyasına təqdim olunub.
 
Dövlət orqanlarının vahid sənəd dövriyyəsi sisteminin tətbiqi məqsədilə pilot layihə hazırlanıb
 
Dövlət orqanlarının vahid sənəd dövriyyəsi sisteminin tətbiqi məqsədilə MHM-də pilot layihə hazırlanıb və bu layihənin ilkin mərhələdə RİTN-in struktur mərhələlərində tətbiqi planlaşdırılır.
 
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyəti daha dayaxşılaşdırılır
 
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin I rübü ərzində “Teleradio” İB tərəfindən 17 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Bundan 15 ədədi analoq radio-TV verici, 2 ədədi DVB-T TV rəqəmli vericilərdir.

 Tələb olunan avadanlıqlar ölkəyə gətirilməklə HD radio yayımın test işlərinə başlanılıb və sınaq yayıma qısa müddətdə başlanması nəzərdə tutulur. Eyni zamanda, İTV ilə teleqüllə arasında “Everest” avadanlığı quraşdırılmaqla, HD TV proqramının teleqülləyə ötürülməsi təmin edilib.

Artıq rəqəmli televiziya yayımına keçid istiqamətində görülmüş işlər nəticəsində respublika əhalisinin yaşadığı ərazi­lərin 85 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib və 2012-ci ildə respublika ərazisində analoq televiziya yayımının dayandırılacağı və rəqəmli yayımın qalan ərazilərdə tətbiqi nəzərdə tutulur.
 
Göründüyü kimi, respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişaf edir  və yola saldığımız 2012-ci ilin I rübündə sektorda əhəmiyyətli tədbirlər görülüb, müsbət uğurlara imza atılıb.
 
  




Baxış sayı: 2427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024