12px13px15px17px
Tarix:11/05/12

İKT məhsullarının istehsalının genişləndirilməsi üçün müəyyən güzəştlərin edilməsi zəruridir

Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi istiqamətində yürüdülən uğurlu siyasət artıq bir sıra sahələrdə öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirilir, ardıcıl və sistemli islahatlar aparılır.

Qısa zaman kəsiyində əldə olunan nailiyyətlər iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması, dayanıqlı inkişafın təmin olunması, prioritet təşkil edən informasiya-kommunikasiya texnologiyalarının inkişafının sürətləndirilməsi ilə bağlıdır.

Hazırda dünyada İKT-nin yaratdığı imkanlar, bunun nəticəsində sosial, iqtisadi, hüquqi, mədəni sahələrdə baş verən dəyişikliklər yeni reallıqlar yaradır, fərqli ictimai münasibətlər, informasiya cəmiyyətini formalaşdırır, iqtisadiyyata yeni yanaşmanın zəruriliyini ortaya qoyur.

Elə bu səbəbdəndir ki, dünya ölkələri öz iqtisadiyyatlarında İKT-nin rolunu artırmaq üçün ona böyük önəm verir və bu sahənin inkişafı naminə bir sıra güzəştlərə, eləcə də sərmayə qoyuluşlarına diqqəti artırırlar. Dünyanın qabaqcıl dövlətləri kimi, Azərbaycanda da bu proses elmi cəhətdən əsaslandırılaraq, məqsədyönlü şəkildə həyata keçirilir.

Hazırda ölkədə bir sıra İKT məhsulları istehsal olunur. İstehsalın həcmi də günü-gündən artmaqdadır. İstehsal həcminin daha da artırılması imkanı mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi ona müəyyən dividendlər gətirir, ixrac şəraitini yaxşılaşdırır. Belə ki, ölkəmiz özünün istehsalı olan məhsullarını qonşu dövlətlərə, eyni zamanda yaxın bölgələrə ixrac edə bilər.

Elə məhz bu səbəbdəndir ki, bu gün Azərbaycan özünün ixrac tutumlu İKT məhsullarının istehsalına böyük diqqət yetirir. Bu diqqətin nəticəsi olaraq yerli məhsulların istehsalını inkişaf etdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İnformasiya Kommunikasiya Texnologiyaları məhsullarının komponentləri üçün xüsusi vergi və gömrük rejiminin tətbiq edilməsi təklif olunur.

Bununla bağlı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Rabitə dünyası» qəzetinə verdiyi müsahibəsində İKT sahəsində fəaliyyətin stimullaşdırılması məqsədi ilə bir sıra təkliflərin nəzərdə tutulduğunu bildirib: «Bu təkliflər arasında vergi və gömrük güzəştlərinə xüsusi diqqət ayırmaq lazımdır. Belə ki, ölkənin İKT sahəsində yerli istehsalın və müasir xidmətlərin artımı, eyni zamanda ixrac yönümlü layihələrin inkişafı vergi və gömrük güzəştlərinin tətbiqi nəticəsində reallaşacaqdır.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, güzəştlər hazır İKT məhsullarına şamil olunmayacaqdır. Güzəştlər yalnız İKT məhsullarının komponentlərinə, müxtəlif detallara və yüksək texnoloji tutumlu elektron avadanlıqlara  tətbiq ediləcəkdir. Bu yolla İKT sahəsində ixrac yönümlü istehsalın inkişafına və ölkə iqtisadiyyatında İKT sektorunun xüsusi çəkisinin artımına nail olmaq mümkündür».

Göründüyü kimi, güzəştlərin ayrı-ayrı avadanlıqlara tətbiq olunması təklif olunur. Bunun da məqsədi ondan ibarətdir ki, İKT məhsulları Azərbaycanda  hazırlansın. Belə olduqda bir sıra yeni iş yerləri açılacaq.
Sözügedən güzəştlərlə bağlı fikirlərini açıqlayan iqtisadçı Zahid Məmmədov qəzetimizə bildirib ki, ölkədə İKT məhsullarının istehsalının miqdarını artırmaq üçün müəyyən güzəştlərin edilməsi labüddür: «Mən 2000-ci ildə bu məsələ ilə bağlı məqalə və kitab yazmışam.

Bütün dünya hazırda informasiya cəmiyyətinə  doğru gedir. Artıq kapital informasiya cəmiyyətinə xidmət edir. Dünyada artıq insan kapitala deyil, kapital insana xidmət edir. Kapitalın insana xidmət etdiyi toplum «İnformasiya cəmiyyəti» sayılır. Təbii ki, informasiya texnologiyalarının inkişafı Azərbaycanda ən prioritet sahələrdən biridir.

Respublikamızda gələcəkdə informasiya texnologiyalarından əldə edilən gəlirlər neft gəlirlərinə çatacaq. Hazırda bu istiqamətdə  ölkədə İKT sahəsi üzrə ciddi işlər həyata keçirilir. Bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması təqdirəlayiq haldır.

Bu sırada Elektron Hökumət Agentliyinin yaradılmasını da xüsusi qeyd etməliyik. Bütün bunlar da İKT sahəsinin inkişaf etdirilməsi istiqamətində geniş işlərin aparılmasının təzahürüdür. Bu sahədə işlər davam edir və biz düşünürük ki, vergi güzəştlərinin tətbiqi, güzəştli kreditlərin verilməsi daha çevik nəticələrin əldə olunmasına müsbət təsir edə bilər».

Qısa bir müddətdə Azərbaycanın özünün kompyuter istehsal etməyə başladığını vurğulayan Z.Məmmədov hesab edir ki, İKT-də ixrac tutumlu məhsul istehsalını inkişaf etdirmək üçün gömrükdə müəyyən güzəştlərin edilməsi qaçılmazdır: «Bu güzəştlər edilməlidir ki, digər avadanlıqları, məhsulları istehsal edə bilək.

Bütün dünyada bu cür güzəştlərdən istifadə olunur. Çünki bu güzəştlər ölkənin iqtisadiyyatının daha da güclənməsinə xidmət edir. İstehsal prosesi elədir ki, məhsulun tam hazır olması üçün bir sıra avadanlıqlar başqa ölkələrdən gətirilir. Məsələn, ABŞ kompyuter istehsal etmək üçün onun avadanlıqlarının 80 faizini Çindən idxal edir. Yəni bu cür idxallar və onlara gömrükdə güzəştlərin edilməsi normal haldır.

Bir var xırda fabrikatlar, bir də var hazır məhsul. Azərbaycanı bu gün hazır məhsullar ixrac edən ölkələr sırasına gətirmək mümkündür. Düşünürəm ki, hələ biz hazır məhsul ixrac edən şirkətlərə vergi güzəştləri tətbiq etməliyik. Burada İKT sahəsi ilə bağlı azad iqtisadi zona da yaradıla bilər, müxtəlif rayonlarda texnikapark qurula bilər. Bu məsələlərlə bağlı Belarus modeli mövcuddur. Orada İKT sahəsi inkişaf edib. Zənnimcə ki, Belarusun təcrübəsindən istifadə etmək olar».

İqtisadçı millət vəkili Vahid Əhmədov da məsələ ilə bağlı danışarkən güzəştlərin tətbiq olunmasının vacibliyini söyləyib: «Mən hesab edirəm ki, istehsalla əlaqədar gömrük güzəştlərinə getmək olar. Həmişə bunun tərəfdarı olmuşam. Burda elə bir ciddi problem yoxdur. Bura əlavə dəyər vergisini də daxil etmək olar. Çünki orada 18 faizə yaxın ödəmə var. Güzəştlər deyəndə burada hazır məhsuldan söhbət getmir. Burada yalnız avadanlıqdan söhbət gedir. Bu da ona görədir ki, yeni iş yerləri açılsın, istehsal artsın, ölkədə istehsal olunan İKT məhsulları xaricə ixrac olunsun və sairə».

Seymur Qasımbəyli




Baxış sayı: 2042

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024