12px13px15px17px
Tarix:22/05/12

MTN Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxsləri ifşa edib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxsləri ifşa edib.

MTN-in İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Zeynalov Fuad Fərmayıl oğlu, Vahabov Bazay Vahab oğlu, Hacıyev Abbas Ağakişi oğlu, Fərhadov Şahin Ərdəşir oğlu, Ağayev İxtiyar Baxış oğlu və Məmmədov İlham Həsən oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər.

Məlum olub ki, Fuad Zeynalov, Bazay Vahabov, Abbas Hacıyev, Şahin Fərhadov, İxtiyar Ağayev və İlham Məmmədov «Azerfon» MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər.

Bundan sonra, adları çəkilən şəxslər xaricdə istehsal olunmuş «GSM» kanal paylayıcılarını və digər texniki avadanlıqları əldə etmiş və onları Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar.

Dəstə üzvləri «Azerfon» MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 51 ədəd «GSM» mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər.

Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 100 min manat ziyan vurulub.
Kompleks əməliyyat tədbirləri çərçivəsində MTN tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınıb.

Belə ki, Çin Xalq Respublikasının vətəndaşı Lin Vei və qeyriləri «Azerfon» MMC və «Bakcell Ltd» MMC-nin mobil operator şəbəkələrində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Lin Vei Bakı şəhərinin Nəsimi və Xətai rayonlarında, habelə Gəncə şəhərində kirayə götürdüyü mənzillərdə xaricdə istehsal olunmuş müxtəlif markalı «GSM» kanalpaylayıcılarını icazəsiz quraşdırmış və İnternet kanalı icarə edərək qanunsuz fəaliyyət göstərməyə başlayıb.
 
Bundan sonra, Lin Vei «Azerfon» MMC və «Bakcell Ltd» MMC-yə məxsus 69 ədəd «GSM» mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz son bir ay ərzində birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etməklə külli miqdarda ziyan vurub.

Həmin mənzillərə keçirilmiş baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin «Azerfon» MMC və «Bakcell Ltd» MMC-yə məxsus 8 min 500 manatdan artıq dəyərdə işlənmiş və 2 min 455 manatlıq istifadə edilməmiş ödəmə kartları aşkarlanıb.

Qeyd olunub ki, həyata keçirilmiş bu əməliyyat tədbirləri nəticəsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri vərdişlərə malik şəxslərin Azərbaycan dövlətinin iqtisadi mənafelərinə, “Azerfon” MMC və “Bakcell Ltd” MMC mobil operatorlarının işinə ciddi mane olan qanunsuz sahibkarlıq fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda, həmin icazəsiz rabitə şəbəkələrindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb.
 
Faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Baxış sayı: 1494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024