12px13px15px17px
Tarix:31/05/12

Videokonfrans sistemi vasitəsilə distant formada kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aktiv sosial müdafiə proqramlarının icra vəziyyəti və  inkişaf perspektivlərinin, əhaliyə xidmətin yüksəldilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi və vətəndaş müraciətlərinin araşdırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə keçən iclasda videokonfrans sistemi vasitəsilə distant  formada nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak edib.

İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər,  habelə aktiv sosial müdafiə tədbiri olan «Özünədəstək» - birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.

Eyni zamanda,  yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib.

İclasda vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv və ədalətli baxılması  işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. Nazir müzakirə olunan məsələlərlə bağlı aidiyyəti strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.

Sonda kollegiya iclasının qərar layihəsi oxunaraq qəbul edilib. Qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların İcra hakimiyyətlərinə təqdimatlar verilib.

Həmçinin Ağcabədi,  Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-nin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 nəfər əməkdaş tutduqları vəzifədən azad ediliblər.

Quba və  Lənkəran rayon ƏSMM-nin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşa töhmət verilməklə, Gədəbəy və Şəmkir rayon ƏSMM-nin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın ixtisas dərəcəsi bir pillə aşağı salınıb. Ağcabədi rayon ƏSMM-nin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın vəzifə maaşları bir il müddətinə 20 faiz azaldılıb.

Yevlax rayon ƏSMM-nin direktor vəzifəsinin əmək  funksiyalarını  icra edən  şəxsin stasionar müalicədə olduğu nəzərə alınaraq onun vəzifə məsuliyyətinə işə başladıqdan sonra baxılacağı qərara alınıb. Qərara əsasən, fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə Naftalan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkiminə sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət verilib.

Nazirlikdən bildirilib ki, 2010-cu ildə nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları  təşkil edilir. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərdə də mövcud olan və həmin rayonlarla videoəlaqə yaratmaq imkanı verən bu sistemin cari ildə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024