12px13px15px17px
Tarix:01/06/12

Sahibkarlığın inkişafı üçün yeni texnologiyaların tətbiqinə əsaslanan 29 investisiya layihəsi maliyyələşdirilib

Bakı qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərini davam etdirən İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) növbəti tədbirini Sabunçu rayonunun Ramana qəsəbəsində keçirib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov respublika prezidentinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən, yaradılmış “www.icazeler.gov.az” saytı barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İİN rəsmisi bildirib ki, bu portal informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edəcək.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev isə güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələrdən danışıb.

Onun sözlərinə görə, bu ilin əvvəlindən ötən dövr ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1071 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,7 milyon manat güzəştli kredit verilib: “Bakı qəsəbələri üzrə isə 80 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4070-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 290 investisiya layihəsinin  maliyyələşdirilməsinə 46,1 milyon manat güzəştli kredit verilib”.

O cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 29 layihə maliyyələşdirilib ki, onlardan 9-u faraş tərəvəz məhsulları və dekorativ bitkilər yetişdirilən müasir istixana təsərrüfatı, 8-i müasir quşçuluq təsərrüfatı, 7-si müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisəsinin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun, mebel fabrikinin və tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin payına düşür. Ş.Abdullayev bildirib ki, yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və 1 mebel fabriki artıq istifadəyə verilib.
 
HƏQİQƏT





Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024