12px13px15px17px
Tarix:01/06/12

Xarici pasportlarda elektron daşıyıcı yerləşdiriləcək

Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı parlamentdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Yeni qanun layihəsinə əsasən ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir. Müqayisə üçün bildirək ki, hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulub.

Bundan əlavə, qanun layihəsində vurğulanır ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək. Həmçinin vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, xarici pasportların 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur.

Layihədə göstərilir ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.

Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.
Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəklinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

SEYMUR




Baxış sayı: 3210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024