12px13px15px17px
Tarix:11/07/11

İKT ilə bağlı beynəlxalq simpozium başa çatıb

Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan–6: Naxçıvan Dövlət Universiteti və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq ənənəvi “Elektron Naxçıvan” layihəsinin əhəmiyyətindən, beynəlxalq əməkdaşlıq sahəsində virtual əlaqələrin inkişafından, ötən bir ildə müxtəlif videokonfrans və videodərslərin keçirilməsindən, distant təhsil üçün mükəmməl baza yaradılmasından danışıb.
Universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədi ilə elektron kitabxana, internet mərkəzləri, Cisko akademiyası, təhsil qeydiyyat mərkəzi, informasiya texnologiyaları şöbəsinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, artıq bir ildir ki, universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazisində “Wi-Fi” kampus internet şəbəkə sistemindən istifadə edilir. Bu, dünya elminə, təhsilinə inteqrasiyaya, beynəlxalq elmi əlaqələrin inkişafına öz əməli bəhrəsini verməkdədir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətindən, ölkədə informasiya cəmiyyətinin formalaşmasından, Muxtar Respublikada müasir elektron telekommunikasiya şəbəkəsindən istifadə olunmasından, elektron universitet yaradılmasından bəhs edib.
Rusiya Federasiyasının Novosibirsk vilayətinin təmsilçisi Aleksey Bespalikov qloballaşan müasir dünyada İKT-nin əvəzsiz rolundan, xüsusilə ali təhsil sahəsindəki əhəmiyyətindən söz açıb.
Simpoziumun videokonfranslar bölməsində İsveçrənin Cenevrə, Türkiyənin Ankara və Almaniyanın Leypsiq şəhərləri ilə canlı bağlantı yaradılmışdır. Videokonfransda ənənəvi “Elektron Naxçıvan” layihəsinin əsas təşkilatçılarından olan, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, professor Yasek Gacevskinin “İnternet cəmiyyəti qrantları - internet sahəsindəki layihələrin maliyyələşdirmə imkanları kimi”, Ankara Universitetinin prorektoru, professor Yasemin Yalımın “Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq”, Leypsiq Tətbiqi Elmlər Universitetinin əməkdaşı, professor Klaus Haensgenin “Univent” TEMPUS layihəsi üzrə görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda məruzələri dinlənilib.
Sonra universitetin fakültələrinin əldə etdiyi nailiyyətlər və İKT-nin inkişaf vəziyyəti ilə bağlı müsabiqə başlamışdır. Müsabiqə zamanı universitetin fizika-riyaziyyat, beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq və kənd təsərrüfatı, memarlıq və mühəndislik, tibb, sosial idarəetmə və hüquq, iqtisad fakültələri, habelə magistratura üzrə dekanlıqla bağlantı yaradılıb. Fakültə dekanları müəyyən olunmuş vaxt ərzində müxtəlif informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fakültənin tarixi, elm, təhsil və beynəlxalq əməkdaşlıq sahələri üzrə dolğun məlumat verməli idilər. Müsabiqə zamanı təqdimatlardakı səs, görüntü keyfiyyəti, müasir informasiya texnologiyalarının geniş imkanlarından istifadə səviyyəsi əsas götürülüb.
Rasim Əliquliyevin rəhbərlik etdiyi münsiflər heyətinin yekun rəyinə əsasən, iqtisad fakültəsi birinci, magistratura bölməsi ikinci, fizika-riyaziyyat fakültəsi isə üçüncü yerə layiq görülüb. Beynəlxalq simpoziumda İKT-dən istifadə etməklə dərs keçməkdə fərqlənmiş müəllimlərdən Əli Cabbarov, Zərəfşan Babayeva, Seyid Surə, Nazim Bababəyli, Əlövsət Quliyev, Malikəjdər İbrahimov fəxri fərmanla təltif olunublar.
Sonda rektor, akademik İsa Həbibbəyli bildirib ki, beynəlxalq simpozium indiyə qədərki “Elektron Naxçıvan” layihələrində həyata keçirilmiş qlobal şəbəkələr universitetdə lokal şəbəkələrin də inkişaf səviyyəsinə əhəmiyyətli təsir göstərib”.
Naxçıvan Muxtar Respublikasının (MR) rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov simpoziumun işini yüksək dəyərləndirərək, tədbirin MR-də, xüsusilə də ali təhsil sistemində ən yeni informasiya texnologiyalarının daha geniş tətbiqi və mənimsənilməsi istiqamətində mühüm rol oynayacağını vurğulayıb.



Baxış sayı: 2439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024