12px13px15px17px
Tarix:02/06/12

MSN tərəfindən ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi xidməti qismən avtomatlaşdırılıb

Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən ixrac nəzarətinə düşən mallar- işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri üzrə xüsusi icazənin verilməsi ilə bağlı elektron xidmət qismən avtomatlaşdırılıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə MSN-dən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, xüsusi icazə - ixrac nəzarətinə düşən ikili təyinatlı malların və mülki dövriyyəsi məhdudlaşdırılmış  hərbi, silah-sursat və döyüş təyinatlı hərbi texnika istehsalı üçün avadanlıqların ixrac-idxal əməliyyatlarının həyata keçirilməsini əhatə edir.

Xidmətin icraçısı yalnız Müdafiə Sənayesi Nazirliyidir: "Xüsusi icazə təqdim olunmuş sənədlərdə, sifarişlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gün müddətinə verilir.

Nazirlikdə yaradılmış xüsusi komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında müraciət edənə xüsusi icazə təqdim olunur. İnteraktiv və ödənişsiz olan bu xidmətin istifadəçiləri fiziki və hüquqi şəxslərdir". Nazirlikdən qeyd edilib ki, xüsusi icazə almaq üçün ərizədə hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü yer almalıdır.

Fiziki şəxslər üçün ərizədə də onun adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü göstərilməlidir. Bundan başqa, malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat, malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat, bağlanmış müqavilənin (kontraktın) surəti, ixrac edilən malın mənşə sertifikatının əsli də tələb olunan sənədlərə daxildir.

Həmçinin sifarişçilərin (ərizəçilərin) vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti, ixrac edilən malın mənşə sertifikatının əsli, təklif, ərizə, şikayət və şəxsin öz tələblərini əsaslandırdığı  qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər də vacibdir. İstifadəçilər üçün daim açıq olan bu xidmət növü hər hansı qaydada məhdudlaşdırılmır: "Doldurulmuş forma qəbul edildikdən sonra nazirliyin informasiya sistemində qeydiyyata düşür. Müraciətə baxıldıqdan sonra bu barədə müraciət edənə cavab göndərilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə sifarişçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə 5 gün müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir. Zəruri hallarda təqdim olunmuş sənədlər ekspert rəyi alınması üçün müvafiq təşkilatlara göndərilir və ekspert rəyinin alınma müddəti xüsusi icazənin verilmə müddətinə daxil deyil.

Sifarişçilərə xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə onlara imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir". Xidmətlə bağlı yaranmış mübahisələr də mövcud qanunvericiliyə uyğun həll edilir.
 
HƏQİQƏT





Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024