12px13px15px17px
Tarix:18/06/12

Onlayn rejimdə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 9 minə çatır

Dövlət qeydiyyatında “Bir pəncərə” prinsipinin tətbiqindən - 1 yanvar 2008-ci il tarixdən ötən müddət ərzində (may ayının 31-dək)  Bakı şəhəri üzrə 75765 fiziki, 13713 hüquqi şəxs qeydiyyatdan keçib. May ayının 31-nə olan məlumata görə, onlayn rejimdə dövlət qeydiyyatına alınan vergi ödəyicilərinin sayı 8958-ə çatıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, son dörd il ərzində qeydiyyata alınan kommersiya hüquqi şəxslərin 94,4 faizinin təşkilati-hüquqi forması MMC olub: “Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, elektron qeydiyyatın iki forması - sürətli və adi elektron qaydası müəyyənləşdirilib.

Sürətli elektron qeydiyyat zamanı təkmil sertifikata malik, gücləndirilmiş elektron imzaya malik olan istənilən Azərbaycan vətəndaşı heç bir sənəd əlavə etmədən, onlayn rejimdə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olaraq, sadəcə, özü, təkbaşçı icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı doldurmaqla elektron qaydada hüquqi şəxsi qeydiyyatdan keçirə bilər. Bu zaman təsis qərarı və nizamnamə onlayn rejimdə sistem tərəfindən avtomatik hazırlanır”.

Adi elektron qeydiyyat zamanı da müraciət edənlərə bütün imkanlar yaradılıb. Belə ki, ödəyici özü hüquqi şəxsin adını və idarəetmə formasını, nizamnamə kapitalının məbləğini müəyyən edərək, tərtib etdiyi nizamnamə və qərar formasını müraciət ərizəsinə əlavə edə bilər.

Qeyd edək ki, xidmətlərin elektronlaşdırılması ödəyicilərə bir sıra üstünlüklər qazandırıb. Belə ki, bu sahədə aparılan və hazırda da davam etdirilən ardıcıl islahatlar nəticəsində elektron qeydiyyat ödəyicilərə sadə, məkansız, rahat, sərfəli, şəffaf kimi prinsipial üstünlüklər verir: “Sadə olan budur ki, vergi ödəyicisi yalnız bir dövlət orqanına onlayn müraciət etməklə qeydiyyat prosedurlarını həyata keçirə bilir. Həmçinin hansı məkanda olmasından asılı olmayaraq, müxtəlif yerlərdə olan şəxslərin bir araya gəlmədən istənilən şəxslə istədikləri vaxtda hüquqi şəxs yaratmaq imkanı yaranır.

Hər hansı sənədin notarial təsdiqi və ya əlavə edilməsi zərurətinin aradan qaldırılması da vergi ödəyicilərinin rahatlığına xidmət edir. Qeydiyyat prosesində dövlət rüsumunun ləğv edilməsi və  nizamnamə kapitalının dərhal ödənilməsi zərurətinin aradan qaldırılması sərfəlilik prinsipini önə çıxarır”.

Bundan başqa, sürətli qeydiyyatın təşkili üçün təsisçi yalnız sistem tərəfindən ona təqdim edilən qərar və nizamnamə ilə tanış olub onları elektron qaydada imzalaya bilər. Sahibkar-məmur ünsiyyətinin olmaması isə şəffaflığın təmin olunmasında önəmli rol oynayır.

Nazirliyin apardığı təhlillər göstərir ki, vergi ödəyiciləri onlayn qeydiyyat prosesini, eləcə də elektron xidmətlər sahəsində aparılan işləri, yenilikləri müsbət qarşılayırlar: “Göstərilən xidmətlərin ən böyük üstünlükləri vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin sadələşdirilməsinə, səmərəliliyin artırılmasına xidmət etməklə yanaşı, göstərilən xidmətlərin optimal vaxtda internetə çıxışı olan istənilən yerdən həyata keçirilməsinə, şəxslərin vergi orqanlarına gəlmək asılılığının minimuma endirilməsinə yönəlib”.

Bundan başqa, elektron xidmətlər vergi ödəyiciləri ilə fiziki əlaqə formasının məhdudlaşdırılmasına, eləcə də həm vergi ödəyiciləri, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına şərait yaradır.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024