12px13px15px17px
Tarix:19/06/12

Sosial şəbəkələr əmək yarmarkasına daha çox məzun cəlb edib

Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş ənənəvi VII “Məzun 2012” əmək yarmarkasına start verilir. Ənənəvi olaraq hər il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məzun” əmək yarmarkası 20 iyun tarixində saat 10:45-də yeddinci dəfə Azərbaycan Dövlət İqtisad Universitetində  gerçəkləşəcək. “Məzun 2012” əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank (iri və orta biznes nümayəndələri) və dövlət qurumları 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif ediləcək.

Əgər 2006-cı ildə tədbirdə işəgötürənlər yalnız bank sektoru ilə təmsil olunmuşdularsa, “Məzun 2012” yarmarkasında həm dövlət, həm də özəl qurumları təmsil edən rabitə, maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və qurumları iştirak edəcəklər.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, builki məzun yarmarkasının fərqli cəhətlərindən biri işəgötürənlər arasında digər ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya, Kanada) fəaliyyət göstərən şirkətlərin də iştirak etməsidir.

Eyni zamanda, təşkilat komitəsi tədbir barədə məlumatın daha geniş auditoriyaya çatdırılması məqsədi ilə müasir texnologiyalardan istifadə edərək internetdəki sosial şəbəkə qruplarına müraciət edib.

Nəticədə Türkiyənin, Gürcüstanın, Rusiyanın, Şimali Kipr ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar “CV”-lərini təşkilat komitəsinə göndərib. Komitə isə, öz növbəsində, həmin “CV”-ləri yarmarkada  iştirak edən şirkətlərə çatdırmışdı. Yarmarkada tam demokratik və şəffaflıq şəraitində məzunların (tələbə və magistrlərin) dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşlər təşkil edilir, nəticədə ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin edilirlər.

Bununla da, məşğulluğun yüksəldilməsi, sahibkarlığın inkişafı və yoxsulluğun azaldılması üzrə ölkə prezidentinin proqramları praktiki olaraq reallaşdırılır: “Təhsil sektorunun sosial əhatəliyinin geniş olmasını nəzərə alaraq, “Məzun 2012” yarmarkasını çox mühüm hadisə kimi qiymətləndirmək olar. Bu tədbirin dövlət səviyyəsində dəstəklənməsi ölkə prezidentinin gənc və peşəkar kadrların işlə təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasi kursunu bir daha nümayiş etdirəcək və sahibkarlıq sektorunun inkişafına güclü təkan verəcək.

Prezident İlham Əliyevin dövlət siyasətinin prioriteti elan etdiyi təhsil sferasında uğurlu innovasiyalı tədbirlərdən biri Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən “Məzun” yarmarkalarıdır. Həyata keçirilən modernləşmə siyasəti çərçivəsində ADİU-da artıq ənənəvi xarakter alan məzun yarmarkalarında 2006-2011-ci illərdə 2000-dən çox məzun daimi işlə, 1000-ə yaxın məzun isə müqavilə əsasında işlə təmin olunub. Qeyd olunan illərin təcrübəsi təsdiq edir ki, bu tədbirlər çox müsbət sosial-siyasi effekt doğuran yeni təhsil texnologiyası forması kimi çıxış edir”. 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024