12px13px15px17px
Tarix:29/06/12

RASİM ƏLİQULİYEV: «Azərbaycan İnternet trafikininin yüklənməsinin qarşısını almaq üçün mütərəqqi təşəbbüslə çıxış edib»

Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) "Google" və "Facebook" kimi iri internet-şirkətlərdən onların trafikinin provayderlərin şəbəkəsində yaratdığı yüklənməyə görə ödəniş almağı təklif edib. "ETNO" təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) göndərib. Məlumat üçün bildirək ki, sözügedən layihə 2012-ci ilin dekabrına təyin edilmiş iclasda müzakirə olunacaq.

"ETNO"-nun üzvləri bildirirlər ki, müasir şəbəkələr üzrə böyük həcmli trafik ötürülür. Provayder isə bu trafiki təmin etmək üçün keyfiyyətli infrastruktur yaratmalıdır. Bu isə xeyli vəsait tələb edir. Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur xərclərini provayderlər arasında bölüşdürməlidir və xərclərin bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə daxil edilməlidir.

Onu da qeyd edək ki, qərargahı Brüsseldə yerləşən "ETNO" assosiasiyasına Avropanın 38 telekommunikasiya şirkəti daxildir və burada sözügedən məsələnin müsbət həll olunacağına böyük ümidlər bəslənilir. Lakin bununla belə böyük şirkətlərdən internet trafikinin yüklənməsinə görə vergilərin tutulmasının əleyhinə olanlar da var.

Bir sıra iqtisadçı ekspertlər hesab edirlər ki, trafikin yüklənməsinə görə verginin tutulmasının heç bir iqtisadi əsası yoxdur və bu, şirkətlərə gələcəkdə problemlər yarada bilər. İqtisadçıların qənaətincə, bütün şirkətlər öz gəlirlərindən müəyyən vergiləri ödəyirlər və bununla da onların fəaliyyətləri qanuniləşir. Bundan başqa, yəni qanunla nəzərdə tutulmayan vergilərin şirkətlər tərəfindən ödənilməsini tələb etmək beynəlxalq normalara və hüquqlara tərs mütənasibdir.

Sözügedən məsələ ilə bağlı fikirlərini «Rabitə dünyası» qəzetinə açıqlayan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, hazırda internet bütün dünyada informasiya cəmiyyətinin qurulması prosesini  öz üzərinə götürməkdədir. «Yəni internetin imkanları artdıqca, yeni xidmətlərin tətbiqi genişləndikcə, sosial şəbəkələr inkişaf etdikcə, saytların sayı artdıqca müxtəlif xarakterli məlumatları, yəni delta informasiyaları, səsi, videonu, audionu sanki özünə çəkir.

Məsələ bundan ibarətdir ki,  dünyada bir informasiya assimmetriyası deyilən anlayış var. Bütün dünya ölkələri eyni səviyyədə inkişaf etməyib. Buna görə də fərqlərə baxmadan internetin hər yerdə eyni səviyyədə olması üçün imkanları yoxdur» - deyən R.Əliquliyev əlavə edib ki, inkişaf etmiş ölkələrin imkanları çox geniş olduğundan onlarda provayderlərin məlumatları saxlama, xüsusi xidmətləri göstərmək şansları da böyükdür.

İnternet üzərində olan trafik mənbələrinin dünyanın müxtəlif ölkələrində yerləşdiyini xatırladan institut direktoru hesab edir ki, bu da bir növ ədalətsiz bir mühit yaradır: «Yəni internet üzərində ayrı-ayrı insanlar, ayrı-ayrı ölkələr bundan istifadə etdikcə  müəyyən qiymət siyasəti ilə rastlaşırlar.

Çünki hər bir ölkənin özünün qiymət siyasəti,  iqtisadi mexanizmləri var. Amma buna baxmayaraq dünyada, qeyd etdiyim kimi, informasiya balansının pozulması, informasiya assimmetriyasının mövcud olması belə problemləri meydana gətirir. Ona görə də internetin özü get-gedə informasiya dünyasını, virtual məkanı öz üzərinə götürdükcə belə problemlər daha tez-tez ortaya çıxacaqdır.

Çünki internetin özünün də, hər bir prosesdə olduğu kimi, iqtisadi əsasları, iqtisadi siyasəti vardır. Onun xərclərini ödəmək lazımdır. Məsələn, trafiklərin daşınması çox böyük xərc tələb edir. Bunun saxlanması qismən az xərc tələb etsə də, daşınmasında  olan problemin həlli bu gün dünyada mühüm məsələlərdən biridir.

Çünki informasiya assimmetriyası getdikcə genişlənir və  eyni zamanda peyk operatorları məlum ölkələrin əlindədir. Yəni hər bir kəs ondan bərabər istifadə edə bilmir. İnternetin qiymətlərinin sürətlə aşağı düşməməsinin səbəbləri də elə bundan ibarətdir ki, informasiyanı daşıyanlar, peyklər, provayderlərin hamısı inkişaf etmiş ölkələrdədir. Ona görə də belə bir disbalansın yaranması dünyada müzakirə olunan məsələdir.

Onun üçün də ölkəmizdə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi BMT qarşısında məsələ qaldırıb ki, dünyada olan informasiya assimmetriyası aradan götürülsün, ayrı-ayrı ölkələr, məsələn, Azərbaycanın ətrafında olan ölkələr də bundan istifadə etmək imkanı əldə edə bilsinlər. Elə "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın missiyası da ondan ibarətdir ki, Şərqdə olan informasiya Azərbaycan vasitəsi ilə Qərbə nisbətən ucuz qiymətə daşınsın.

Eyni zamanda Azərbaycan Qərb üçün bir növ Şərqə DATA mərkəzləri toplamaqla, məsafəni qısaltmaqla xərcləri azalsın. Ona görə  Azərbaycan da dünyada olan bu prosesdə yaxından iştirak edir, öz töhfəsini vermək istiqamətində çalışır və region ölkələri üçün belə bir layihəni ortaya qoyur. Ona görə də həmin qiymət məsələsinə toxunaraq bildirirəm ki, hazırda bu məsələ ilə bağlı son söz demək mümkün deyil.

Çünki hələlik bu, dünya tərəfindən müzakirə olunan mövzudur. Hazırda müxtəlif şirkətlər trafikdən daha çox istifadə edirlər. Öz kontentlərini iqtisadi bir əmtəə kimi bazara çıxardırlar, çoxlu gəlir əldə edirlər. Çoxlu gəlir əldə edənlər də əlbəttə ki, çoxlu pul verməlidir. Məntiq bunu deyir. Ona görə də dünyada internetin tənzimlənməsi aktual məsələdir».

R.Əliquliyevin sözlərinə görə, hazırda bütün dünyada internetin hüquqi tərəfləri ilə yanaşı, onun iqtisadi tənzimlənməsi məsələsi də gündəmdə duran mövzulardan biridir. İnstitut direktorunun qənaətincə, internetin iqtisadi tənzimlənməsi də beynəlxalq hüquqa, beynəlxalq əməkdaşlığa əsaslanmalıdır: «Çünki ayrı-ayrı ölkələrin iqtisadi əsasları ilə bütün interneti tənzimləmək qeyri-mümkündür. Ona görə də məsələ aktualdır və dünyada internetin özünün digər problemlərlə yanaşı, onun iqtisadi əsaslarının, pul siyasətinin, maliyyə siyasətinin formalaşması da müzakirə mövzusudur».

İnternet trafiklərini yükləyən şirkətlərin isə gəlirlərindən nə qədər vergi verməli olduğunu indidən deməyin çətinliyini önə çəkən R.Əliquliyevin sözlərinə görə, buna səbəb hər bir ölkənin özünün mili maraqlarının, iqtisadi təhlükəsizlik siyasətinin mövcudluğudur: «Dünya üzrə qlobal iqtisadi təhlükəsizlik anlayışı bu günlər hələ idarə olunan proses deyil. Ona görə də hər bir ölkənin vergi, iqtisadi maraqları və siyasəti var. Bu səbəbdən də güman etmirəm ki, dünya üzrə internetin iqtisadi şəkildə tənzimlənməsi üçün hələlik hansısa bir normaları olsun.

Sadəcə olaraq bu, çağırışlar və baxışlardır. Aparıcı, informasiya iqtisadiyyatı ümumdaxili məhsulun böyük bir hissəsini təşkil edən və üstəlik, internet iqtisadiyyatı inkişaf edən ölkələrdə bu məsələ daha aktualdır. Çünki onların gəlirləri göstərilən informasiya xidmətlərindən əldə olunur. Ona görə də Avropa ölkələrində, Amerikada bu məsələ daha aktual hesab olunur.

Hələlik Azərbaycan üçün bu, o qədər də təhlükə yaratmır, o qədər də aktual deyil. Lakin zaman keçdikcə, əlbəttə, Azərbaycan da bu məsələlərə toxunacaq və ölkəmizdə internet iqtisadiyyatı formalaşdıqca bu səpkili problemlər Azərbaycana da aid olacaq və ölkəmiz  beynəlxalq səviyyədə qəbul edilmiş tənzimləmə normalarına qoşulacaq».

Seymur Qasımbəyli





Baxış sayı: 1440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024