12px13px15px17px
Tarix:29/06/12

Elektron proqram təminatı ilə həyata keçirilən müəllimlərin işə qəbulunda yeniliklər olacaq

Bu il Azərbaycanın orta məktəblərindəki vakant yerlərə işə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq. Müəllimlərin işə qəbulu ilə bağlı ötənilki prosedurlar daha təkmil formada həyata keçiriləcək. "ICTnews" elektron xəbər xidməti bildirir ki, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, əsas yenilik müəllimlərin imtahan verdikdən sonra müəyyənləşdirilən minimal bal həddi ilə bağlıdır.

Belə ki, ötən il müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddi götürülür: "Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq".

Qeyd edək ki, iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başlayır. 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilməsinin təşkili məqsədilə verilən əmrə görə, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

Ümumiyyətlə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada üçmərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu üzrə müsabiqə səhifəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament", "Vakant yerlər barədə məlumat forması", "Elektron ərizə forması", "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat", "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları", "Test suallarının cavablandırılmasına dair təlimat", "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat" və "Şəxsi səhifə" yerləşdirilir. Müsabiqədə iştirak etmək üçün internet vasitəsilə "Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu bir qayda olaraq hər il 1-15 iyul tarixlərində aparılır. Zərurət yaranarsa, elektron ərizələrin qəbulu vaxtı dəyişdirilə bilər və bu barədə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan verilir".

Nazirlikdən bildirilib ki, hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər: "İki və daha artıq yer seçənlər vakant yerlərin ardıcıllığına diqqət yetirməlidirlər. Çünki elektron proqram təminatı imtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi zamanı seçim ardıcıllığını birincidən başlayaraq nəzərə alır.

Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər kod və parol vasitəsilə "Şəxsi səhifə"yə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər".

Müsabiqənin birinci mərhələsində elektron proqram təminatı "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" əsasında hər bir namizədin qiymətləndirilməsini aparır. İşə qəbul üzrə müsabiqənin ikinci mərhələsində isə imtahan keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və "Test bankı" hazırlanır. İmtahanda hər bir namizədə fərdi olaraq kompyuterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir.

İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

Namizədlər "Şəxsi səhifə"yə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.

Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər "Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa), gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin işə qəbuluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon (şəhər) strukturundan razılıq məktubu və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin surətini) təsdiqlənmək və müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim edirlər.

Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizədin müsabiqə nəticələri ləğv olunur və bu barədə şikayətə baxılmır. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Şəxsi səhifə" daxilində yerləşdirilir.

Uyğun ixtisas üzrə müsahibə başa çatdıqdan sonra bir həftə müddətində müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər "Şəxsi səhifə"yə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış olub əlavə yerləşdirmə üçün seçim edə bilərlər. Ə

lavə yerləşdirmə üçün boş qalan yerlərin seçimi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir.

Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə göndərilir. İşə qəbul, eləcə də işdən azad olunan müəllimlər haqqında məlumatlar ən geci 10 gün müddətində "Təhsilin idarəolunmasının məlumat sistemi"nə yerləşdirilməsi üçün Təhsil Nazirliyinə göndərilir.
 
Həqiqət İSABALAYEVA
 




Baxış sayı: 3389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024