12px13px15px17px
Tarix:30/06/12

Qubada sahibkarlar üçün elektron xidmətlərin təqdimatı keçirilib

İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə sahibkarlar üçün elektron xidmətlərin təqdimatı davam etdirilir.

Növbəti təqdimat Quba rayonunda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 100-dən çox sahibkar iştirak edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından Beynəlxalq Maliyyə Korporasiyası ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlərlə bağlı bölmə yaradılıb.

Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Zaur Nuruyev icazələrin elektron informasiya portalı (http://www.icazeler.gov.az/) barədə məlumat verib, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Beynəlxalq Maliyyə Korporasiyasının “İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (http://www.yoxlama.gov.az/), “Minimax” şirkətinin nümayəndələri Cavid Xəlilov və Cavanşir Hüseynov isə kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş “www.biznesinfo.az” internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriblər.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin əməkdaşı Osman Xaliyev və Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə İnfrastrukturunun  Təkmilləşdirilməsi Layihəsinin nümayəndəsi Teymur Heybətov sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatı diqqətə çatdırıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024