12px13px15px17px
Tarix:05/07/12

Cəlilabad sakininin internet problemi həll olundu

Cəlilabad rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 45 ünvanında yaşayan Məlikov Anar «Rabitə dünyası» qəzetinə müraciət edərək şəxsi mənzilinə keyfiyyətsiz internet xidmətinin göstərilməsindən şikayət edib. Şikayətçi bildirib ki, artıq 4 aydır «DATA+» provayderi vasitəsi ilə mənzilinə internet xətti çəkdirib: «Lakin evdə hər 15 dəqiqədən bir internetimiz kəsilir. Bununla bağlı rayonun Telefon Kommunikasiya Qovşağına müraciət etdim.

Gəldilər, baxdılar və dedilər ki, xətlərdə problem var. Bundan sonra mən evimin bütün telefon xətlərini yenilədim. Köhnə kabelləri ən keyfiyyətli xətlərlə əvəzlədim. Lakin yenə də problem həll olunmadı. Bu dəfə isə bildirdilər ki, problem ümumi xətdədir».

A.Məlikov bildirib ki, internetin tez-tez kəsilməsi ona internetdən sərbəst və rahat şəkildə istifadə etməsinə imkan vermir: «İnternet kəsiləndən sonra mən kompyuteri yenidən söndürüb yandırmalıyam.

Bu da həm çox vaxt aparır, həm də insanın əsəblərinə təsir edir. Mən hər ay 10 manat internet pulu və üstəgəl telefonun abunə haqqını vaxtlı-vaxtında ödəyirəm. Ona görə də istəyirəm ki, evimdə normal şəkildə internet olsun və ondan da sərbəst şəkildə istifadə edə bilim. Sizdən xahiş edirəm ki, məsələni araşdırasınız və bununla da problem öz həllini tapsın».

Qəzetimizin əməkdaşları şikayətlə bağlı Cəlilabad Telefon Kommunikasiya Qovşağının rəisi Zaur Məmmədovla əlaqə saxlayıb. Z.Məmmədov sözügedən məsələni araşdırdıqdan sonra bildirib ki, həqiqətən də vətəndaş A.Məlikovun yaşadığı ünvana gedən telefon xətlərində problem olub.

Lakin həmin problem də dərhal telefon telekommunikasiya qovşağının əməkdaşları tərəfindən aşkarlanaraq həll olunub: «Biz sözügedən ünvana gedən xətlərdə problemin olduğunu müəyyənləşdirdik. Bundan sonra daxili imkanlar hesabına 50 metr uzunluğunda xətti dəyişdirdik. Artıq problem həll  olunub və abunəçi göstərilən xidmətdən tam razıdır».

SEYMUR




Baxış sayı: 1556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024