12px13px15px17px
Tarix:07/07/12

“SİNAM” şirkəti büdcə təşkilatları üçün maliyyə və mühasibat uçotu hesabatlar sistemini yaradır

Azərbaycanda və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda "elektron hökumət" həlləri üzrə aparıcı sistem inteqratorlarından biri olan "SİNAM" şirkəti hazırda daha bir mürəkkəb layihənin icrasına başlamışdır. "SİNAM" şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Korporativ və dövlət sektoru mühasibatlığı" layihəsi çərçivəsində Büdcə təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Sisteminin (BTMMUH) yaradılması və tətbiqi (Mərhələ 1) üzrə 11.11.2011-ci il tarixində keçirdiyi tenderin qalibi olmuşdur. Layihənin həyata keçirilməsi üçün 21.05.2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə "SİNAM" şirkəti arasında müqavilə imzalanmışdır.

"SİNAM" şirkətinin prezidenti Elçin Əliyev bizimlə söhbətində bildirdi ki, layihənin məqsədi müasir dünya təcrübəsinə əsaslanan maliyyə və mühasibatlıq sistemini respublikanın büdcə təşkilatlarında tətbiq etməklə dövlət siyasəti və vəsaitlərinin analizi sahəsində potensialın gücləndirilməsi və modernləşdirilməsinə dəstək verməkdir.

İngilis dilində "FARABİ" adı altında tanınan BTMMUH sistemi büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun müasir uçot və hesabatlılıq, yeni mərkəzləşdirilmiş və müştəriyə hesablanmış informasiya sisteminin tətbiqini, idarəetmə vərdişlərinin yüksəldilməsi və həm də sadələşdirilmiş daxili və xarici hesabatlılıq prosesinin həyata keçirilməsini təmin edəcəkdir.

Layihə çərçivəsində  Mühasibatlıq, Baş kitab, Kadrların uçotu, Əsas Vəsaitlərin uçotu, Əməkhaqqı, Maliyyə hesabatları, Analitik hesabatlar üçün "Oracle BI" və Təlim kurslarının idarə olunması üçün "Clix LMS" komponentlərindən ibarət veb-əsaslı "FARABI" sistemi yaradılacaq və Maliyyə Nazirliyinin DATA Mərkəzində quraşdırılacaq.





Büdcə və digər təşkilatlar maliyyə və mühasibatlıq hesabatlarının hazırlanmasını və təqdim edilməsini DATA Mərkəzə birləşərək "FARABI" sistemindən istifadə etməklə yerinə yetirəcəklər. Layihənin ilkin fazasının 14 ay müddətində reallaşdırılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə "FARABI" sisteminə 35 dövlət və özəl ali məktəbin və 4 nazirliyin birləşdirilməsi nəzərdə tutulmuşdur.

Gələcəkdə sözügedən sistemə qoşulacaq təşkilatların sayının artırılması və sistemə həmin təşkilatlardan qoşulan istifadəçilərin (lisenziyaların) ümumi sayının 4000-ə çatdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, "FARABI" sisteminə Azərbaycanın bütün nazirlikləri və digər dövlət qurumlarının qoşulması planlaşdırılır. Maliyyə Nazirliyinə maliyyə hesabatları verən digər qurumlar da bu sistemə qoşulacaq.
 
"FARABI" sisteminin ümumi arxitekturası
 
"FARABI" sisteminin yaradılması və tətbiqi tenderin qalibi olmuş "SİNAM" şirkəti tərəfindən Maliyyə Nazirliyinin bu layihə üzrə işçi qrupu ilə birlikdə həyata keçiriləcək.

"FARABI" sisteminin ilkin mərhələdə qoşulması nəzərdə tutulmuş təşkilatlarda qısa müddətdə müvəffəqiyyətli tətbiqi üçün işçi qruplar formalaşdırılır. Həmin işçi qrupların effektiv fəaliyyəti üçün lazım olan şəraitin (layihənin icrası üçün lazım olan məlumatlara girişin, müvafiq kompyuter və ofis avadanlıqlarının, internet bağlantısının təminatı, ayrılmış işçilərin digər işlərə cəlb olunmaması, qrupun işinə daimi nəzarətin təmin olunması və s.) yaradılması istiqamətində işlər görülmüşdür.

Bu layihə çərçivəsində "SİNAM" şirkəti tərəfindən yaradılmış Müəssisə Resurslarının İdarə olunması Sistemi (SERP) artıq uzun müddətdir ki, müxtəlif dövlət qurumlarında və özəl sektorda müvəffəqiyyətlə istifadə olunur. "SİNAM" şirkətinin texniki laboratoriyasında ən müasir texnologiyalar əsasında yaradılan "SERP" sistemi dünyanın analoji aparıcı proqram həllərindən texniki səviyyəsinə görə heç də geri qalmır. "SERP"-in üstünlüyü isə Azərbaycan qanunvericiliyinə və milli mühasibat standartlarına tam uyğunluğu, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsinə təqdim olunmaq üçün maliyyə və digər hesabatların hazırlanması, mühasibatlığın eyni zamanda bir neçə valyutada aparılması, istifadə üçün sadə və çoxdilli interfeysə malik olması, e-imza həlli ilə inteqrasiya olunması kimi xüsusiyyətlərə malik olmasındadır.  

"SERP" sistemi təşkilatın bütün biznes proseslərini planlaşdırmaq, qeydiyyata almaq, nəzarət etmək və təhlil etmək üçün vahid mühit yarada bilən veb-proqram kompleksidir. Təklif olunan həll eyni müvəffəqiyyətlə müxtəlif təşkilatlarda: kiçik firmalar və böyük istehsalat komplekslərində, holdinqlərdə, dövlət və özəl şirkətlərdə tətbiq oluna bilər. 

"SERP" sistemi bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan altsistem və modullardan ibarətdir. Baxmayaraq ki, bu sistem və modulların birgə istifadəsi təşkilat üçün daha səmərəlidir, onlar ayrı-ayrılıqda da istifadə oluna bilər.






"SİNAM ERP" (SERP) sisteminin ümumi arxitekturası

Məsələn, "Kadr resursları" (SHR) bloku kadrlar şöbəsinin fəaliyyətinin avtomatlaşdırılmasını mümkün edir. SHR "Şəxsi Kartlar", "Ştat Cədvəli", "Tabel", "Ezamiyyətlər", "Təhsil və İnkişaf", "İşə qəbul" və "İşçilərin qiymətləndirilməsi" modullarından ibarətdir.

"Şirkətin Mühasibat Sistemi" (EAS) bütün mühasibat sənədlərinin konsolidasiyası, izlənməsi və eləcə də bu sənədlərə əsaslanan hesabların aparılması üçün yaradılmışdır. "EAS" şirkətin fəaliyyətinə nəzarət etməyi, koordinasiyasını aparmağı bacarır və bura "Anbar", "Əsas vəsaitlər", "Xəzinədarlıq", "Bank Əməliyyatları", "Müqavilələr və Layihələr", "Əməkhaqqı" modulları daxildir. 

"FARABI" sisteminin yaradılması üçün "SERP" sisteminə daha iki sistem inteqrasiya olunacaq: "Oracle Business Intelligence" (BI) proqram təminatı və "Clix LMS. ORACLE BI" proqram təminatı vasitəsilə yaradılan  "Maliyyə hesabatları" modulu maliyyə nəticələrinin dərin təhlil edilməsinə və təhlil nəticələrdən büdçə planlaşdırılmasında istifadə olunmasına imkan verəcəkdir.

Təlim resurslarının idarə edilməsi modulunu xüsusi qeyd etmək lazımdır. Bu modul müasir distant tədris texnologiyaları əsasında mütəxəssislərin təlimini təmin edəcək. Almaniyanın distant tədris texnologiyaları əsasında yaranan "Clix LMS" adlanan bu modul artıq müvəffəqiyyətlə Bakı Dövlət Universitetində "Elektron universitet" layihəsi çərçivəsində tətbiq edilmişdir. Bu modulun layihə çərçivəsində tətbiqi, "SİNAM" şirkəti tərəfindən, sistemin tətbiqinin həm 1-ci mərhələsində, həm də sonrakı mərhələlərində sistem istifadəçilərinin sayının kifayət qədər çox və geniştərkibli olması ilə əlaqədar olaraq təklif olunmuşdur.

Məqsəd isə müasir multimedia imkanlarından istifadə edərək uzaqdan təlim prosesini tətbiq etməklə istifadəçilər tərəfindən "FARABI" sistemi ilə iş vərdişlərinin mənimsədilməsi prosesinin effektivliyini artırmaq və sistemin tətbiqi müddətini azaltmaqdır.

"FARABI" sistemində informasiya təhlükəsizliyinə xüsusi diqqət verilmişdir. Belə ki, sistemdə ən son SSL və "Açıq Açar" infrastrukturu (PKI) texnologiyalarına əsaslanan təhlükəsizlik və idarəetmənin tətbiqi nəzərdə tutulmuşdur. Bu iş "SİNAM" şirkətinin elektron imza həlli olan "SPKIS" sisteminin "FARABI" sisteminə inteqrasiyası vasitəsilə həyata keçiriləcək. Onu da qeyd etmək lazımdır ki, "SPKİS" sistemi "FARABI" sisteminin nüvəsini təşkil edən "SERP" proqram təminatına tam şəkildə uyğundur.
   




Baxış sayı: 6634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024