12px13px15px17px
Tarix:09/07/12

Azərbaycanda patent sisteminin idarəolunması avtomatlaşdırılır

Azərbaycanda patent sisteminin idarəolunmasının avtomatlaşdırılması layihəsinin icrası uğurla davam etdirilir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən həyata keçirilən layihə ölkəmizdə "E-Azərbaycan" Dövlət Proqramı çərçivəsində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin tətbiqi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin göstərilməsi və s. mühüm istiqamətləri əhatə edir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılmasına dair" qrant razılaşması layihəsi 11 oktyabr 2011-ci il tarixində bağlanıb: "Hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə Koreyanın tanınmış "Siriussoft corp." şirkəti tərəfindən əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılmış məlumat axtarış sistemi, elektron sənəd dövriyyəsi, elektron nəşrlər, tədris mərkəzi və s. yaradılması istiqamətində işlər aparılır. Sistemin işə salınması üçün zəruri olan server, kompyuter və digər zəruri texniki avadanlıqların bir qismi alınaraq komitədə quraşdırılıb.

Kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə yaradılacaq yeni sistem milli səviyyədə texnoloji yanaşmanın istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edəcək, Azərbaycanda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, tədqiqatçılara patent sisteminə dair informasiyaları asanlıqla əldə edə bilməsinə yardım edəcək. Sistemin tətbiqi elmi-tədqiqat işlərinin genişlənməsinə, ixtiraların, innovasiya məhsullarının çoxalmasına və informasiya texnologiyaları bazarının inkişafına səbəb olacaq.

Tədris Mərkəzinin yaradılmasında əsas məqsəd əqli mülkiyyət sahəsi üzrə mütəxəssislərin, patent müvəkkillərinin hazırlanması, əqli mülkiyyət obyektləri barədə məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir".

F.Talıblı qeyd edib ki, layihənin əsas diqqət çəkən məqamlarından biri də əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçıların dövlət rüsumu, ekspertiza və s. ödəmələrinin elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcəyi ilə bağlıdır. Artıq bununla bağlı Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə "Qolden Pay" MMC arasında müqavilə də imzalanmışdır: "Layihə Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli fərmanının icrası çərçivəsində komitənin qarşısında duran tədbirlər planının tərkib hissəsinə daxildir".
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1422

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024