12px13px15px17px
Tarix:11/07/12

Yerli mobil operator gənclərin İT sahibkarlığına dəstək verir

“Azercell Telekom” MMC bir qrup gənc proqramçıları mükafatlandırıb. “Barama” layihəsi çərçivəsində keçirilən müsabiqə qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Mərasimdə Anar Nəcəfzadənin yaratdığı “İ love Azerbaijan” adlı “Facebook” oyunu birinci yerə, Arif Cavadovun yaratdığı “MafiaClan” adlı “Facebook” applikasiyası isə ikinci yerə layiq görülüb. Qaliblərə “Azercell Telekom” MMC-dən sertifikat və dəyərli hədiyyələr təqdim olunub.

“Barama” layihəsi çərçivəsində keçirilən müsabiqəyə ümumilikdə 57 iştirakçı müraciət edib. Müsahibə mərhələsində onlar arasında 8 ən güclü proqramçı seçilib. Təqdim edilən təşəbbüslər arasında “Android”, “İOS”, “Symbian”, “Blackberry” platformaları və “Facebook” üçün yazılmış applikasiyalar olub. Bu gənclərə “Azercell”in İT mütəxəssislərinin köməyilə öz layihələrini reallaşdırmaq imkanı yaradılıb.

Seçim zamanı ideyanın və dizaynın orijinallığı, layihənin interaktivlik səviyyəsi və funksionallığına diqqət yetirilib. Növbəti mərhələyə keçən gənclər müsabiqə çərçivəsində öz təşəbbüslərini reallaşdırmaqla təcrübə qazanıblar, həmçinin  müxtəlif platformaların iş prinsipi ilə yaxından tanış olublar. Onlara  İT üzrə mütəxəssislərlə birbaşa işləmək, məsləhət almaq imkanı yaradılıb.

Müsabiqənin əsas məqsədi müxtəlif platformalar üçün proqram yazan gəncləri bir araya gətirməklə yerli mobil applikasiyalar bazarının inkişafına dəstək olmaqdır. Bu sahədə çalışan gənclərin inkişafına təkan verməklə “Barama” İnnovasiya Mərkəzi ümumilikdə ölkədə İKT sahəsinin inkişafına öz töhfəsini vermiş olur. Bundan əlavə, “Barama”da layihələrinin icrası zamanı  əldə edilmiş təcrübə gənc proqramçılara öz İT şirkətlərini yaratmaq üçün həvəsləndirici stimul kimi xidmət edir.

İki ildən çoxdur açılan “Barama” İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənc hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar. “Barama” İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onları gerçəkləşdirmək imkanı yaradılır.  




Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024