12px13px15px17px
Tarix:13/07/12

Məktəblilər üçün zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 milyon veb-saytına çıxış məhdudlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı” çərçivəsində yaradılmış Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən “Vebsens” proqramının İnternet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 milyon veb-saytına çıxış məhdudlaşdırılıb.

Dünyanın məzmun üzrə aparıcı informasiya təhlükəsizliyi proqramı olan “Vebsens”-də onlayn rejimdə “WebCatcher” servisi vasitəsilə zərərli hesab edilən mövzular üzrə saytlar indeksasiya edilir və avtomatik olaraq məhdudlaşdırılmış informasiya resursları qrupuna salınır.

Bununla yanaşı, mütəxəssislər vasitəsilə də mütəmadi olaraq qlobal şəbəkədə internet-resursların analizi aparılır. Azərbaycanda zərərli veb-rerurslar üzrə tematik qrupların müəyyən olunması “Təhsil müəssisələrində internetdən istifadənin təşkili və məzmunun süzgəclənməsi şurası” tərəfindən həyata keçirilir.

Əsasən uşaqların psixikasına mənfi təsir göstərə biləcək bütün veb-resurslar, o cümlədən pornoqrafiya, aqressiv davranış, ekstremizm, narkotik və alkoqollu içkiləri təbliğ edən və ümumiyyətlə, yetişən nəsil üçün etik və mənəvi qaydalara uyğun olmayan müxtəlif saytlara çıxış məhdudlaşdırılır.

Bununla yanaşı, texniki nöqteyi-nəzərdən kompyuterlər üçün virus “hücum”u təhlükəsi olan veb-rerurslara da çıxışın qarşısı alınır. Qlobal internetdə uşaqlar üçün təhlükələrin artdığını nəzərə alaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və “İntel” korporasiyasının “1şagird: bir kompyuter” layihəsi çərçivəsində netbuklarla təmin olunmuş 2 min şagirdə “təhlükəsiz internet” paketindən yararlanmaq üçün imkan yaradılmışdır.

Bu paket vasitəsilə həmin netbuklardan istifadə edən şagirdlər, nəinki məktəbdə, həmçinin məktəbdən kənarda da internet-filtrasiya sistemi vasitəsilə zərərli veb-resurslardan qoruna bilir. Bununla yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinə xidmət edən “AZEDUNET” təşkilatı hər bir valideyn üçün “Təhlükəsiz İnternet” paketini öz övladlarnın kompyuterlərinə qoşmaq imkanı da yaratmışdır.

Qeyd etmək lazımdır ki, uşaqlar üçün təhlükəsiz internet problemi dünya ölkələrində ciddi yanaşılan məsələlərdən biri hesab edilir. Məsələn, Avstraliya bu sistemin təşkilinə 126 milyon dollar vəsait ayırmışdır. Bu prosesə yeni başlayan Rusiyada isə bəzi hesablamalara görə, 500 milyon dollar tələb olunur.

Böyük Britaniyada təhlükəsiz internet problemi ilə məşğul olan “İnternet Watch Foundation” təşkilatının illik büdcəsi 1 milyon funt-sterlinq təşkil edir. “İnternet Watch Foundation” tərəfindən istifadəçilərin hər il təxminən 40 min şikayəti üzrə araşdırmalar aparılır. RƏVAN



Baxış sayı: 1345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024