12px13px15px17px
Tarix:14/07/12

Naxçıvanda “E-hökumət”in tətbiqi uğurla davam edir

Naxçıvan Muxtar Respublikası “E-hökumət”in tətbiqi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olaraq Maliyyə, Səhiyyə nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və onların struktur idarələrini əhatə edən korporativ kompyuter şəbəkəsi layihələndirilərək istismara verilib.

Maliyyə, Vergilər nazirlikləri, DSMF, Mərkəzi Bank, Dövlət Gömrük və Statistika komitələrini əhatə edən elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün “Mail Server” işə salınmış, Naxçıvan Beynəlxalq Hava Limanının və Türk Hava Yolları Naxçıvan nümayəndəliyinin onlayn bilet satışı və sərnişinlərin qeydiyyatı sisteminin işləməsi üçün Naxçıvan Hava Limanında lokal şəbəkənin quraşdırılması və optik kabel üzərindən sürətli internetin verilməsi təmin edilib.

Gömrük Komitəsi, Baytarlıq xidməti, Sanitar-Karantin xidməti və GEM-ə fiziki xətt üzərindən sürətli ethernet şəbəkəsi qurulub. Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı vasitəsilə sürətli genişzolaqlı internet xidməti istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ilə Sədərək Gömrük İdarəsi, Naxçıvan Beynəlxalq Hava Limanı, Şahtaxtı Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi arasında daxili kompyuter şəbəkə infrastrukturu yaradılıb.


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyindəki strukturlar arasında müasir telekommunikasiya şəbəkəsi qurulmuşdur. Bütün bunlar isə “elektron hökumət” və informasiya cəmiyyəti quruculuğunun əsasını təşkil edir. Müasir informasiya texnologiyalarının tətbiqi nəticəsində Naxçıvan şəhərində keçirilən “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun açılış mərasiminin internet üzərindən canlı yayımı təmin edilib. Prezident, parlament və bələdiyyə seçkiləri keçirilən dairə və məntəqələr telefonlaşdırılmış, 25 seçki məntəqəsində qurulan müşahidə kameralarından görüntülərin internet üzərindən izlənilməsi təmin edilib. Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədi ilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən “STM-16” səviyyəli rabitə kanalları yaradılmış, bundan əlavə Naxçıvan–İran–Bakı istiqamətində yeni “STM-16” səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılmışdır. Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış və onun üzərindən Vayxır, Məzrə, Kərimbəyli, Cəhri avtomat telefon stansiyaları optik arabağlantılarla təmin edilmişdir. Hazırda muxtar respublikada istismar olunan 104 ATS-in 83-ü və ya 80 faizi optik arabağlantılarla mərkəzi stansiyalara qoşulub. Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən, ən müasir “3G” xidmətini dəstəkləyən Yeni Nəsil Telekommunikasiya (NGN ) sistemi istifadəyə verilib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq hazırda Şərur və Sədərək rayonları ərazisində mövcud olan avtomat telefon stansiyaları Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin birinci rübü ərzində sistemin istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan əlavə, Şərur şəhərində müasirtipli, zirzəmisi ilə birlikdə 4 mərtəbəli “Rabitə evi”nin tikintisi başa çatdırılıb. NGN texnologiyası istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə çoxlu sayda servis xidmətlərindən istifadə etmək imkanı verir. Bundan başqa Babək rayonunun Məmmədrzadizə Şahbuz rayonunun Şahbuz kəndində “KAREL DS-200” tipli avtomat telefon stansiyası istifadəyə verilməklə sakinlərin telefon rabitəsinə və multimedia xidmətlərinə çıxışı təmin edilib. 2004-2012-ci ilin indiki vaxtınadək aparılan quruculuq tədbirləri sayəsində muxtar respublikada yeni elektron tipli avtomat telefon stansiyaları və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 25 228 yeni telefon nömrəsi istismara verilib. Hazırda muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 65-dən yuxarıdır. Muxtar respublika ərazisində 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi ümumi yaşayış ərazilərimizin 90 faizini əhatə edən mobil rabitə 500 minə yaxın mobil telefon istifadəçisinə xidmət göstərir.

Naxçıvan Muxtar Respublikasının ümumistifadəli telefon sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud nömrə resurslarının artırılması məqsədilə 01 noyabr 2011-ci il tarixdən muxtar respublikanın rayonları və “Naxtel”in stasionar şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilib. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 4 mb/saniyədən 512 mb/saniyəyə çatdırılmış, Bakı şəhərindən və Türkiyə Respublikasından daxil olan internet kanallarının alternativliyi təmin edilib. Orta ümumtəhsil məktəblərində istifadəyə verilən kompyuterlərin 81,7 faizinin internetə çıxışı təmin edilmişdir. 2010-2011-ci illərdə internet xidmətlərinin tarifləri kartlar üzrə 50-70%, ADSL xidmətləri üzrə 12-14 dəfə aşağı salınıb.


Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010-2012-ci illəri əhatə edən növbəti mərhələ üçün yeni Dövlət Proqramı qəbul edilmişdir. Hazırda Dövlət Proqramında muxtar respublikaya aid edilən vəzifələr həyata keçirilir. Dövlət Proqramında informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-hökumət, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi məsələləri durur.

“Elektron hökumət”in formalaşması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili haqqında” 23-lV FR nömrəli Fərmanı bu istiqamətdə işləri daha da sürətləndirib. Fərmanın müvafiq bəndlərinin icrası üçün metodiki vəsait hazırlanmış, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə kurslar təşkil edilmiş, 71 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilməklə, veb-səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq muxtar respublikada poçt şöbə və bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurulması başa çatdırılıb. DVB-T standartında rəqəmsal televiziya yayımının muxtar respublika ərazisində təşkilinə dair “B&B TV Komminikeyşn” MMC-nin yayımı uğurla davam edir. Hazırda rəqəmsal televiziyanın yayımı bütün Naxçıvanı əhatə edir.

Qısa zaman ərzində böyük uğurlar qazanan Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da qarşıya qoyulan vəzifələri və tapşırıqları layiqincə yerinə yetirəcək.

RƏVAN



Baxış sayı: 1903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024