12px13px15px17px
Tarix:16/07/12

“Azərmarka” şirkətinin 20 illiyi qeyd olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkətinin 20-ci ildönümü münasibəti ilə mərasim keçirilib.Şirkətin prezidenti İntiqam Bağırov "Azərmarka"nın fəaliyyəti barədə məlumat verərək bildirib ki,

1992-ci ildən Azərbaycanın poçt markaları tarixində yeni səhifələr açılıb. Həmin ildən bu günə kimi "Azərmarka" tərəfindən 883 orijinal süjetli poçt markası hazırlanaraq çap olunmuşdur.

Görkəmli şəxsiyyətlərə, arxitekturaya, flora və faunaya, milli mövzuya, nəqliyyata, idmana, kosmosa və digər mövzulara aid 145 milyon 600 mindən artıq ümumi tirajla poçt markası çap olunaraq dövriyyəyə buraxılıb.

Poçt markalarının "Azərbaycan Respublikasının Poçt rabitəsi haqqında" Qanununa uyğun olaraq buraxıldığını deyən İ.Bağırov qeyd edib ki, müvafiq sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır. Buraxılış tematikasında Azərbaycanın görkəmli şəxsiyyətləri xüsusi yer tutur. Bu mövzuda  görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş  12 marka, 9 poçt markası bloku buraxılıb. Poçt markaları vasitəsilə 20 yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası haqqında dünya ictimaiyyətinə məlumatlar çatdırılır.
 
"Azərmarka"nın fəaliyyətini yüksək qiymətləndirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, şirkət   həyatın bütün sahələrində Azərbaycanın  nailiyyətlərini dünya ictimaiyyətinə çatdırır. Poçt markalarından ibarət "İçərişəhər" arxitektura abidələrinə, "Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi"nə, gömrük muzeyinin eksponatlarına və bu yaxınlarda Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə həsr olunmuş kitablar böyük maraqla qarşılanır. 

Şirkətin beynəlxalq sahədə apardığı işlərdən danışan Ə. Abbasov bildirib ki, 20 illik fəaliyyəti dövründə "Azərmarka" 30-dan artıq filateliya sərgisində iştirak edib. Azərbaycan markaları beynəlxalq aləmdə özünün layiqli yerini tutmuşdur. Eyni zamanda, şirkət Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu ilə əməkdaşlıq edir.

Tədbirdə çıxış edən "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Azərbaycan Filatelistlər İttifaqının sədrinin müavini Rövşən Ağayev "Azərmarka" şirkətə uğurlar arzulamışlar.
Mərasimdə Almaniya, Rusiya və Bolqarıstanın nümayəndələri də iştirak etmişlər.

Tədbirdə "Azərmarka" şirkətinin fərqlənən əməkdaşlarına fəxri fərman və mükafatlar təqdim olunmuşdur.
Sonda  "Azərmarka"nın  20 illik yubileyinə həsr edilmiş poçt markalarının dövriyyəyə buraxılması ilə bağlı imzalanma mərasimi keçirilib. Sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və "Azərmarka" şirkətinin prezidenti İntiqam Bağırov imzalamışlar.




Baxış sayı: 1522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024