12px13px15px17px
Tarix:24/07/12

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində elektron xidmətlərin tətbiqi genişləndirilib

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun  2011-ci il tarixli 147 s nömrəli Sərəncamının icrası ilə əlaqədar  müvafiq işlər davam etdirilir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) rəsmi “arxkom.gov.az" saytında xüsusi elektron xidmət bölməsi yaradılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin 2012-ci ilin I yarımilliyi üzrə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, aidiyyəti üzrə göstərilən xidmətin adı (Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi), bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, nümunələr və digər) elektron formaları elektron xidmət bölməsində yerləşdirilib.

Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması təmin edilib.

Göstərilən elektron xidmət üzrə daxil olan və göndərilən bütün sənədlər komitənin rəsmi  “http://arxkom.gov.az/memar@arxkom.gov.az.”  elektron poçtu vasitəsilə həyata keçirilir.

Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək üçün daxil olan ərizə və sənədlərin qəbul edilməsi məqsədilə xüsusi kompyuter ayrılıb. Bütün informasiyanın kompyuterin yaddaşında, kağız və elektron daşıyıcılarda saxlanılması nəzərdə tutulub. Bu işlərin yerinə yetirilməsi üçün məsul şəxs müəyyən edilib.

Eyni zamanda, göstərilən elektron xidmətin  təşkili ilə bağlı komitədə informasiya texnologiyaları həllərinin, o cümlədən məlumat sistemləri, reyestrlər və digər informasiya resurslarının tətbiqinə 2012-2013-cü illər üçün tələb olunan vəsait barədə məlumat Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib.

Komitənin sədri və elektron xidmətlər reyestrinə giriş imkanı üçün  komitənin səlahiyyətli nümayəndəsi elektron imza ilə təmin edilib.

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının icrası ilə əlaqədar göstərilən elektron xidmət üzrə inzibati reqlament elektron xidmət bölməsində yerləşdirilib və elektron xidmət "Elektron Xidmətlər Reyestri"nə salınıb.
 
CAHANGİR




Baxış sayı: 2099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024