12px13px15px17px
Tarix:15/08/12

Ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılmasına başlanılıb

Mərkəzi Bank öz məqsədyönlu fəaliyyəti ilə makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə qoruyur, bank və ödəniş sistemlərinin inkişafını təmin edir. Son 20 il ərzində Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili sahəsində bir çox institutsional islahatlar həyata keçirilib, idarəetmə sistemləri müasirləşdirilib və yeni keyfiyyət mərhələsinə qaldırılıb.

Belə ki, nağd pul idarəetməsinin hüquqi və institutsional bazası inkişaf etdirilərək müasir təcrübəyə uyğunlaşdırılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib. Bankdan bildirilib ki, yüksək təhlükəsizlik standartlarına cavab verən müasir xəzinə infrastrukturları yaradılıb, avtomatlaşdırma səviyyəsi yüksəldilib, biznes proseslər beynəlxalq standartlar uyğun qurulub: "Eləcə də regional idarəetmə sistemləri beynəlxalq təcrübəyə uyğun otimallaşdırılıb, müasir tələblərə cavab verən Regional və Ehtiyat Mərkəzləri yaradılıb.

Mərkəzi Bank nağd pula olan tələbatının ödənilməsi ilə yanaşı, "Tədavüldə təmiz pul siyasəti"ni bəyan etmiş və dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edib. Lakin bütün bunlarla yanaşı, Mərkəzi Bank daima müasirləşmək və yaxın gələcəkdə bankın bütün sahələri üzrə daha effektiv idarəetmə sistemlərinə malik olmaqla ən qabaqcıl ölkələr arasında yer almaq əzmindədir".

Mərkəzi Bankın nağd pul strategiyası hədəflərinə gəlincə, MB bir sıra istiqamətlərdə strateji fəaliyyət prioritetləri müəyyən edib. Belə ki, Mərkəzi Bankın qarşısında duran əsas strateji hədəflərdən biri də "Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması"dır.

Bu çərçivədə qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması və tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq artıq Mərkəzi Bank tərəfindən ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılması, nağd pulun idarə edilməsinin menecment informasiya sistemlərinin, pul nişanlarının müasir dizayn, loqistika və ekspertizası institutlarının, habelə yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılması kimi layihələrin realizasiyasına başlanılıb:

"Eyni zamanda, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin realizasiyasına başlayıb. Mərkəzi Bankın bütün fəaliyyət istiqamətləri kimi nağd pul dövriyyəsi də dinamikada idarə olunur, yeni cağırışlar nəzərə alınmaqla daim təkmilləşdirilir və nağd pul sferasının gələcək inkişafının strateji hədəfi ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olan idarəetmə və tam avtomatlaşdırılmış sistemlər vasitəsi ilə daha effektiv, keyfiyyətli, təhlükəsiz, vaxtında və səmərəli şəkildə ödənilməsinin təmin edilməsidir".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024