12px13px15px17px
Tarix:23/08/12

Kitabxanaların multimedia fondlarının zənginləşdirilməsinə başlanılıb

Azərbaycanda 2013-cü ilə qədər elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların istifadəsinə verilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompyuterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi, kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi kimi çoxsaylı tədbirlər davam etdirilir.

 "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyindən (MTN) bildirilib ki, il ərzində Prezident Administrasiyasından daxil olmuş "Azərbaycan-2020: gələcəyə baxış" Konsepsiyasının Kitabxana-informasiya bölməsinə dair təkliflər hazırlanıb və təqdim edilib.

Təkliflərdə ölkə kitabxanalarının mövcud vəziyyəti, əldə olunmuş nailiyyətlər, kitabxana-informasiya sahəsində qəbul olunmuş Dövlət Proqramı, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, kitabxana-informasiya sahəsində qabaqcıl beynəlxalq təcrübə, 2020-ci ilədək olan dövrü əhatə edən mövcud problemlərin həlli yolları, həyata keçirilməsi zəruri olan tədbirlər, perspektiv inkişaf istiqamətləri və s. öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1. bölməsində kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə (elektron kitablar, CD, DVD) zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Hesabat dövründə kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədi ilə mühüm işlər həyata keçirilib və Dövlət Proqramının icrasına uyğun olaraq layihənin icrasına başlanılıb. Layihə çərçivəsində M.Seyidzadə adına uşaq kitabxana filialı-kitab mağazasında şəhər (rayon) kitabxanalarının multimedia nəşrləri ilə zənginləşdirilməsi məqsədi ilə multimedia resurslarının (CD, DVD, elektron kitab, elektron dərslik) satışı, habelə Azərbaycan və rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilib.

 "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri" barədə Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli qərarına uyğun olaraq şəhər (rayon) kitabxanalarının strukturları təkmilləşdirilib və kitabxanalarda yeni şöbələr (Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-Resurs) və ştatlar (multimedia mütəxəssisi, operator, kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis, sistem inzibatçısı, proqramçı) yaradılıb. 

Nazirliyin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində də əməli işlər həyata keçirilir. Bu məqsədlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilib.

Bundan başqa, nazirlik kitabxana sahəsində beynəlxalq əməkdaşlığı da diqqətdə saxlayıb. Bu istiqamətdə son tədbirlərdən biri kimi, cari ilin 11-17 avqust tarixində Finlandiyanın paytaxtı Helsinki şəhərində "İFLA-2012" Beynəlxalq Kitabxana Konfransı keçirilib. Finlandiya Kitabxana Assosiasiyası, Helsinki şəhər Şurası, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi, habelə Finlandiyanın bütün kitabxanaları tərəfindən dəstəklənən konfransda Azərbaycanı Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil edib.

"Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında həyata keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. məsələlər müzakirə olunub. Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni "know-how" texnologiyalarının və yeni nəşrlərin sərgisi də nümayiş edilib. 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024