12px13px15px17px
Tarix:27/08/12

Kütləvi Ödənişlər üzrə mərkəzləşdirilmiş elektron baza genişləndirilir

Səkkiz Kütləvi Xidmət Müəssisəsi üzrə 277 inzibati xidmət ərazisi əhatə edilməklə, toplam olaraq 7446270 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib. Bu abonentlər istənilən maliyyə qurumunun ödəniş məntəqəsinə, ATM şəbəkəsinə yaxınlaşmaqla və yaxud sistemin internet servis xidmətindən istifadə etməklə borclarını öyrənmək və ödənişlərini aparmaq imkanına malikdirlər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib. Bankdan bildirilib ki, hal-hazırda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulmuş Kütləvi Xidmət Müəssisələrinə ARDNŞ-in “Azəriqaz” İB, “Azərenerji” ASC, “AzərSu” ASC, “BakıElektrikŞəbəkə” ASC, Baş Dövlət Yol Polisi , Dövlət Sosial Müdafiə Fondu,  Sumqayıt RET MMC, Vergilər Nazirliyi daxildir: “Bundan başqa, hazırda 46 maliyyə qurumu üzrə toplam olaraq 1690 filialda real rejimdə ödəniş məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə 2812 bank əməliyyatçısı tərəfindən nağd şəkildə və POS-terminallardan istifadə edilməklə ödəniş kartları vasitəsilə xidmət haqları toplanılır”.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın əsas tədbirlərindən biri kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkişaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olub.

Bu tədbirin icrası məqsədilə Mərkəzi Bank tərəfindən uzun müddət araşdırmalar aparılıb, kommunal xidməti haqlarının yığılması istiqamətində xarici təcrübə öyrənilmiş, bu sahədə mövcud olan informasiya sistemlərinin funksional imkanları analiz edilib. Bütün bu araşdırmaların nəticəsində Milli Ödəniş Sisteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin konsepsiyası hazırlanıb və təsdiq edilib.

Sistemin konsepsiyasının əsas mahiyyəti respublikada fəaliyyət göstərən kommunal və digər kütləvi xidmət təşkilatları üzrə mərkəzləşdirilmiş elektron abonent bazasını yaratmaq, bu abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş məntəqəsində borclarını öyrənmək və ən müasir ödəniş mexanizmləri vasitəsilə ödənişlərini aparmaq imkanı yaratmaqdan ibarət olub: “Qeyd edildiyi kimi, Dövlət Proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində, dünyanın bir çox ölkəsində geniş istifadə olunan “CheckFree i-Series” informasiya sisteminin bazasında yerli tələblərə tam uyğunlaşdırılmış bir sistem yaradılmış və 11 iyul 2008-ci il tarixində istifadəyə verilib”.

Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “Internet Banking”) vasitəsilə  ödəniş aparmaq imkanı yaradılıb: “Sistemə qoşulmuş kütləvi xidmət müəssisələrinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara çatdırılır.

Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya sistemi ilə yaradılmış yüksəksəviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə mərkəzi informasiya bazasına ötürülür. Hal-hazırda sistemdə gündəlik emal olunan sənəd sayı 35-50 min arasında dəyişir”.

Həmçinin respublikada fəaliyyət göstərən “MilliKart” MMC və “AzəriCard “MMC kimi kart prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri bankomat şəbəkəsindən və KÖMİS-in “http://www.apus.az/” internet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumatları ala bilər, ödəniş kartları vasitəsilə ödənişlərini apara bilirlər: “Kommunal xidməti müəssisələri tərəfindən Smart tipli elektron sayğaclardan istifadə edilməsinin geniş yayılmasını nəzərə alaraq, KÖMİS-də bu tipli sayğaclarla xidmət olunan abonentlərdən ödənişlərin qəbul edilməsi üçün sistemin imkanlarının təkmilləşdirilməsi üzrə işlər aparılıb. Layihə bu tipli sayğacların geniş tətbiqi ilə məşğul olan sistemə yeni qoşulmuş “Azərenerji” ASC-nin timsalında həyata keçirilib. “Azərenerji” ASC, həmçinin digər kütləvi xidmət müəssisələrində bu istiqamətdə hazırlıq işləri başa çatdırılan kimi yeni yaradılmış funksionalın real istismarına başlanılacaq".
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024