12px13px15px17px
Tarix:05/09/12

Banklar Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatları real vaxt rejimində elektron formada əldə edə bilərlər

Bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulması prosesi 2012-ci ilin ikinci rübü ərzində də davam edib və müvafiq lisenziyaya malik 27 BOKT-dən 24-nün MKR-ə inteqrasiyası təmin edilib. Dövrün sonuna BOKT-lərin məcmu kredit portfelinin 99 faizi I reyestrin məlumat bazasında qeydə alınıb.

Digər BOKT-lərin isə MKR-ə qoşulması üzrə müvafiq işlər davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib. Bankdan bildirilib ki, MKR-ə qoşulmaq üçün bank və BOKT tələb edilən sənədlər toplusunu hazırlamalı, müvafiq olaraq MKR xidmətinə və Elektron imza üzrə sertifikasiya şöbəsinə göndərməlidir: “Sertifikat almaq üçün Elektron imza üzrə sertifikasiya şöbəsinə veriləcək sənədlərə sertifikat sorğu formasının çap forması, ərizə, təşkilatın etibarnaməsi, şəxsiyyət vəsiqəsinin müvafiq bankın və ya BOKT-nin İnsan resursları idarəsi tərəfindən təsdiq edilmiş surəti daxildir.

Sertifikat əldə etmək üçün “http://e-sign.cbar.az/” saytına daxil olmaq  və müvafiq texniki prosedurlara uyğun olaraq sertifikat sorğu formasını hazırlamaq və çap etmək tələb olunur”. Bankdan bildirilib ki, hesabat dövründə reyestrdən 41 bank və 17 BOKT istifadə edib. Nəzərdə tutulan dövr ərzində 19,392-si BOKT-lər tərəfindən olmaqla, 380,150 sorğu həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (2011, 2 rüb – 235,412) 1.61 dəfə artıb. Hesabat dövründə 363-ü araşdırma məqsədilə olmaqla, 904 (2011, 2 rüb – 595) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1,331,888-ə, kredit məlumatlarının sayı isə 3,449,286-ya çatıb.  MKR-də qeydiyyata alınmış zaminlərin ümumi sayı isə 481,054 olub.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara və haqqında məlumat toplanmış borcalanlara məxsusdur. 1 fevral 2011-ci il tarixindən bank olmayan kredit təşkilatlarının da MKR-ə qoşulmasını nəzərdə tutan “MKR haqqında” qaydalara əlavə və dəyişikliklər qüvvəyə minib.

MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanunla müəyyən edilmiş bank olmayan kredit təşkilatlarının (BOKT), cari və potensial borcalanları haqqında etibarlı məlumatlar almaq, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etmək və bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədilə yaradılıb. Reyestrdə borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır.

Məlumatların tərkibi eyniləşdirmə, kredit və kredit üzrə qoyulmuş girov haqqında məlumatlardan ibarətdir. Bundan əlavə, hüquqi şəxslər üçün mühüm iştirak payı sahibləri və kreditlər üzrə zaminlər haqqında da məlumatlar toplanılır. Reyestrdə məlumatlar ayda bir dəfə hər ayın ilk 4 iş günü ərzində yenilənir. Yeni verilmiş kreditlər isə 2 iş günü ərzində MKR-ə göndərilir. Göndərilmiş məlumatların dəqiqliyinə məlumat təchizatçıları məsuliyyət daşıyırlar. Hər bir şəxsin onun haqqında toplanmış məlumatlardakı qeyri-dəqiq məlumatlardan şikayət etmək hüququ var.

Borcalanlar şikayətləri yazılı formada bilavasitə Mərkəzi Banka təqdim edirlər. Azərbaycanda bank fəaliyyəti ilə məşğul olan bütün banklar, həmçinin haqqında məlumat toplanan borcalanlar MKR-in məlumatlarından istifadə edə bilərlər. Banklar MKR-dən məlumatları real vaxt rejimində elektron formada, borcalanlar isə sorğu əsasında əldə edə bilərlər.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024