12px13px15px17px
Tarix:10/09/12

Xüsusi razılığı (lisenziya) elektron qaydada necə almaq olar?

Maliyyə Nazirliyi elektron yolla Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindən Xüsusi razılığın (lisenziya) verilməsi qaydalarını açıqlayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, lisenziya almaq üçün ərizəçi xidmətə bir sıra sənədləri elektron formada göndərməlidir.

Belə ki, ilk növbədə ərizə (hüquqi və fiziki şəxslər üçün ərizə formaları elektron variantda doldurulur) doldurulmalıdır. Bu zaman ərizəyə əlavə olunan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (hüquqi şəxslər üçün) və ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti skan edilərək elektron formada göndərilir.

Eyni zamanda bu siyahıya ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti, lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd, fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi əlavə edilir.

Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

 Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir.

Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir. Lisenziya 5 il  müddətinə verilir.Müddəti bitmiş lisenziya etibarsız sayılır.
 
Elektron qaydada lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
 
Maliyyə Nazirliyi bildirir ki, lisenziya sahibi lisenziyanın fəaliyyətinin dayandırılması və ləğvi üçün Xidmətə ərizə nümunələrini elektron formada göndərməlidir. Belə ki, xidmət lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanlarına məlumat göndərir.

Yeri gəlmişkən qeyd edək ki, lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

Lisenziya verən dövlət orqanlarının vəzifəli şəxsləri lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Lisenziya verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
 
Lisenziya tələblərinə və şərtlərinə riayət olunması elektron yolla yoxlanılır
 
Xidmət hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edir. Lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə saytda yerləşdirilmiş formada olan məlumatın Xidmətə elektron variantda göndərilməsi yolu ilə həyata keçirilir.

Xidmət hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edir. Lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə saytda yerləşdirilmiş formada olan məlumatın Xidmətə elektron variantda göndərilməsi yolu ilə həyata keçirilir. Xidmətin nəzarət sahəsində lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq, yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək, yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar çıxarmaq, hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək hüququ vardır.
 
Hər il elektron variantda illik hesabat göndərməlidir
 
Maliyyə Nazirliyi bildirir ki, mülkiyyət növündən asılı olmayaraq qiymətli metallar və daşların istehsalı və satışı ilə məşğul olan müəssisələr, təşkilatlar və fiziki şəxslər tərəfindən hər il mart ayının 1-dək Xidmətə elektron variantda illik hesabat göndərməlidir. Statistik məlumatlar elektron qaydada 3 forma üzrə təqdim olunmalıdır. Bunlar “Qiymətli metalların çıxarılması və affinajı haqqında” 1 - qiymətli metal nömrəli forma, “Qiymətli metallar və daşların istehsalı, satışı və qalığı haqqında” 2 - qiymətli metallar və daşlar nömrəli forma, “Cihaz, avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi haqqında” 3 - qiymətli metallar nömrəli formadır.
 
Seymur Qasımbəyli




Baxış sayı: 2778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024