12px13px15px17px
Tarix:19/09/12

Daşınmaz Əmlakın Qeydiyyatı mükəmməl İT sisteminin, ölkənin bütün ərazisini əhatə edən elektron kadastr məlumatlarının hazırlanmasını şərtləndirir

Bakıda Azərbaycan Hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz  Əmlakın  Qeydiyyatı”  layihəsi çərçivəsində ötən müddətdə görülmüş işlər və qarşıda duran fəaliyyətlər mövzusunda tədbir keçirilib. Tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi məqsədi ilə layihənin 5 illiyinə həsr olunub.

 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin məsul işçiləri, Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, Azərbaycanda fəaliyyətdə olan ABŞ-ın “USAİD” təşkilatının, Almaniyanın “KfW” Bankının, İsveçrənin İqtisadi Katibliyinin (SECO) nümayəndələri iştirak etmişlər.

Eyni zamanda “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində komitə ilə əməkdaşlıq edən partnyor təşkilatların (Blom, LEİCA, SK CC, Kutlubey, Daşkad və s.) nümayəndələri də iştirak ediblər.
Dünya Bankının Baş ofisinin layihə üzrə məsul şəxsi Gevin Adlinqtonun sözlərinə görə, Dünya Bankı bu layihənin səmərəli həyata keçirilməsinə xüsusi önəm verir və əhaliyə, mülkiyyətçilərə, əmlak qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin müasirləşdirilməsi, ƏMDK-nın potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirir və tədbirləri nəzarətdə saxlayır.

Lakin qeydiyyat sisteminin müasir standartlar əsasında davamlı inkişafı, həmçinin əhaliyə elektron xidmətlərin göstərilməsi - mükəmməl İT sisteminin, ölkənin bütün ərazisini əhatə edən elektron kadastr məlumatlarının və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin qısa müddətdə hazırlanmasını şərtləndirir. Bu sahədə Azərbaycan hökumətinin və məsul qurum kimi Əmlak Məsələləri Dövlət Komitəsinin səyləri gücləndirilə bilər.  

Tədbirdə həmçinin Azərbaycanda daşınmaz əmlak idarəçiliyində islahatlar və DƏQ layihəsi, “Layihənin İT sistemi: hədəflər və elektron xidmətlər”, DƏQ layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, Mətn məlumatlarının idarə edilməsi və qeydiyyat məlumatlarının mərkəzləşdirilməsi məsələləri mövzusunda müxtəlif təqdimatlar olub. Müzakirələr çərçivəsində bildirilib ki, layihənin həyata keçirildiyi dövrdə ərazi qeydiyyat idarələri üçün əhaliyə müasir xidmət standartlarına uyğun yeni binalar tikilir, mövcud binalar təmir edilir, eyni zamanda ərazi idarələrinin maddi-texniki bazası gücləndirilir.

Bu işlər çərçivəsində DƏDRX-in Xaçmaz, Qəbələ və Lənkəran Ərazi idarələri müasir tələblərə uyğun inşa edilib, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilərək istifadəyə verilib. Hazırda Bərdə və Beyləqan ərazi qeydiyyat idarələrinin binalarının inşası həyata keçirilir. Eyni zamanda komitənin daxili imkanları hesabına Gəncə və Şəki ərazi qeydiyyat idarələrinin binalarının tikintisi başa çatmaq üzrədir.

Yeni binalarda idarəyə müraciət edən vətəndaşlara yüksək xidmət göstərilməsi üçün lazımi iş şəraiti yaradılıb, qeydiyyat prosesinin daha çevik və operativ aparılması üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. İndiyədək kağız formasında saxlanılan mülkiyyət sənədlərinin skanlaşdırılaraq elektron formata keçirilməsinə və elektron arxivlərin yaradılmasına başlanıb. Elektron arxivlərin yaradılması əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsi zamanı vaxt itkisinin tamamilə aradan qaldırılmasına imkan verəcək.

Komitənin ərazi qeydiyyat idarələri müasir informasiya-kommunikasiya avadanlıqları, çöl-ölçmə işlərinin aparılması məqsədi ilə müvafiq cihazlarla təmin edilib. Məsələn, artıq bütün ərazi idarələri ilə mərkəzi idarə arasında elektron şəbəkə qurulub və hər hansı informasiya mübadiləsi bir neçə saniyə ərzində  həyata keçirilir. Bunun sayəsində regiondan hər hansı bir məlumatı mərkəzdə təsdiq etmək əvvəlki kimi bir neçə gün yox, cəmi bir neçə dəqiqə aparacaq.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin imkanları genişləndirilmişdir. Ölkə üzrə bütün ərazi qeydiyyat idarələrini əhatə edən vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılmışdır. İşçilərin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması, xidmət standartlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. ƏMDK-da inzibatçılıq təkmilləşdirilmiş və avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqinə başlanmışdır.

2012-ci ilin may ayından etibarən isə bu layihə çərçivəsində daşınmaz əmlakla bağlı elektron xidmətlərin tətbiqinə - daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbuluna başlanıb. İndi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdirlər.

Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun  elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində  daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi -Vahid Avtomatlaşdırılmış Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi (DƏQKİS) hazırlanır.

Ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artmışdır. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb. Qeydiyyata sərf olunan vaxt azalmış, dövlət reyestrindən məlumatların əldə edilməsi və etibarlılığı əsaslı şəkildə inkişaf etmişdir.
Layihə çərçivəsində daşınmaz əmlakın koordinatlarının dəqiq göstərilməsi üçün  ölkədə daimi fəaliyyət göstərən 37 istinad stansiyası qurulmaqdadır ki, bu ilin sonuna kimi  onlar da tam  istifadəyə veriləcək.

Eyni zamanda DƏQL-ə uyğun olaraq Azərbaycanın 86,6 min m2  ərazisinin 40 min m2 kadastr xəritəsi hazırlanmalıdır. Artıq bu sahədə işlər aparılır. Sumqayıtda kadastr xəritələrinin hazırlanması prosesi başa çatıb, Bakı, Gəncə və Şəkidə isə işlər davam etdirilir. Layihə çərçivəsində ölkə ərazisinin ortofotoxəritələri də hazırlanıb. Azərbaycanın təyyarədən işğal olunmuş ərazilər istisna olmaqla bütün əraziləri, peyk vasitəsilə isə bütün ölkə ərazisinin şəkilləri çəkilib və hazırda ortofotoxəritələr istifadə olunur.

Layihəyə qeyri-qanuni tikililərlə bağlı subkomponent də daxildir. Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun qorunması üçün layihə çərçivəsində xüsusi strategiya hazırlanaraq hökumətə təqdim olunub. Bundan başqa layihə çərçivəsində «Kadastr haqqında» qanun da  hazırlanıb və onun qəbul olunaçağı gözlənilir.

DƏQL çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan digər addım Əmlak Məsələləri Dövlət Komitəsinin biznes planı və strategiyasının  hazırlanmasıdır. Bu sənəddə komitənin bir təşkilat kimi öz qarşısında, eləcə də  dövlət qarşısında qoyulmuş tapşırıqları əks olunacaq.

Daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər və bu prosesin sadələşməsi ölkədə biznes mühitinin yaxşılaşmasına da töhfəsini verəcək. Əhali əmlakını qısa bir vaxt ərzində qeydiyyatdan keçirərək ondan biznes aləti kimi istifadə edə biləcək. Başqa sözlə, əmlakdan istifadədə səmərəlilik qat-qat yüksələcək.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024