12px13px15px17px
Tarix:28/09/12

İşaxtaranlarla bağlı elektron bazada 190 minə yaxın vətəndaş qeydiyyatdadır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin (DMX) işaxtaranlarla bağlı elektron bazasında hazırda təxminən 190 minə yaxın vətəndaş qeydiyyatdadır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov məlumat verib.

Onun sözlərinə görə, bazada işaxtaran kimi qeydiyyatda olanlar sırasında həm ali təhsilli, təhsilsiz, təqaüdçü, hətta işləyənlər də var: “Bu elektron bazada hər kateqoriyadan insan var.

İl ərzində 40-50 min arası vətəndaş bizə iş axtarmaq üçün müraciət edir. Onlardan da 30 minə yaxınını işlə təmin edə bilirik”. 
DMX-nin fəaliyyətində elektron xidmətlərin tətbiqinə yeni başlanıldığını  deyən rəis müavini bu proses üzrə nəticələrin səmərəli olacağına ümid etdiyini deyib: “Əhalinin elektron xidmətlərdən geniş istifadəsi, hansı elektron xidmət növlərinin olması, ondan istifadə qaydaları ilə bağlı  hələ bir müddət maarifləndirmə işləri aparılmalıdır.

Amma bu xidmətlərə keçid qısa zaman olsa da, nəticələrimiz var. Hazırda bizə elektron qaydada ərizələr, müraciətlər daxil olsa da, təəssüflər olsun ki, işsizlərin əksəriyyətinin elektron xidmətlərdən istifadə imkanı zəifdir. Qısa müddətdə elektron xidmətləri əhaliyə çatdırmaq o qədər də asan məsələ deyil, buna illər lazımdır. Buna görə də elektron xidmətlərə keçidin nəticəsi bir neçə il sonra görünəcək”.

Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Xidməti tərəfindən əsasən 6 elektron xidmət yaradılıb və 2012-ci ildən artıq bu xidmətlər fəaliyyətə başlayıb. Həmin xidmət növləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir.

Buraya vətəndaşların məşğulluq xidmətləri ilə bağlı istənilən mövzuda konkret məsul şəxsə və yaxud xidmətin müvafiq strukturuna, bölmələrinə elektron müraciəti, işaxtaranların vakansiya ilə bağlı məlumatlandırılması, müəssisələrin DMX-yə hər ay, rüblük, yarımillik və illik hesabatlarının elektron təqdimatı, vətəndaşların məşğulluğa dair informasiyalarla məlumatlandırılması, eləcə də işsizlik müavinətləri ilə bağlı elektron xidmət daxildir.
 
HƏQİQƏT




Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024