12px13px15px17px
Tarix:05/10/12

Stiv Cobs: “Əgər bu gün mənim həyatımın son günü olsaydı, planlaşdırdığım işləri görmək istərdimmi?”

Görkəmli şəxsiyyət Stiv Cobsun Stenford Universitetinin məzunları qarşısındakı məşhur çıxışı
 
"Bu gün burada dunyanın ən yaxşı universitetlərindən birini bitirməniz münasibətilə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, kollecdən məzun olmamışam. Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Çox deyil, yalnız üç hekayə. İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır.
Mən altı ayın sonunda Reed Kollecini tərk etdim. Lakin ora ilə əlaqəmi tamamilə kəsməyim  daha səkkiz ay çəkdi.
 
Niyə belə etdim?

Mənim doğma anam cavan, nikahsız, universitetdən yeni məzun olmuş bir qadın idi və məni övladlığa vermək istəyirdi. O israr edirdi ki, məni kollec məzunu bir ailəyə övladlığa versin. Belə ki, bir hüquqşünas tərəfindən övladlığa alınacaqdım. Mən doğulmamışdan bir az əvvəl onlar son anda qərar verdilər ki, qız övladı arzulayırlar. Buna görə də gecə vaxtı həmin ailəyə zəng edib gözlənilmədən dünyaya gələn oğlan uşağını  istədiklərini soruşublar. Onlarsa məni istədiklərini bildiriblər. Mənim doğma anam daha sonra bildi ki, mənim analığım kollec məzunu olmayıb və hətta atam heç məktəb belə bitirməyib. Valideynlərim söz vermişdilər ki, məni kollecə göndərəcəklər.

17 il sonra kollecə başladım. Amma seçdiyim bu kollec ən azı Stenford Universiteti qədər bahalı idi və mənim valideynlərimin illərlə qazandığı pullar kollecə hazırlıq üçün xərclənirdi. Altı ay sonra mən bunun bir faydası olmadığı qənaətinə gəldim. Həyatımın necə olacağını bilmirdim. Kollec təhsili mənim həyatıma bir istiqamət vermək üçün hansısa bir rol oynayacaqdımı? Çünki valideynlərimin bütün həyatları boyunca qazandığı pulları boş yerə xərcləyirdim. Mən qərar verdim ki, kollec təhsilimi dayandırım və özümü inandırdım ki, hər şey qaydasına düşəcək. O zaman bu qərarımdan qorxsam da, dönüb geriyə baxanda görürəm ki, bu, həyatımda verdiyim ən düzgün qərar idi. Kollecdən çıxan andan məni maraqlandırmayan dərsləri dayandırdım və məni maraqlandıran dərslərə başladım.

Heç də hər şey romantik deyildi. Yataqxanada otağım yox idi, buna görə də dostlarımın otağında döşəmədə yatırdım. Mən "kola" şüşələrini beş sentə təhvil verirdim ki, yemək alım və həftədə bir dəfə yaxşı yemək yeyə bilmək üçün krişnaid məbədinə piyada təxminən 11 kilometr yol gedirdim. Bunu sevirdim. İntuisiya və marağıma güvənərək öz seçdiyim yolda çəkdiyim əziyyət və qarşılaşdığım çətinliklərin dəyərini sonra anladım.

İzninizlə bir nümunə gətirim:

Reed Kolleci o zamanlar ən yaxşı kalioqrafiya məktəbi hesab edilirdi. Universitet kampusundakı bütün plakatlar, afişalar əl ilə çox gözəl naxışlarla bəzədilmişdi. Universiteti tərk etdiyim üçün məcburi dərsləri oxumaya bilərdim. Ona görə də kalioqrafiya oxumaq qərarına gəldim. Bir sözlə, gözəl naxış vurmağı öyrəndim. Bu o qədər gözəl, tarix və incəsənət baxımından o qədər zərif idi ki, elm bunu ifadə edə bilməzdi.

Bütün bunların həyatımda hər hansı bir təcrübi, tətbiqi əhəmiyyəti olacağına ümid belə yox idi. Ancaq on il sonra biz "Makintoş" kompüterini işləyib hazırlayanda bütün bunlar mənə lazım oldu. Və "Mac" gözəl tipoqrafiyalı ilk kompüter oldu. Əgər kollecdə məni maraqlandıran yeganə kursa yazılmasaydım, "Mac" kompüterləri bir neçə qarnitur və proporsional şriftlərə malik olmayacaqdı. Və "Windows" da "Mac"ın kəşflərindən istifadə etdiyi üçün indi heç bir fərdi kompüterdə bu keyfiyyətlər olmayacaqdı.

Əgər kolleci atıb əvəzində yalnız kalioqrafiya kursunu götürməsəydim, bu gün istifadə etdiyimiz kompüterlərdə olan gözəl tipoqrafiya (klaviatura dizaynı) da olmayacaqdı. Əlbəttə ki, mən kollecdə oxuyanda nöqtələri gələcəyə baxaraq bu cür birləşdirmək qeyri-mümkün idi. On il sonra geriyə baxanda isə hər şey çox aydın görünür.

Bir daha deyirəm: irəliyə baxaraq nöqtələri birləşdirmək mümkün deyil. Siz yalnız dönüb geriyə baxanda onları əlaqələndirə bilərsiniz. Sadəcə, inanmalısınız ki, nöqtələr gələcəkdə nə cürsə birləşəcək. Siz nəyəsə inanmalısınız: xasiyyətinizə, bəxtinizə, həyatınıza - hər nəyəsə. Bu yanaşma məni heç vaxt uğursuzluğa düçar etməyib və həyatımdakı bütün dəyişikliklərə səbəb olub.

Sevgi və itki

Mənim bəxtim onda gətirdi ki, həyatda nəyi etməkdən zövq aldığımı tez müəyyənləşdirdim. 20 yaşım olanda Voz (Red. Söhbət Steven Vozniakdan gedir) və mən valideynlərimin qarajında "Apple"-ı yaratmağa başladıq. Biz çox çalışdıq və 10 il müddətinə "Apple" qarajda çalışan iki nəfərdən 2 milyard büdcəsi və 4000-dən artıq işçisi olan şirkətə çevrildi. Bir il keçməmişdi yaratdığımız ən mükəmməl ixtiranın – "Makintoş"un təqdimatından.

Onda mənim 30 yaşım var idi. Və sonra mən işdən çıxarıldım. İnsan özünün yaratdığı bir şirkətdən necə qovula bilər? Belə ki, "Apple" böyüdükcə işə bacarığına inandığım bir nəfər götürdük ki, şirkəti mənimlə birlikdə idarə etsin. İlk vaxtlar her şey yolunda idi. Ancaq sonralar məlum oldu ki, bizim gələcəyə doğru baxışlarımız fərqlidir və zamanla ayrıldıq. Bu baş verəndə idarə heyəti onun tərəfini tutdu və mən 30 yaşımda kənarlaşdırıldım. Bu, ictimaiyyətdə də əks-səda doğurdu. Mənim bundan sonrakı həyatımın mənası və məqsədi itdi.

Mən  ilk aylar nə edəcəyimi bilmirdim. Mən hiss edirdim ki, özümdən öncəki sahibkarların mənə ötürdüyü vəzifə və imkanları puç etmişəm. Mən David Packard və Bob Noyceyla görüşdüm və etdiyim səhvlərə görə üzr istəməyə çalışdım. Mən ictimaiyyətin gözündə məğlub bir adam idim və hətta buralardan qaçıb getməyi də düşünürdüm. Ancaq nə isə bir şey məni saxlayırdı — mən hələ də əvvəlki işimi sevirdim. "Apple"-da heç nə bir az da olsun irəliyə doğru dəyişmirdi. Mən qovulmuşdum, amma hələ də sevirdim o işi. Və yenidən başlamağa qərar verdim.

O vaxtlar belə yanaşmırdım, indi isə görürəm ki, "Apple"-dan qovulmağım indiyə kimi başıma gələn ən yaxşı şeydir. Uğurun ağırlığı yenidən başlayan adamın rahatlığı ilə əvəz olundu: daha da skeptik oldum. Bu, həyatımın ən yaradıcı dövrünə başlamaq imkanı yaratdı.

Növbəti beş ildə mən "NeXT" və "Pixar" adlı şirkətlər qurdum və gələcəkdə mənim həyat yoldaşım olacaq gözəl bir xanıma vuruldum. "Pixar" dünyanın ilk animasiya filmini – "Toy Story"-ni (Oyuncaq Hekayəsi) hazırladı və bu gün "Pixar" dünyada ən uğurlu animasiya filmi studiyası hesab olunur. Vəziyyət elə qəribə surətdə dəyişdi ki, "Apple" "NeXT"-i satın aldı və mən "Apple"-a yenidən döndüm. Bizim "NeXT"-də inkişaf etdirdiyimiz texnologiya bu gün "Apple"-ın özəyini təşkil edir. Bütün bunlarla yanaşı, Laurin  və mən  birlikdə gözəl həyat qurduq.

Mən əminəm ki, əgər "Apple"-dan atılmasaydım, bunların heç biri baş verməzdi. Bu, xoşagəlməz dad verən bir dərman idi, lakin xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizə daş atır, o da düz başımıza dəyir. Ancaq inamınızı heç vaxt itirməyin. Mən inanıram ki, məni həmişə yoluma davam etməyə vadar edən şey gördüyüm işi sevməyim və buna inanmağım olub. Siz nəyi sevdiyinizi, nəyi etməkdən məmnun olduğunuzu tapmalısız. Sizin gördüyünüz işə olan sevginiz sevdiyiniz insana olan məhəbbətiniz qədər həqiqi olmalıdır. Sizin işiniz həyatınızın böyük bir qismini təşkil edir və bundan məmnun qalmağın yeganə yolu onun doğruluğuna inanmağınızdır. Və doğru şeyi edib yaxşı bir şey yaratmağın da yeganə yolu işinizi sevməkdir. Əgər bunu hələ də tapmamısınızsa axtarışa davam edin. Sevmədiyiniz işə özünüzü məhkum etməyin. Siz nə etmək istədiyinizi tapanda qəlbinizdə hiss edəcəksiniz. Və yaxşı münasibətlər kimi illər otdükcə hər şey daha da yaxşı olacaq. Belə ki, istədiyinizi tapana qədər axtarışa davam edin, təslim olmayın.

Olum və ölüm

Mən 17 yaşımda belə bir aforizm oxumuşdum: Əgər siz həyatınızın hər gününü son günüymüş kimi yaşasanız, yanılmayacağınızdan əmin ola bilərsiniz. Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: Əgər bu gün mənim həyatımın son günü olsaydı, planlaşdırdığım işləri görmək istərdimmi? Cavab isə hər dəfə "xeyr" olanda mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürdüm ki, həyatımda dəyişiklik etməliyəm.

Haçansa öləcəyimi həmişə xatırlamaq həyatımda ən vacib qərarları verməyimdə hər zaman mənə kömək olub. Çünki hər şey - bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu - bunlar hamısı ölümün kölgəsində yox olub gedir və geriyə yalnız həqiqətən vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir. Sən onsuz da çılpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur.

Təxminən 1 il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı vəzimin müayinəsi olundu və şiş müəyyən edildi. Mən heç mədəaltı vəzinin nə olduğunu bilmirdim. Həkim bunun bir növ sağalmayan xərçəng şişlərindən olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Mənə evə getməyi və münasibətlərimi yoluna qoymağı məsləhət verdi (həkimlərdə bu qısa olaraq "ölməyə hazırlaş" mənasını daşıyırdı). Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indicə deməliydim, 1-2 ay ərzində. Yəni ki, hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni əlvida söyləməliydim.

Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər. Mən yatmışdım, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim mikroskopla o hüceyrələrə baxanda ağlamağa başladı; bu mədəaltı vəzi xərçəng şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki, indi yaxşıyam.

Bu, ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölumə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki bir az faydalı, eyni zamanda sırf uydurulmuş bir anlayış idi.

Heç kəs ölmək istəmir; hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir.  Lakin bununla belə, ölüm hər birimizin bölüşdüyü taledir. Bu taledən heç kəs heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə və ən yaxşı kəşfidir. Bu, həyatın dəyişmə nöqtəsidir – köhnəni silir ki, yenisi üçün yer açsın. Hal-hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz. Dramatikləşdirdiyim üçün üzr istəyirəm, ancaq bu həqiqətdir.
 
Sizin zamanınız məhduddur – bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsiylə yaranmış doğmaların tələsinə düşməyin. Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin.  İntuisiyanız və hissləriniz artıq sizin həqiqətən kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir.


GÜLNAR



Baxış sayı: 2377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024